AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli ideoloji araşdırmaları ilə tanınan alim

  • + A
  • - A
  • 24-04-2024, 00:47

    Milli ideoloji araşdırmaları ilə tanınan alim

    Aprel ayının 25-i filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Əlif oğlu Albalıyevin 55 yaşı tamam olacaq.
    Şakir Əlif oğlu Albalıyev 1969-cu ildə Cəbrayıl rayonunun Dağtumas kəndində dünyaya gəlmişdir. 1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1989 - 1995-ci illərdə Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsində “Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil almışdır.
    Hələ tələbə ikən, 1992-ci ildə I Qarabağ müharibəsinə qatılmış və Cəbrayıl, Füzuli rayonları uğrunda döyüşlərdə iştirak etmişdir.
    2006-ci ildə “Azərbaycan məişət nağıllarında şah obrazı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2011-ci ildə dosent elmi adına layiq görülmüşdür.
    Bir sıra yerli və xarici elmi əsərlərin müəllifi olan Şakir Albalıyev “Qızıl qələm”, “Ömər Faiq Nemanzadə”, “Araz” mükafatları laureatıdır, “peşəkar jurnalist” fəxri adına layiq görülüb.
    “Azərbaycan məişət nağıllarında şah obrazı” (Bakı, Təknur, 2008), “Sədnik Paşa Pirsultanlı poeziyasına bir baxış” (Gəncə, Pirsultan, 2011), “Sona Xəyal yaradıcılığına bir baxış (MBM, 2011), “Özüm, Taleyim, Tanrım” (Bakı, Elm və təhsil, 2012), “Cəbrayıl rayonunun toponimləri (ensiklopedik məlumat kitabı)” (Bakı, Təknur, 2014, həmmüəlliflər: Atəş Verdiyev, Çapar Kazımlı), “Cəbrayıllı milli qəhrəmanlar” (Bakı, Təknur, 2019), “Azərbaycanda doğum mərasimi: funksiyası və semantikası” (Bakı, Elm və təhsil, 2020), “Xalq bayramları probleminin nəzəri əsasları və Novruz” (Bakı, Təknur, 2020) kitablarının müəllifidir.
    Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Şakir Albalıyev “Tərəqqi” medalı ilə təltif edilmişdir.

    2009-cu ilin yanvar ayından “Xudafərin” qəzetinin baş redaktoru olan Şakir müəllim müasir dövrümüzdə bir sıra ictimai-sosial problemlərin mətbuatda işıqlandırılmasına vasitəçi olmuşdur.
    Azərbaycan Milli Elmlər Akademiyasının Folklorşünaslıq İnstitutunun “Mifologiya” şöbəsinin aparıcı elmi işçisi Şakir Albalıyevin əsərlərində Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutan folklor nümunələrinin ritual-mifoloji semantikası, yaradılış simvolikasının vahid etnokulturoloji sistemdə yeri, bayramların etnososial birgəliyin qorunmasında rolu və d. problemlərin tədqiqinə geniş yer verilmiş, bir sıra elmi yeniliklər təqdim edilmişdir.
    6 mart 2024-cü ildə Şakir Əlif oğlu Albalıyevin filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Azərbaycan xalq bayramlarının ritual-mifoloji əsasları və etnokulturoloji semantikası” (5719.01- Folklorşünaslıq) mövzusunda dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi seminarında müzakirə edilmişdir. Seminar iştirakçılarının ümumi qərarına əsasən, tədqiqat işi yüksək qiymətləndirilmiş və növbəti mərhələyə keçirilməsi üçün təsdiq edilmişdir.
    Filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Əlif oğlu Albalıyevi ad günü münasibətilə təbrik edir, sağlamlıq və yeni yaradıcılıq uğurları arzulayırıq.


    Aygün Məmmədova,
    tarix üzrə fəlsəfə doktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR