Ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsinə nail olmaq, yəni dövlət büdcəsinin qeyd olunan sahədən asılılığının minumum həddə endirilməsi, bu gün bizim qarşımızda duran əsas prioritet məsələlərdən biridir. Hal-hazırda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun başlıca istiqamətlərindən biri də, məhz belə bir strategiyanın həyata keçirilməsidir. Açıq-aşkar şəkildə qeyd etməliyik ki, bu gün ölkəmizin qeyri-neft sektorlarından biri olan mebel sənayesi sahəsi “Embawood”, “Saloglu”, “Foriella”, “Rattan bağ mebelləri” və s. kimi şirkətlər tərəfindən inkişaf etdirilsə də, hələ də bu sahədə məxsus çoxsaylı problemlər yaşanmaqdadır. İlk olaraq onu qeyd edək ki, postsovet məkanında mebel sənayesi sahəsi kifayət qədər inkişaf etdirilmişdi. Buna da əsas səbəb qeyd olunan sahənin inkişafı üçün lazımi qədər xammal bazasının, peşəkar kadr potensialının və hər cür avadanlıqların olması idi. Elə ki, 1991-ci ildə SSRİ süquta uğradı və bütün müttəfiq respublikalarda olduğu kimi, bizim respublikada da mebel sənayesi sahəsinə aid xammal bazası, lazımi avadanlıqlar və s. xarici ölkələrə daşındı. Belə bir halın varlığı da, məhz mebel sənayesi sahəsində çoxsaylı problemlərin əmələ gəlməsi ilə nəticələndi. Bu sahəyə aid ən böyük problemin varlığı texniki peşə məktəblərinin fəaliyyətlərinin minimum həddə düşməsi və mebel sənayesi üzrə kadr hazırlayan ixtisasların dayanması oldu. Sevindirici haldır ki, son beş-altı il ərzində dövlətimiz tərəfindən bu sahənin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməkdədir. Artıq kadr çatışmazlığı problemi aradan qaldırılmaq üzrədir. Araşdərma apardığımız zaman o da məlum oldu ki, xammal bazasının əsas hissəsi olan DSP və NDF materialları bu gün ölkəmizdə çatışmır və ümumiyyətlə Azərbaycanda DSP materialı istehsal edən heç bir zavod yoxdur. Bu kimi səbəblər üzündən də, respublikamıza idxal olunan xammalın 85%-nin xarici ölkələrdən gətirildiyi bildirilir. Bu kimiproblemlərin olmasına baxmayaraq mebel istehsalı ölkəmizdə qeyri-neft sektorunun ən inkişaf etmiş yüngül sənaye sahəsi hesab olunur və dövlət səviyyəsində bu sahənin inkişaf etdirilməsinə dair qəbul olunmuş bir sıra qərarlar, sənayə zonalarının yaradılması və s. mebel sənayesi sahəsinin inkişafına böyük təkan verməkdədir. Mebel sənayesi sahəsində mövcud olan problemlərdən ən əsası kadr çatışmazlığı ilə bərabər, nəqliyyat xərclərinin də yüksək həddə olmasıdır. Bundan əlavə, Azərbaycanda bu sahə ilə məşğul olan şirkətlərin lazımi qədər xammal bazasının olmaması, həm istehsal olunan məhsulların maya dəyərinin bahalaşmasına, həm də ucuz işçi qüvvəsi əməyinin ucuzlaşmasına səbəb olmaqdadır.
Bir faktı da qeyd edək ki, hazırda Azərbaycandan Gürcüstana, Qazaxıstana, ABŞ-na, Qətərə və digər ölkələrə mebel ixracı həyata keçirilsə də, mebel ixracatında əsas istiqamət Qazaxıstan, ABŞ, Yaxın Şərq və Şimali Afrika ölkələrinin olduğu bildirilir. Çünki, adlarını sadaladığımız bu ölkələrdə istehsalın səviyyəsi olduqca zəif, mebel istehlakı və qiymətləri isə yüksək həddədir. Bizimlə söhbət zamanı ölkəmizdə mebel sənayesi sahəsinin inkişafına toxunan “Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası”nın rəhbəri Məşhur Məmmədov, hələ bir müddət bundan öncə mətbuata verdiyi açıqlamasında, yerli mebel şirkətlərinin xaricə məhsul ixrac etmək potensialının orta səviyyədə olduğunu bildirmişdi. Əslində belə bir halın olması bir kimsəni ümidsizliyə düçar etməməlidir. Çünki, bu gün də dövlətimiz qeyri-neft sektorunun bütün sahələrinin, o cümlədən mebel sənayesi sahəsinin inkişaf etdirilməsinə, problemlərinin aradan qaldırılmasına olduqca önəm verir və lazımi dəstəyini də göstərir. Bundan əlavə, bu sahənin inkişaf etdirlməsi üçün “Azərbaycan Mebel İstehsalçıları Asossiasiyası”na üzv olan 50 şirkətin beynəlxalq mebel sərgilərində iştirakı və mebel firmaları ilə görüşlərinin təşkil olunması da vacib şərtlərdəndir.
Hazırladı: Xəlil Yusifoğlu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.