Böyük Britaniya G7 ölkələri arasında Körfəz dövlətləri ilə ilk ticarət sazişi imzaladı

Böyük Britaniya “Böyük Yeddilik” (G7) ölkələri arasında Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə ticarət sazişi imzalayan ilk dövlət olub. Bu barədə Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyi məlumat yayıb.
Britaniya hökumətinin qiymətləndirməsinə əsasən, saziş ölkə iqtisadiyyatına hər il təxminən 3,7 milyard funt sterlinq qazandıracaq və tərəflər arasında ticarət dövriyyəsini 20 faizə yaxın artıracaq.
Sənəd ərzaq məhsulları, tibbi avadanlıqlar və yüksək texnologiyalı məhsulların ixracına tətbiq olunan gömrük rüsumlarının ləğvini nəzərdə tutur. Bundan əlavə, sazişdə Böyük Britaniya ilə Körfəz ölkələri arasında sərbəst transsərhəd məlumat mübadiləsinə dair müddəalar da yer alıb.
Britaniya tərəfi bildirib ki, yeni razılaşma Birləşmiş Krallıq şirkətlərinə məlumatları region xaricində saxlamaq və emal etmək imkanı yaradacaq. Bu isə şirkətləri Körfəz ölkələrində bahalı məlumat mərkəzləri yaratmaq zərurətindən azad edəcək.
Hazırda Böyük Britaniya ilə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası arasında illik ticarət dövriyyəsi təxminən 53 milyard funt sterlinq təşkil edir.
Qeyd edək ki, təşkilata Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.