AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Köhnə təfəkkür, görünməyən istedad, ictimai qınaq...

  • + A
  • - A
  • 2-12-2022, 19:38

    Köhnə təfəkkür, görünməyən istedad, ictimai qınaq...

    Azərbaycan cəmiyyəti bütün yeniliklərə vaxtında reaksiya verməyi bacarır. Bizim bəxtimiz onda gətirib ki, cəmiyyətimiz hələ vicdanını itirib, hər şeyi pula satan cəmiyyətə çevrilməyib. Bəzi eybəcərliklərə qarşı kütləvi etirazlar kənardan kampaniya xarakterli hərəkətlər kimi görünə bilər. Hətta bəzi sosialoqlar və psixoloqlar bu hərəkətləri kütlə düşüncəsi adlandırırlar. Ancaq bütün eybəcərliklərə qarşı bu cür kütləviliyin təşkil edilməsi cəmiyyəti geriyə yox, inkişafa aparır. Əgər eybəcərliklərə etiraz üçün cəmiyyətin yol xəritəsi olsa, qısa zamanda ölkədəki eybəcərliklərin əksəriyyəti aradan qaldırılar. Sosialoqlar bunun üçün cəmiyyətin xarakterini, baş verən proseslərə reaksiyasını öyrənir, ona görə cəmiyyətin hansı yollardan keçəcəyini müəyyənləşdirirlər. Düzdür, o cəmiyyətlərdən danışırıq ki, illərdir hakimiyyət və müxalifət savaşının ortasında qalmasın. Amma təəssüf ki, bizim cəmiyyətdə iqtidar və müxalifətin heç bir ortaq dəyərləri yoxdur. Ona görə də bir-birlərini linç etmək üçün hələ də hər iki tərəf pulla troll ordusu saxlayır.
    Cəmiyyət və onun problemləri indiki məqamda nə hakimiyyətin, nə də müxalifətin vecinədir. Birinin məmurları maxinasiya və korrupsiya ilə məşğuldursa, digəri xarici şəbəkələr və fondlar vasitəsilə pul qazanır. Bunu cəmiyyətin əksəriyyəti bilir. Hər iki tərəfə inamını itirən cəmiyyət həm hakimiyyətdən, həm də müxalifətdən küskündür. Onlardan nəsə gözləmir, hər addımda etiraz etməyə, linç etməyə çalışır. Çünki ölkədə cəmiyyətin problemlərini, istəklərini dilə gətirən, bəzi məsələlərdə iqtidar və müxalifət həmrəyliyini ortaya qoyacaq bir qüvvə yoxdur. Cəmiyyətin ən istedadlı, təhsilli, bacarıqlı və abırlı ziyalıları bir kənara çəkilib seyrçi mövqeyindədirlər. Meydanlarda çaqqal ulartısından qulaq tutulur. Ölkədəki hansı ictimai quruma nəzər salırsan, görürsən ki, orda savadsız, istedadsız və həddindən artıq həyasız adamlar at oynadır. Ona görə də, hər kəs əzbər bilir ki, bu ölkədə bağıra bilməsən, vay-şivən salmağı bacarmasan həyatın məhv olacaq. Əgər sənin istedadın Albert Eynşteyndən də yüksəkdirsə, yenə lazımsız adama çevriləcəksən. Ya hakimiyyətin, ya da müxalifətin trolu olmalısan, başqa yolun yoxdur. Əgər hakimiyyətdəki ən axırıncı məmuru azacıq tənqid etsən, alnına müxalifətçı damğası vurulacaq. Yox əgər 30 ildə hakimiyyətə gələ bilməyib, xalqı aldatmaqla məşğul olan müxalifəti tənqid etsən, müxalifət trollarının Qabil səviyyəsində söyüşləri ilə üz-üzə qalacaqsan. Hansı variant olur-olsun həm özünü, həm şərəfini və ləyaqətini qorumalı, gələcəyə elə addımlar atmalısan ki, sonra səni də linç edib söyüş obyektinə çevirməsinlər. Bunun üçün də ən yaxşı variant Əlisa Nicat kimi yox olmağı seçməkdir. Amma yox olmağı seçəndə də 100 kitabın, 100-lərlə elmi, publisistik məqalənin müəllifi olsan da acından ölməyə məhkum edilirsən. Nə Yazıçılar Birliyinin, nə Mətbuat Şurasının və ya hər hansısa jurnalistlər birliyinin, nə də hansısa partiyanın üzvü ola bilmirsən. Çünki bu qurumlara və ya hansısa partiyaya üzv olma məsələsi Azərbaycanda hələ də köhnəlmiş Sovet təfəkkürü səviyyəsindədir. Məsələn, mən 2004-cü ildə halla-halla ilə Yeni Azərbaycan Partiyasının üzvü oldum. Hələ o vaxtdan bir dəfə də bu partiyanın üzvü olmağım kiminsə yadına düşməyib. Heç soruşan olmayıb ki, bəlkə partiyanı dəyişmisən? Bu hal təkcə Yeni Azərbaycan Partiyasına aid deyil, bütün partiyalar eyni vəziyyətdədir. Eyni hal digər qurumlarda da yaşanır. Məsələn, Yazıçılar Birliyinə üzv olmaq üçün, Birliyin sədrinə müraciət etməlisən, onlar guya səni araşdırmalıdırlar, sonra sən o Birliyə üzv ola bilərsən, ya yox, qərar verməlidirlər. Niyə? Yazıçılar Birliyinin 2800 üzvü məgər bütün cəmiyyətin tanıdığı yazıçı və şairlərdir? Əgər elədirsə niyə o Birlikdə yazar kimi qəbul etdiklərimizin heç birinin adına rast gəlmiirik? Harda yaltaq, ordan-burdan köçürmə ilə məşğul olan, azad fikri olmayan adamlar var doldurublar Yazıçılar Birliyinə, say coxaldıblar. Bəzi məsələlərdə etiraz edənlər ya Birlikdən qovulub, ya da onlara münasibəti qurultayda gördük. Eyni məsələni Mətbuat Şurası haqqında da demək olar. Azərbaycan ədəbiyyatında və mətbuatında külüng vuran Əlisa Nicat niyə vaxtında nə Yazıçılar Birliyinin, nə də Mətbuat Şurasının yadına düşmədi? Ona görə ki, köhnə təfəkkürdən qurtula bilməyiblər. Hələ də partiyalar formasında formal proseslərin dalınca qaçırlar. Bu da xalqın gözündən yayınmır. Bu gün Əlisa Nicata görə, sabah Elmar Hüseynova görə, birisi gün də digər birinə görə cəmiyyət Sizi ictimai qınağa qonaq edib, linç edəcək! İndidən buna hazır olun!

    Elmar Hüseynov







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR