Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda “Mənim Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində intellektual turnir keçirilib.
Quba rayon Alekseyevka kənd tam orta məktəbində təşkil olunan turnirdə Quba rayonunun müxtəlif təhsil müəssisələrində çalışan gənc müəllimlərdən, yuxarı sinif şagirdlərindən, fəal gənclərdən ibarət 10 komanda tərkibində 60 nəfər mübarizə aparıb.
Rəsmi hissədə çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bu layihəyə dəstək verdiyinə görə Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirib, Quba rayonunda turnirin keçirilməsinə şərait yaratdığına görə Quba Rayon İcra Hakimiyyətinə, Quba Rayon Gənclər və İdman İdarəsinə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektoruna minnətdarlığını ifadə edib. Bu layihənin keçirilməsində əsas məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, gənclər arasında intellektual oyunların həyat tərzinə çevrilməsinə dəstək vermək, eyni zamanda Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, ədəbiyyatının gənclər arasında təbliğinə nail olmaq olduğunu bildirib.
Rəsmi hissədə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Əhməd Nurullayev qeyd edib ki, bu kimi yarışlarda iştirak etmək həm şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişaf etdirilməsi baxımından önəmlidir, həm də biliklərin artırılması, yeni məlumatların əldə edilməsi, məntiqi təfəkkürün inkişaf etdirilməsi baxımından vacibdir. Bu səbəbdən də Quba rayonunda bu əhəmiyyətli layihənin icra edilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.
Rəsmi hissədən sonra start verilən yarışın qalibi adını Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin müəllim və şagirdlərdən ibarət “T-Team” komandası qazanıb. Quba rayonu Küsnətqazma kənd ümumi orta məktəbinin “Evil Geniuses” komandası turnirin ikinci, Quba rayonu Alpan kənd tam orta məktəbinin “Alpan” komandası üçüncü mükafatın sahibi olub. Hər üç komanda yarışın əsasnaməsinə uyğun olaraq topladıqları yüksək xala görə Quba rayonunda keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə edib.
Yekunda qalib və mükafatçılar kubok, diplom, medal və bədii ədəbiyyat nümunəli kitablarla təltif ediliblər.
Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarında da seçim turları keçirilib. Nəticələrə əsasən Siyəzən şəhər 2 nömrəli tam orta məktəbinin müəllim və şagirdlərdən ibarət “Müşfiq” komandası, Şabran şəhər 3 nömrəli tam orta məktəbinin müəllim və şagirdlərdən ibarət “Samir” komandası, Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbinin müəllim və şagirdlərdən ibarət “Turan” komandası, Qusar rayonu Bədirqala kənd ümumi orta məktəbinin “Yurdum” komandası və Qusar şəhər 1 nömrəli tam orta məktəbinin “Zəfər” komandası Quba rayonunda keçiriləcək final mərhələsində iştirak etmək haqqı qazanıb.