Son dövrlər istər himayəyə, istər övladlığa uşaq götürmək üçün dəstək xahişi ilə çox müraciətlər alıram. Maarifləndirmə zəif olduğu üçün vətəndaşlar hansı quruma müraciət edəcəklərini, hansı sənədlərin lazım olacağını bilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini Hidayət Abdullayevin tədbirlərin birində verdiyi açıqlama duqqətimi çəkdi, daha ətraflı məlumat üçün Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbovdan ətraflı məlumat aldım. F.Talıbov qeyd etdi ki, ötən illərdə ölkə başçısı İlham Əliyev tərəfindən övladlığagötürmə sahəsində əhəmiyyətli işlər görülmüşdür. Prezident İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən 1 noyabr 2019-cu il tarixindən etibarən övladlığagötürmə sahəsində dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması və s. tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası istiqamətində övladlığagötürmə sahəsində Nazirlik tərəfindən bir sıra innovativ tədbirlər görülmüş və əhatəli tətbiq sistemi qurulmuşdur. Statistik məlumatlara əsasən
1 noyabr 2019-cu il tarixindən 1 oktyabr 2022-ci il tarixinədək ümumilikdə 322 uşaq övladlığa verilmişdir. “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı isə uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsinə imkan yaratmaqla, uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açmışdır.
Sözügedən Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsi
2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. “Himayədar ailə” institutu beynəlxalq təcrübədə uşaq qayğı sisteminin ən geniş yayılmış növlərindən biridir. Bu model uşaqların dövlət müəssisələrində yaşamasının alternativ variantı kimi onların himayədar ailələrə verilməsini, ailə mühitində yaşamalarına şərait yaradılmasını nəzərdə tutur.
Himayədar ailə olmaq istəyən ailələrin və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılmasını, valideyn himayəsindən məhrum uşaqların onlar üçün müəssisələrdə yerləşdirilməsini, həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbulunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək, həmçinin sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görəcəkdir.
Qeyd edim ki, övladlığa götürmədən fərqli olaraq "Himayədar ailə" daimi deyil, müvəqqəti alternativ ailə qayğısıdır. "Himayədar ailə” olmaq istəyən şəxslər bilməlidilər ki, bu, qanunvericilik əsasında həyata keçirilən prosesdir, Ailə Məcəlləsi ilə tənzimlənəcək.
Övladlığa götürmə ilə bağlı qaydalarla növbəti həftə sizi tanış edəcəm.Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.