Başa düşmürlər, gizlətməyə çalışırlar, biganə yanaşırlar, yazırsan görmürlər, çəkib şəkilləri paylaşırsan görməzdən gəlirlər. Sanki yüksək vəzifədə oturan məmurlar tariximizin məhv olmasından zövq alırlar. Alban tariximizi, Alban kimliyimizi gizlədib bizim qədim tarixi yox etməyə çalışırlar. Ermənilər Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrlarını erməni abidələri kimi qələmə verirlər. Kimlərsə də bu abidələrin göz önündə dağılmasına biganə qalaraq ermənilərə gizli kömək edirlər. Sanki göstərməyə çalışırlar ki, biz bura gəlmə xalqıq, bu abidələr bizə aid deyil. Yanılırsız cənablar, yanılırsız, bütün əlimizdə olan tarixi faktlar Azərbaycandakı bütün alban xristian abidələrinin xalqımızın mədəni irsinə aid olduğunu sübut edir.
Alban mədəniyyəti Azərbaycan mədəniyyətinin bir parçasıdır. Başlanğıcıdır. Xristianlığı qəbul etmiş, amma türk kimliyini qoruyan mədəniyyətimizin bir hissəsidir.
Şəkildə gördüyünüz bu qədim abidə, Alban kilsəsinin qalıqlarıdı. Bideyiz məbədi - Şəki rayonun Bideyiz və Baş Küngüt kəndləri yaxınlığında yerləşən alban kilsəsidir. Kilsə şirindaşdan inşa edilmişdir. Yarımdağılmış vəziyyətdə olan kilsə vaxtilə yarımdairəvi tağ formalı örtüyə malik olmuşdur. Kilsənin interyeri arka və nişlərlə bəzədilmişdir. Apsidanın şimal tərəfində kiçik köməkçi tikili yerləşir. IV-V əsr alban kilsələri üçün xarakterik olan bu xüsusiyyət Bideyiz məbədinin ornament və freskalarına görə, memarlıq üslubuna görə türk mədəniyyətinin bir parçası olduğunu sübut edir. Üsluba görə daha çox iskit tayfasına məxsus olduğunu ehtimal edirəm. Qədim iskitlər bura Tanrıya ibadət edirdilər. Şamanlar burda rituallar icra ediblər.
Kilsənin dağılmasına baxmayaraq onun pəncərə və qapılarının Günəşə baxması göstərir ki, bu məbədin tikilməsi zamanı xristian dininə məxsus olsa da, memarlıq türk kimliyinin əsasında qurulub.
Bideyiz məbədinin inşasında dağ daşlarından və əhəng məhlulundan istifadə edilmişdir. Həcmcə çox da böyük olmayan bu məbəd tipik alban - xristian-türk memarlığından xəbər verir.
Bu kilsənin altında yeraltı yol var. Çox nadir məbədlərdən biridir ki, yeraltı tunellər vasitəsilə bura gediş gəliş mümkün olub. Məbəd ərazisində olmuş nekropollar göstərir ki, burada rahiblər dəfn edilib. Bir neçə sərdabənin də qalıqları var yaxınlıqda.
1986-cı ildə Bideyiz məbədi qeydə alınmış və tədqiqata cəlb edilmişdir. Ancaq təmir və bərpa etmək bu günə qədər icra edilməyib.
Mədəniyyət Nazirliyi, unutmayın,Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.
Heç olmasa buranı hasara alın, üstünə məlumat qoyun. Uçmuş tavanın bərpa edin. Edin. Bu sizin işinizdir.
Zaur Əliyev, dosent