Karantin bu sahəni canlandırdı - Ekspert
Ölkədə tətbiq edilən karantin rejimi bölgələrdə kirayə həyət evlərinin qiymətinin kəskin artmasına səbəb olub.
Bunu Azadmedia.az-a əmlak eksperti Mirdaməd Əzizov bölgələrdəki kirayə mənzil bazarı ilə bağlı danışarkən deyib. O bildirib ki, bu artım karantin tətbiq edilən bəzi rayonlarda da qeydə alınır:
“Hər il yay aylarında respublikamızın istirahət bölgələrinə turist axını olurdu. Əgər turistlərin 30-40%-ni, bəzən isə 50%-ə qədərini əcnəbilər təşkil edirdisə, bu il pandemiya ilə əlaqədar olaraq bu göstərici 5-8%-ə qədər enib. Hazırda karantin rejimi tətbiq olunmayan istirahət bölgələrində yerli turistlərin sayı 95%-ə qədər yüksəlib. Bu, Bakı və digər şəhər və rayonlarda tətbiq olunan karantin rejimi ilə əlaqədardır. Belə ki, müddətli karantin rejimlərindən istifadə edən insanlar karantin rejimi tətbiq edilməyən istirahət bölgələrimizə axın edirlər. Bu da həmin ərazilərdə kirayə bazarında canlamaya və kirayə qiymətlərində artıma səbəb olur. Misal olaraq, keçən il Qəbələdə yay aylarında günlük həyət evinin kirayə dəyəri 50-250 manat arasında dəyişirdisə, bu il bu göstərici 80-430 manat arasıdır. Bu göstəricilər Quba, Xaçmaz, İsmayıllı, Şəki, Qusar, Masallı, Lənkəran, Lerik və digər istirahət bölgələri üçün də keçərlidir”.
Ekspert onu da qeyd edib ki, ən çox qiymət artımı şimal bölgəsində müşahidə edilir:
“Şimal bölgələrində 50-80% arasında qiymət artımı var”.