"Amerika F-16 təyyarələrinin alınması ilə bağlı razılaşma uğursuz olarsa, Türkiyə Rusiyadan Su-35 qırıcıları ala bilər".
Bu barədə Türkiyənin Müdafiə Sənayesi Agentliyinin prezidenti İsmayıl Dəmir bildirib.
Dəmir açıqlamasında Türkiyənin F-16-ya alternativinin olmadığını deyib və əlavə edib ki, F-16 müqaviləsi uğursuz olarsa, “bir variant Su-35 ola bilər”.
Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini aldıqdan sonra 40 F-16 Blok 70 Viper təyyarəsi və mövcud F-16 donanması üçün 80-ə qədər təkmilləşdirmə dəsti üçün müraciət edib. 2019-cu ildə Rusiya silahlarının alınması ABŞ-ın Türkiyəni F-35 gizli qırıcılarının hazırlanması və əldə edilməsi proqramından kənarda qoymasına səbəb oldu. Türkiyə keçən il bildirmişdi ki, ABŞ Ankaraya beşinci nəsil F-35 qırıcıları əvəzinə dördüncü nəsil F-16 qırıcıları almağı təklif edib.
İyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatası da F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsini məhdudlaşdırmaq üçün Milli Müdafiə Səlahiyyəti Aktına düzəliş qəbul edib. Düzəliş ABŞ prezidenti adından təyyarələrin Yunanıstan ərazisinə icazəsiz uçuşlar üçün istifadə olunmayacağına dair təminat tələb edir, Ankara bunu rədd edib.
NATO müttəfiqləri arasında qırıcı təyyarələrlə bağlı istənilən potensial razılaşma Konqresin təsdiqini tələb edəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı amerikalı həmkarı Co Bayden ilə Ankaranın F-16 qırıcıları alması məsələsini müzakirə etmək üçün telefon danışığı apara biləcəyini deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.