AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Güclənən Türkiyə-Azərbaycan tandeminin Ermənistana təsiri - TƏHLİL

  • + A
  • - A
  • 21-07-2020, 09:40

    Güclənən Türkiyə-Azərbaycan tandeminin Ermənistana təsiri - TƏHLİL

    İşğalçı Ermənistanın Tovuz istiqamətində hərbi toqquşmaya gətirən təxribatı hərbi-strateji planda düşmənə heç bir uğur gətirmədi. Ermənistan sərhəd tərəfdən 1 sm belə torpağımızı işğal altına ala, bircə strateji yüksəkliyi belə nəzarətə götürə bilmədi. Canlı qüvvə və texnika sarıdan böyük itkiləri də öz yerində.

    Hərçənd düşmən tərəf ənənəvi həyasızlıqla “növbəti qələbə”dən dəm vurur, guya “Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü artıq itirdiyini”, Azərbaycanın İsrail istehsallı neçə-neçə bahalı və ələkeçməz PUA-sını vurduğunu iddia edir. Halbuki bunların heç biri yoxdur, qeydə alınmayıb. Əksinə, hərbi analitiklərə görə, rəsmi İrəvan canlı itkiləri məqsədli şəkildə gizlədir ki, erməni cəmiyyəti 2016-cı ildən sonra daha bir şok yaşamasın. Ancaq nə zamanadək?

    *****

    İtkilərin miqyasını kim bilməsə də, Ermənistanın avantürist baş naziri Nikol Paşinyan yəqin ki, hamıdan yaxşı bilir. Belə olmasaydı, o, Minskdə tez-tələsik yenə bölgədə sülhün və sabitliyin vacibliyindən dəm vurmazdı. Paşinyanın özünü “sülh göyərçini” kimi göstərməsini zəruri edən başqa bir səbəb isə sərhəddəki son insidentlə bağlı beynəlxalq rəyin birmənalı şəkildə Azərbaycanın yanında yer alması ilə bağlıdır.

    İrəvan çox ümidli idi ki, Tovuz təxribatını beynəlxalq ictimai rəydə Azərbaycanın özünə qarşı çevirə, Qarabağın işğalını bir az da arxa plana keçirə biləcək. Alınmadı. Erməni yalanları yerimədi. Hətta 1 nömrəli müttəfiqi Rusiya da erməni yalanını gerçək kimi qəbul eləmədi. Üstəlik, aydın oldu ki, Ermənistanın hədəfi həm də Tovuz yaxınlığından keçən beynəlxalq neft-qaz arteriyalarıdır. Bu da Qərbdə “qərbçi” Paşinyana münasibəti daha da pisləşdirdi. Nəticədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri qorxusundan tez-tələsik belə bir şeyin olmadığı haqda təkzib verməli oldu.

    *****

    Bundan əlavə, son insident təbii müttəfiqimiz Türkiyənin siyasi-hərbi rəhbərliyinin Azərbaycana ermənilərin də gözləmədiyi şəkildə böyük bir dəstək ifadə eləməsi ilə yadda qaldı. Hansı ki, təkrar edirik, Ermənistanın əsas müttəfiqi Rusiyadan işğalçıya eyni dəstək gəlməmişdi. Həmçinin beynəlxalq miqyasda - Avropada, ABŞ və Kanadada, Türkiyədə və İranda Ermənistana qarşı etiraz dalğası baş qaldırdı və davam edir.

    Bu diqqətçəkicidir ki, indiyədək ölkəmizdə kənarda olan soydaşlarımızdan, o cümlədən Güney Azərbaycanda yaşayan 35 milyondan çox azərbaycanlı toplumdan heç vaxt bu dərəcədə aktiv dəstək gəlməmişdi. Bura Moskva bazarlarında soydaşlarımızın erməni məhsullarına qoyduqları qadağaları - iqtisadi müharibəni də əlavə etsək, xəbis qonşularımızın Tovuz təxribatı ilə hansı acı nəticələrə tuş gəldiyini aydın görmək olar.

    Nəhayət, sərhəddəki döyüş əməliyyatlarından sonra Azərbaycan xalqı heç vaxt olmadığı qədər yumruq kimi öz dövləti ətrafında birləşdi, düşmənə qarşı qəzəbi birə-beş artdı, ən əsası, bunu əyani şəkildə dünyaya nümayiş etdirdi. İnsanlar cəbhəyə getmək üçün kütləvi və könüllü şəkildə səfərbərlik idarələrinə üz tutdular. Cəmi bir neçə gün ərzində on minlərlə adam ehtiyat döyüşçü kimi qeydiyyata alındı.

    Bütün bunlar o anlama gəlir ki, Azərbaycan xalqı artıq mənasız danışıqlardan, düşmən təxribatlarından, gözləməkdən bezib və Qarabağı zərrəcə unutmayıb. Heç vaxt da unutmayacaq və ərazi bütövlüyünün təmin olunması üçün əlindən gələni edəcək. Əslində bu gün hamı əldə silah, səbirsizliklə Qarabağ uğrunda Vətən savaşının başlanmasını gözləyir. Yetər ki, Ali Baş Komandan əmr versin.

    Məlum hadisələrdən sonra düşmən bir daha əmin oldu ki, Qarabağ müharibəsi bitməyib. Amma indiyədək Ermənistanda belə bir ovqat var idi ki, Dağlıq Qarabağ məsələsi artıq onların xeyrinə həll olunub. Tovuz olayları bu ovqatı alt-üst etdi. İndi onlar bilirlər ki, sülh söhbəti yoxdur, torpaqlarımızdan tezliklə rədd olub getməsələr, o zaman Azərbaycan xalqının Vətən savaşını gözləsinlər. Təsadüfi deyil ki, vəziyyəti soyuq başla qiymətləndirən ermənilər fərqli fikirlər söyləməyə başlayıblar.

    *****

    Erməniləri xofa salan həm də Türkiyənin bu dəfə Azərbaycana misli görünməmiş bir operativliklə və ən yüksək səviyyədə, qeyd-şərtsiz siyasi-hərbi dəstək verməyə hazır olduğunu bəyan eləməsi oldu. Ardınca Azərbaycan müdafiə nazirinin iki müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov və Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev Türkiyədə səfərdə oldular, müdafiə naziri Hülusi Akarla və Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmirlə bir araya gəldilər. Görüşlərin yekununda bir daha Ankaranın Qarabağla, Ermənistanla bağlı mövqeyi təkrarlandı. “PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”. Bunu da İsmayıl Dəmir bildirdi.

    Ermənistana Türkiyədən sərt mesajlar davam edir.

    “Son hücumlar işğal altındakı Dağlıq Qarabağ bölgəsində deyil, Azərbaycan-Ermənistan sərhədində baş verib”. Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın deyib.

    O bildirib ki, Azərbaycan bu hücumlara qətiyyətli şəkildə cavab verib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə bir neçə dəfə telefon əlaqəsi saxlayıb. Həm müdafiə, həm də xarici işlər nazirlərimiz, eləcə də hər iki ölkənin (Azərbaycan və Türkiyə) kəşfiyyat idarəsinin rəhbərləri və biz özümüz həmkarlarımızla demək olar ki, hər gün telefon əlaqəsi saxlayırıq. Bu mövzuda bir daha açıq şəkildə Azərbaycanın yanında olduğumuzu bəyan edirəm. Onsuz da Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq anlaşması var. Bunlar yenilənməli və əhatə dairəsi genişlənməlidir. Azərbaycanı dar gündə heç vaxt tək qoymarıq”.

    *****

    Maraqlıdır ki, bu açıqlamalar və səfərlər fonunda qardaş ölkədən Azərbaycana Türkiyə istehsalı olan, Suriya və Liviyadakı əməliyyatlarda uğurla sınaqdan çıxan, “ağıllı raketlər”lə təchiz olunmuş “Bayraktar” pilotsuz uçan aparatların gətirildiyi haqda xəbərlər yayılıb. Əlbəttə ki, bu, yalnız başlanğıc və hərbi əməkdaşlığa dair yalnızca bir elementdir.

    Ən önəmlisi odur ki, Ankara Bakı ilə hərbi əməkdaşlığı keyfiyyətcə yeni, ən yüksək fazaya keçirmək qərarı verib. Bu yenilik heç şübhəsiz, Naxçıvan da daxil, Azərbaycanda bir neçə hərbi bazanın qurulmasını özündə ehtiva edəcək. Yenilənən müttəfiqliyin, güclənən Ankara-Bakı siyasi-hərbi tandeminin ağır nəticəsini isə Ermənistan tezliklə və mütləq hiss edəcək. Öz üzərində...
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR