AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq-iqtidar birliyi bizi yeni-yeni uğurlara qovuşduracaq

  • + A
  • - A
  • 17-07-2020, 11:25

    Xalq-iqtidar birliyi bizi yeni-yeni uğurlara qovuşduracaq
    Bəllidir ki, bu ilin 12 iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan mövqelərinə qəflətən ağır artilleriya zərbələri endirdi və bu gözlənilməz zərbə nəticəsində bir neçə nəfər hərbçilərimiz həlak oldu və bir neçəsi isə yaralandı. İşğalçı Ermənistan tərəfi bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etsə də, bizim bu dövlətin sərhədində hər hansı hərbi əməliyyat keçirmək məqsədimiz yoxdur. Onu da qeyd edim ki, Ermənistanın günahı ucbatından baş verən təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyasını dəyişmiş hərbçilərimizin intiqamı aldı, onların qanı yerdə qalmadı, bir sözlə düşmən qüvvələrinə elə bir zərbələr endirildi ki, onlar uzun müddət bunu yaddan çıxara bilməyəcəklər. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yaranmış vəziyyətlə bağlı cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının keçirilən toplantısı zamanı cəbhə bölgəsindəki ümumi vəziyyət müzakirə olunur. Yaranmış vəziyyətlə bağlı aparılan müzakirələrdən sonra qərara gəlinir ki, vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələri həmin bölgəyə dəvət olunacaqlar. Başlıca məqsəd ondan ibarət olacaq ki, onlar vəziyyətlə yerində tanış olsunlar ki, bu təxribatı törədən hansı tərəfdir.

    Qeyd edim ki, düşmən tərəfin təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov, Azərbaycanın Silahlı Qüvvələrində çox böyük hörmətə malik bir şəxs idi və o, 2016-cı ilin aprel döyüşlərində misilsiz rəşadətliklər göstərmişdi. Belə bir addımlarına görə general-mayor Polad Həşimov yüksək dövlət ordeni ilə də təltif olunmuşdu. 12 iyul hadisələri zamanı bir neçə nəfər şəhidimiz olsa da, onların intiqamı qısa zamanda artıqlaması ilə alındı. Yəni, düşmən tərəfin onlarla hərbçisi məhv edildi, xeyli sayda döyüş texnikası sıradan çıxarıldı, sərhədboyu ərazilərdə yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın olundu, bir neçə postları və istehkam nöqtələri yox edildi. Son vaxtlar baş vermiş bu hərbi toqquşma bizim növbəti şanlı qələbəmiz oldu və bu əməliyyat zamanı Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci ilin 12 iyul əməliyyatı Azərbaycan Ordusunun şanlı tarixində xüsusi yeri olacaq. Xatırlayaq ki, 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı zamanı onmin hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü və işğalçılar həmin bölgələrdən qovuldular.

    Bir faktı da qeyd edim ki, aprel döyüşlərində olduğu kimi, mənfur erməni tərəfi 12 iyul təxribatı zamanı ən çirkin əməllərə bir daha əl atdılar. Yəni, mülki şəxslərin yaşadıqları Ağdam kəndi atəşə tutuldu və açılmış atəş nəticəsində kənd sakini,76 yaşlı ağsaqqal Əziz Əzizov həlak oldu. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir və bu dövlət heç zaman açıq döyüşlərdə qələbə qazana bilməyib və bundan sonra da qazana bilməyəcək. Hər kəsə güntəki aydındır ki, torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. 1992-1993-cü illərdə onlar Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik yaratmaq, hakimiyyəti yıxmaq məqsədilə Qarabağ bölgəsində xəyanətə qol qoydular. Həmin illərdən fərli olaraq, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər bir daha Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi göstərdi. Ermənistan tərəfindən törədilən 12 iyul hərbi təxribatın əsas səbəbi, hazırda Ermənistanda mövcud olan siyasi və iqtisadi böhranın varlığıdır və bu hər kəsə bəllidir. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə, iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt etdikdən sonra onlara bir çox vədlər vermişdilər. Faktdır ki, bu gün Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd olunub, siyasi opponentlər təqib olunur və diktatura hökm sürməkdə davam edir. Ona görə də, indi Ermənistan siyasi rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın. Belə bir səbəbdən də, onlar məqsədli şəkildə belə bir təxribata əl atdılar.

    Verilən məlumatlara görə, hazırda Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. Azərbaycan vətəndaşları öz torpaqlarında ləyaqətlə yaşayırlar, Azərbaycan dövləti və onun Ordusu onları qoruyur, bundan sonra da qoruyacaq.

    Son iki-üç gün bundan öncə çirkin əməllərini törədən və Azərbaycan Ordusu tərəfindən layiqli cavabını alan Ermənistan, dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş və həmin qurumdan yardım istəmiş, hətta hay-haray da qaldırmışdı ki, qoymayın bizi boğacaqlar, məhv edəcəklər. Məlum təxribatlardan sonra, yəni iyul ayının 12-də günorta saatlarında cənab Prezident müvafiq göstərişlər verdi və bunun əsasında beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat aldı və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat da çatdırdılar.

    Əslinə baxsan indiyə kimi davam edən diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi və bizim diplomatiyamız mövcud hadisələrə görə hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Cənab Prezident tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmiş, bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri də bunu yaxşı bilirlər. XİN-i beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməli və susmamalıdır. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini açıq şəkildə ifadə edib və lazımi göstərişlərini də verib. Biz bu kimi göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmədik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamızın fəaliyyəti ölkəmizin uğurlu inkişafı ilə uzlaşmadı, bəzi hallarda isə mənasız işlərlə, mənasız danışıqlarla məşğul olmaqdan başqa bir şey olmadı. Son günlər Xarici İşlər Nazirliyinin nə ilə məşğul olduğunu bilən yox idi. 12 iyul təxribatları zamanı XİN-nin rəhbəri istisna olmaqla, dövlət başçısı və digər qurumların rəhbərləri vəzifələrini icra edirdilər.

    Fikir verək ki, belə bir həssas vaxtlarda dövlət başçısı vacib məsələləri xalqla bölüşür, məsləhətləşir, öz fikirlərini, öz siyasətini hər kəsə açıqlayır, eyni zamanda, xalqı narahat edən digər problemləri də dərindən təhlil edir. Bəli, faktdır ki, Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Bu günlərdə Azərbaycan heç də tək qalmadı, qardaş Türkiyə Cümhuriyyəti və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi, biz bir daha bu ölkədən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan dövləti birmənalı mövqe bildirdi, Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama yaydı.

    Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və əldə olunan nəticələr Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Baş verənlər bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vurur və bunun əsasında xalq- iqtidar birliyi durur. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə, döyüşçülərimizə dəstək əlaməti olaraq çoxsaylı insan Şəhidlər Xiyabanına üz tutdular. Əfsuslar olsun ki, həmin gecə oraya bir qrup təxribatçılar da gəlirlər. Onların sırasında Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri olur ki, onlar bu gözəl və nəcib işlərə kölgə salmağa, qanunsuz əməllər törətməyə cəhd edirlər. Sözsüz ki, Daxili İşlər orqanlarının əməkdaşları tərəfindən onların bu çirkin əməlləri aşkara çıxarıldı və qısa zaman kəsiyində də zərərsizləşdirildi.

    Məşhur Məmmədov

    Millət vəkili


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR