"CineMastercard" kinoteatrında Walt Disney Pictures studiyasının elmi-fantastik janrda çəkdiyi "Tron: Ares" filminin səbirsizliklə gözlənilən premyeradan öncə nümayişi baş tutub.
Nümayiş ən müasir ScreenX formatında keçirildi. Bu formatda görüntü eyni vaxtda üç ekranda - mərkəzi və iki yan ekranda təqdim olunur.
Filmin rejissoru Yoakim Rönninqdir. Bu ekran əsəri "Tron: İrs" filminin davamı olmaqla, "Tron" franşizasının üçüncü tammetrajlı layihəsidir. Baş rollarda Cared Leto, Evan Piters, Greta Li yer və Ceff Brices alıblar.
Süjet tamaşaçıları real hisslərə malik virtual varlıqların yaşadığı kiberkainata aparır. Bu rəqəmsal dünyada diktatura hökm sürür, qladiator döyüşləri keçirilir və köhnə rəqibin geri qayıdışı oyunu daha təhlükəli qaydalarla yenidən başladır.
Tədbir, kult "Tron" kainatının ruhunu əks etdirən, rəqəmsal texnologiyalar və vizual möhtəşəmliklə zəngin unikal hadisənin tərkib hissəsi oldu.
Qapalı nümayişdə dəvət olunan xüsusi qonaqlar, tanınmış simalar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Nümayişdən əvvəl baş tutan əsas hadisə zalda keçirilən lazer şou oldu.
Məkan işıq, ritm və tüstü ilə doldu, onların arasından lazer şüaları parlayırdı.
Dinamik vizual səhnələşdirmə, musiqi və xüsusi effektlərlə tamamlanaraq, şounu filmin təsirli başlanğıcına - "Tron: Ares" dünyasına əsl səyahətə çevirdi.
Tamaşaçılar "CineMastercard" kinoteatrlar şəbəkəsində "Tron: Ares" filmini türk, ingilis və rus dillərində izləyə biləcəklər. Bundan əlavə, film 4DX və ScreenX formatlarında da təqdim olunur. Bu texnologiyalar ekranda baş verənləri daha real hiss etməyə imkan verir və izləmə təcrübəsini maksimum dərəcədə həyəcanverici edir.