Gürcüstanın Daxili İşlər Nazirliyi cümə günü bildirib ki, Şovi dağ kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Xilasedicilər itkin düşən 20-dən çox vətəndaşın axtarışlarını davam etdirirlər. Daha əvvəl yeddi nəfərin öldüyü bildirilirdi.
Cümə günü səhər saatlarında Gürcüstanın baş naziri İrakli Qaribaşvili 210 nəfərin helikopterlərlə təbii fəlakət bölgəsindən təxliyə edildiyini bildirib.
Azadmedia.az xatırladır ki, ötən cümə axşamı axşam saatlarında Şovi istirahət mərkəzinə böyük sürüşmə düşüb. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Teymuraz Mqebrişvili jurnalistlərə bildirib ki, sürüşmə çayın yatağı boyunca yerləşən və istirahət edənlərin məskunlaşdığı kottecləri uçurub.
Cümə günü Gürcüstanın baş naziri İrakli Qaribaşvili bir gün əvvəl sürüşmənin baş verdiyi Şovi dağ kurortunun yaxınlığındakı təbii fəlakət zonasına baş çəkib.
"Təəssüf ki, ölənlərin sayı 7-yə çatıb. Vəziyyət çox ağırdır. Kotteclərin yerləşdiyi yer tamamilə sürüşmə ilə örtülüdür", - Qaribaşvili jurnalistlərə deyib.
O qeyd edib ki, xilasedicilər helikopterlərdə 210 nəfəri fəlakət bölgəsindən təxliyə ediblər.
"Yaxın günlərdə Müdafiə Nazirliyinin qüvvələri axtarış işlərinə qoşulacaq", - Qaribaşvili bildirib.
O, həmçinin bildirib ki, bazar ertəsi, avqustun 7-də Gürcüstanda Şovidə həlak olanlar üçün matəm günü elan olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.