Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər sağlam həyat tərzini seçir” devizi altında basketbol üzrə turnirin final mərhələsi keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev, “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin məsul əməkdaşı Şahin Verdiyev və Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildiriblər ki, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilməlidir. Kütləvi idman tədbirlərinin keçirilməsində də əsas məqsəd cəmiyyətdə, xüsusilə də gənclər arasında zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.
Qeyd olunub ki, basketbol üzrə turnir də bu qəbildən olan tədbirlərdəndir.
Bildirilib ki, 12 oktyabrda başlanan turnirdə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), AzTU, Bakı Biznes Universiteti, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandaları mübarizəyə aparıblar.
Turnirin final mərhələsində BDU və AzTU komandaları qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən final oyununda AzTU komandası birinci hissədə 36:13, ikinci hissədə isə 52:28 hesablı qələbə qazanaraq turnirin qalibi olub.
Sonda qaliblər və turnirin bütün iştirakçıları təltif olunublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.