AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

  • + A
  • - A
  • 23-04-2024, 22:05

    BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar


    Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib.
    Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Azərbaycanda müəlliflik hüququ: tarix, ənənə, təcrübə” mövzusunda məruzə edib. Tədqiqatçı əvvəlcə Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin irsində kitab, müəllif, müəllif hüququ anlayışlarını özündə əks etdirən nümunələri səsləndirib. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün meydana gəlməsi haqqında məlumat verib.

    Azərbaycanda müəlliflik hüququ ənənələrinin uzaq dövrlərə gedib çıxdığını bildirən məruzəçi “Kitabi-Dədə Qorqud” dastanının buna ən yaxşı nümunə olduğunu qeyd edib. Dastanda Dədə Qorqudun hər boydakı əhvalatların sonunda söz söyləməsini tarixi abidəyə öz möhürünü vurması kimi səciyyələndirib. Bu ənənənin sonralar istər aşıq yaradıcılığında, istərsə də klassik yazılı ədəbiyyatda şeirlərin son bənd və son beytlərindəki möhürbəndlə davam etdirildiyini xatırladan Knyaz Aslan bütün bunların müəlliflik hüququ anlamına uyğun gəldiyini söyləyib.

    Məruzədə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə hər il keçirilən tədbirlərdə müəlliflərin, kitab ticarətçilərinin, nəşriyyat şirkətlərinin, rəssamların, tərcüməçilərin iştirak etdiyi, bu tədbirlər vasitəsilə keçmişlə gələcək arasında varislik əlaqəsinin yaradıldığı, nəsillərin və mədəniyyətlərin inteqrasiyasının bütövlükdə bəşəriyyətə xidmət etdiyi vurğulanıb.

    Məruzədə bu əlamətdar günün ölkəmizdə 1997-ci ildən başlayaraq qeyd olunduğu xatırladılıb. Bildirilib ki, ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, eyni zamanda müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində beynəlxalq konvensiya və müqavilələrə qoşulub. Ölkəmizdə bu sahədə hüquqi baza formalaşdırılıb, Ulu Öndər Heydər Əliyev tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanıb.

    Tədqiqatda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti geniş şərh edilib, bu sahədə dövlət siyasəti barədə məlumatlar diqqətə çatdırılıb.

    Elmi seminar müzakirələrlə davam etdirilib, məruzəçiyə çoxsaylı suallar ünvanlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR