AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

3 günə Qarabağdakı erməni qədər könüllü... – Millət vəkili

  • + A
  • - A
  • 19-07-2020, 17:43

    3 günə Qarabağdakı erməni qədər könüllü... – Millət vəkili

    Predent İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Orduya yazılmaq üçün könüllü müraciətlərin qəbulu ilə bağlı çağırışından cəmi 3 gün keçməsinə baxmayaraq, rəsmi statistikaya görə, artıq 40 minə yaxın könüllü qeydiyyatdan keçib. Nəzərə alaq ki, bu gün istirahət günüdür və şəhərlərimizin bir çoxunda sərt karantin rejimi davam edir, insanların evdən çıxmaq üçün saat limiti var və üstəlik, bu günün statistikası hələ tam deyil. Beləliklə, qısa müddətdə və bəlli məhdudiyyətlərlə 40 min könüllünün Orduya yazılması və döyüşə hazır olduğunu bildirməsi inanılmaz nəticədir. Bu, Prezidentimizin möhtəşəm siyasəti, xalqın öz Ali Baş Komandanına sonsuz sevgisi deməkdir.

    Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Malik Həsənov azərbaycanlıların kütləvi şəkildə Orduya yazılma kampaniyası haqda danışarkən deyib.

    Malik Həsənov könüllü sayını Dağlıq Qarabağdakı erməni icmasının sayı ilə müqayisə edib:

    “Rəsmi statistikada Dağlıq Qarabağda yaşayan bütün əhalinin sayı 130 min civarında göstərilsə də, biz çox yaxşı bilirik ki, bu say 60 mindən daha azdır. Belə məlum olur ki, 3 gün müddətində hələ tam olmayan könüllü sayı Dağlıq Qarabağda yaşayan bütövlükdə erməni əhalisinin sayına yaxındır. Mən qəti əminəm ki, növbəti həftə bu say bir neçə dəfə artacaq”.

    Millət vəkilinin sözlərinə görə, insanların kütləvi halda rayon hərbi komissarlıqları qarşısında növbə yaratması Ali Baş Komandana böyük inamın, güvəncin bariz nümunəsidir:

    “Əlbəttə ki, Ordumuz dünyanın ən güclü orduları sırasındadır və bizim Dağlıq Qarabağda antiterror əməliyyatı aparmağımız üçün əlavə hansısa səfərbərliyə, könüllülərə heç bir ehtiyacımız yoxdur, Ordumuz bunun öhdəsindən ən qısa müddətdə gəlmək iqtidarındadır. Amma bu könüllü sayı bir daha sübut etdi ki, Azərbaycan xalqı son nəfərinə kimi Qarabağ uğrunda, ölkənin ərazi bütövlüyü üçün döyüşməyə hazırdır. Bu, həm də xalqın Ali Baş Komandana nə qədər böyük inam bəslədiyinin, Prezident İlham Əliyevin apardığı siyasəti hansı səviyyədə dəstəklədiyinin görüntüsüdür. Prezident İlham Əliyev hər zaman xalqla səmimi olub, xalqın arzu və istəklərini ifadə edib və bütün siyasəti milli maraqlar üstündədir. Nazirlər Kabinetinin iclasında da Prezident xalqdan heç nəyi saxlamadığını, hər məsələni xalqa açıq şəkildə dediyini bildirdi. Bu, cənab Prezidentin xalqa necə arxalandığı, xalqın iradəsinə zidd heç bir addım atılmadığı göstərən mühüm faktlardan biri idi. Aradan keçən qısa müddətdə xalqın verdiyi reaksiya isə bu sevgiyə qarşılıqdır, Azərbaycanda xalq-iqtidar birliyinin mükəmməl nümayişidir”.

    M.Həsənov 90-cı illərdə cəbhədə yaşananlar müqabilində Bakıda etiraz aksiyalarını xatırladıb:

    “90-cı illərdə cəbhədə işğal prosesi gedəndə xalq Bakıda və digər rayonlarda hakimiyyətin istefası tələbilə küçələrə çıxırdı, 14 iyul gecəsində isə xalq bütövlükdə Ali Baş Komandana dəstək üçün, Ordumuza dəstək üçün, birliyimizi, bütövlüyümüzü nümayiş etdirmək üçün küçələrə axışdı. Şüarlara baxın: “İlhamla İrəli”, “Ali Baş Komandan, silah ver bizə” və s. 90-cı illər olaylarını yaşayan insanlar indiki xalq-iqtidar birliyindən qürur hissi keçirir. Bütün bunlar cənab Prezident İlham Əliyevin milli maraqlara söykənən, xalqa arxalanan siyasətinin nəticəsidir. Bütövlükdə xalq olaraq inanırıq ki, Prezident İlham Əliyev diplomatiyada, beynəlxalq tribunalarda düşmənə necə ağır zərbə endirirsə və bütün dünyada Azərbaycanın ərazi bütövlüyünü de-yure hansı səviyyədə qəbul etdiribsə, qlobal siyasi şərait yetişəndə hərb qərarını elan edərək, ərazi bütövlüyümüzü de-fakto da bərpa edəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR