İyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz olmasa da, təəssüf ki, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bu sözləri
Azadmedia.az-a deyən millət vəkili Əliabbas Salahzadə daha sonra qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar. Dərhal Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı çağırılmış, vəziyyət müzakirə edilmişdir. Operativ vəziyyət imkan verən kimi yerli və beynəlxalq jurnalistlər, səfirliklərin nümayəndələrinin həmin bölgəyə səfəri təşkil ediləcək, onlar vəziyyətlə tanış olacaq və yerində görəcəklər ki, bu təxribatı törədən kimdir. Təəssüflə qeyd etməliyik ki, düşmən təxribatı nəticəsində Azərbaycan dövləti şəhidlər verdi. Müqəddəs şəhidlərimizdən olan general-mayor Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdi. Yüksək dövlət ordeni ilə təltif edilmişdi. Onun və digər şəhidlərimizin dəfn mərasimi izdihamla keçmişdir. Acımız ağır olsa da, təsəllimiz odur ki, bütün şəhidlərin intiqamı qısa zamanda artıqlaması ilə alınmışdır. Düşmənin onlarla hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmiş, o cümlədən onların postu və bütün infrastrukturu yox edilmişdir. Son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Yaxın keçmişə nəzər salsaq, 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürülmüş və işğalçılar o bölgələrdən qovulmuşdur. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir, heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir, deyən deputat yaxın keçmişə nəzər salaraq qeyd etki ki, o vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir. Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Sosial şəbəkələrdən məlumatlıyıq ki, Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atıldı. Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır. Çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmiş, hay-haray qaldırmışdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. Hadisələri hər zaman diqqətdə saxlayan ölkə rəhbərimiz İlham Əliyev təxribat törədiləndən dərhal sonra, iyul ayının 12-də günorta saatlarında müvafiq göstərişlər vermiş və beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat almış və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat vermişdirlər. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi son günlərdə? Ayın 12-də hadisələr baş verəndən sonra XİN rəhbəri istisna olmaqla, dövlət başçısı və rəsmilər işinin başında idi...
Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir.
Əiabbas Salahzadə onu da qeyd edim ki, bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan da birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir.
Əliabbas Salahzadə
Millət Vəkili