AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əcnəbi və vətəndaşlığı olmayanlarla bağlı yeni qayda

  • + A
  • - A
  • 31-10-2024, 14:03

    Əcnəbi və vətəndaşlığı olmayanlarla bağlı yeni qayda

    Saxlanma Mərkəzində saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi təhlükəsizlik hüququ ilə bağlı yeni qayda müəyyən edilir. 

    Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. 

    Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı Mərkəzdə saxlanılan digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, Mərkəzin rəisinə təhlükəsizliyinin təmin olunması üçün yazılı və ya şifahi qaydada müraciət etmək hüququna malikdir. 

    Mərkəzin rəisi belə təhlükəyə məruz qalan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməlidir.

    Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatına və sağlamlığına, yaxud şəxsiyyətinə qarşı Mərkəzin işçiləri tərəfindən təhlükə yaranarsa, Mərkəzin rəisi belə təhlükəyə məruz qalan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməli və bu barədə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmalıdır.

    Həmçinin Saxlanma Mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yemək və maddi-məişət təminatı ilə bağlı yeni qaydalar müəyyən olunur. 

    Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gündə üç dəfə yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, Mərkəzdə hazırlanmış isti yeməklə təmin edilirlər. Yeməklər hazırlanarkən, Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınır.

    Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Onların Mərkəzdə insan ləyaqətini alçaldan şəraitdə saxlanılması qadağandır.

    Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə sahəsi hər nəfərə dörd kvadrat metrdən az olmayan yaşayış otaqlarında saxlanılır və fərdi çarpayı, habelə yataq ləvazimatları ilə təmin olunurlar.
    Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarla təmin edilirlər. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənməlidir.

    Bununla yanaşı, Saxlanma Mərkəzində saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə onun dəfni ilə bağlı yeni qayda müəyyən olunur.

    Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə, Mərkəzin rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına (teleqram vasitəsilə), vəfat etdikdə, həmçinin onların vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxsə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlara və aidiyyəti dövlət orqanlarına məlumat verilməsini təmin edir.

    Mərkəzdə saxlanılan əcnəbidə və vətəndaşlığı olmayan şəxsdə özünə və ya ətrafdakılara qarşı təhlükəli davranışla müşahidə olunan psixi pozuntu halları olduqda, o tibb işçisinin rəyinə əsasən ən geci 24 saat müddətində təcrid edilməklə Mərkəzdə saxlanılan digər əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ayrı saxlanılır. Bu müddətdə həyata keçirilən tibbi tədbirlər səmərəli olmadıqda, hemin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin psixiatriya yardımı almaq üçün müvafiq ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsi üçün tədbirlər görülür.

    Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına təhvil verilir.

    Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn edilir. Həmin müddətdə meyitin daha uzun müddət saxlanılması barədə müraciət daxil olduqda, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumunun meyitxanasında saxlanılır.

    Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin tibbi-sanitariya təminatı ilə bağlı da yeni qaydalar müəyyən olunur.

    Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəzə qəbul edildiyi andan 24 saat müddətində tibbi müayinədən keçirilir, qəbul edilən hər bir əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə tibbi kitabça tərtib olunur. Tibbi müayinə digər şəxslərin iştirakı olmadan (təhlükəsizlik tədbirləri ilə bağlı hallar istisna olmaqla) tibb işçiləri tərəfindən aparılır.

    Tibbi müayinə zamanı əcnəbidə və vətəndaşlığı olmayan şəxsdə bədən xəsarətləri və ya Mərkəzə yerləşdirilənə qədər onun hər hansı işgəncəyə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması müşahidə olunarsa, bu barədə tibb işçisi tərəfindən dərhal Mərkəz işçisinə məlumat verilir.

    İşgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarla əlaqədar şikayətlər, habelə tibbi müayinə zamanı aşkar edilən işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi ehtimal edilən bədən xəsarətləri barədə yazılı məlumatlar müvafiq icra hakimiyyəti orqanı vasitəsilə araşdırma aparılması üçün dərhal müvafiq prokurorluq orqanına gonderilir.

    Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs xəstələndikdə və ya bədən xəsarəti aldıqda, onların tibbi müayinəsi tibb işçiləri tərəfindən dərhal həyata keçirilir. Tibbi müayinənin nəticələri qeydə alınaraq, Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə, eləcə də müraciət olduqda, həmin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müdafiəçisinə təqdim edilir.

    Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin, yaxud onun müdafiəçisinin vəsatəti ilə Mərkəz rəisinin qərarı əsasında tibbi müayinəyə başqa tibb müəssisələrinin həkim mütəxəssisləri cəlb edilə bilərlər. Bu halda, dəvət edilən həkim mütəxəssislər tərəfindən keçirilən tibbi müayinənin xərcləri bu barədə vəsatət verən şəxsin vəsaiti hesabına ödənilir.

    Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəzdən azad edilməzdən (və ya buraxılmazdan) və ya digər Mərkəzə köçürülməzdən əvvəl tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilir və bu barədə tibbi kitabçada qeyd aparılır.

    Eyni zamanda, Saxlanma Mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini ayinlərin yerinə yetirilməsi, dini ləvazimatdan və ədəbiyyatdan istifadə edilməsi qaydası müəyyən edilir.

    Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vicdan və dini azadlığına təminat verilir. Onlar Mərkəzdə dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək hüququna malikdirlər. Dini ayinlərin yerinə yetirilməsi üçün Mərkəzin rəisi tərəfindən müvafiq şərait yaradılır. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlandıqları yaşayış otaqlarında və yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqlarda dini ayinlərin yerinə yetirilməsi Mərkəzdə saxlanılan digər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarını pozmamalıdır.

    Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xahişi ilə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş dini birliklərdən onlara mənəvi yardım göstərilməsi və dini ayinlərin icra edilməsi üçün din xadimləri dəvət oluna bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR