Ölkəmizdə səfərdə olan Keniya Respublikasının Baş nazirinin müşaviri Karaqo Cozef Maquanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi vurğulanıb. Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi bildirilib.
Görüş zamanı tərəflər arasında “ASAN xidmət” təcrübəsinin paylaşılması və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığın qurulması istiqamətində işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlinib.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət və “ABAD”ın fəaliyyəti ilə tanış olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.