Araşdırmaçı jurnalist Elmar Hüseynov yazır...Hüquq-məhkəmə sisteminin çöküş yaşadığı Azərbaycanda bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclasın gündəliyində İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı təkliflər öz əksini tapıb. Analoqu olmayan dəyişikliklər isə aşağıdakılar olub:
Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozanlar 1000-1500 manat cərimələnəcək.
Jurnalistin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 300-600 manat cərimələnəcək.
Analoqu olmayan bu qanun Azərbaycanda jurnalistikaya olan münasibətin bariz nümunəsidir.
Söz və mətbuat azadlığına qarşı çıxmağın, azad sözü əngəlləməyin cəriməsi 300-600 manat, amma verdiyi xəbərə düzəliş etməyən, təkzibi gecikdirən, təkzib mətnində gedən texniki yanlışlığa görə media subyektinin isə bundan üç dəfə çox cəzalanması isə yalnız Azərbaycanın hüquq-məhkəmə sistemində mümkündür.
Maraqlısı da budur ki, pul müqabilində jurnalistlərə məqalə yazdıran deputatlar bundan çox razıdır.
İndi isə həmin komitəyə sual olunur:
Ciddi olaraq bu dəyişiklikləri edəndə heç olmasa keçmiş jurnalist, indi isə deputat olanlardan bu dəyişikliklərlə bağlı nəsə soruşdunuzmu, məsləhətləşmələr apardınızmı? Heç olmasa Milli Məclisdə təmsil olunan jurnalistlərlə bu qərarları müzakirə etmisiniz?
Yoxsa, məqsədiniz Azərbaycan jurnalistikasını da məhv etdiyiniz hüquq-məhkəmə sisteminin kökünə salmaqdır? Azad sözü inkişaf etdirmək istəyirsiniz, bu qərarla azad sözdən qorxduğunuzu göstərirsiniz?
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.