Haaqadakı (Niderland) erməni diasporunun nümayəndələri bir neçə gün əvvəl Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar Azərbaycan hərbçilərinin Ermənistanın Tovuz bölgəsinə endirdiyi zərbəyə cavab olaraq başladığı hərbi əməliyyatların birtərəfli qaydada dayandırılmasını tələb ediblər.
Aksiya zamanı çəkilmiş videoda geyindiyi ağ köynəyin üzərində ASALA (ASALA – “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu”) yazılan və müvafiq rəmzlər olan gənc kişi görünür. Bu, toplanışın terror təşkilatı tərəfdarlarının iştirakı və dəstəyi ilə təşkil olunduğunu göstərir.
ASALA nədir?
Erməni radikallarının 1975-ci ildə yaratdığı ASALA təşkilatı Yaxın Şərqdə və Avropada fəaliyyət göstərib. ABŞ Dövlət Departamenti ASALA-nı terror təşkilatları siyahısına daxil edib.
Təşkilat üzvləri terror aktları, Türkiyənin diplomatik orqanlarına silahlı hücumlar və türk diplomatlarına qarşı siyasi qətllər həyata keçiriblər. 1981-ci ildə ASALA yaraqlıları Parisdəki Türkiyə konsulluğuna silahlı hücum ediblər, Fransa, İtaliya və İsveçrədə daha bir sıra terror aktları törədiblər.
1982-ci ildə təşkilat üzvləri Ankara hava limanında girov götürüb – həmin vaxt bir amerikalı və AFR vətəndaşı da daxil olmaqla, doqquz nəfər ölüb. Dünyanın müxtəlif ölkələrində ASALA-nın terror aktlarının qurbanları vaxtaşırı şəkildə yaraqlıların “mübarizə” üçün zorla pul aldığı ermənilər də olub.
1990-cı illərdə erməni radikalları Zaqafqaziyada da bir neçə terror aktı təşkil ediblər. Bu terror aktlarının qurbanları Gürcüstan, Azərbaycan və Rusiya sakinləri, o cümlədən terror siyasətini dəstəkləməyən ermənilər olublar. Belə ki, 1990-cı ildə ASALA yaraqlıları Tbilisi-Ağdam avtobusunda partlayış, 1994-cü ildə isə Bakı metrosunda iki terror aktı törədiblər. Bu terror aktları nəticəsində onlarla insan həlak olub.
Ermənistan hakimiyyəti terrorçu-qatili necə təqdis edib
ASALA 1983-cü ildə Parisin Orli hava limanında baş verən terror aktından sonra qlobal miqyasda qalmaqallı məşhurluq qazandı. Həmin vaxt təşkilatın üzvü - Suriya ermənisi Varucan Karapetyan güclü partlayıcı qurğu yerləşdirilmiş çamadanı hava limanında qoyub. O, əməllərini etiraf edib və bildirib ki, plana əsasən, bomba Parisdən İstanbula uçan təyyarənin göyərtəsində işə düşməli idi. Lakin bomba vaxtından əvvəl “Turkish Airlines”ın bilet satışı kassasının yaxınlığında partlayıb.
Orlidə terakt
15 iyul 1983-cü il tarixində Parisin Orli hava limanında “Türk Hava Yolları”nın bilet satışı kassasının qarşısında partlayıcı maddə yerləşdirilmiş çamadan partlayıb. Dörd nəfər yerindəcə həlak olub.
Çamadanın içərisində dörd portativ qaz balonuna qoşulmuş 0,5 kq semteks (partlayıcı maddə) olub. Partlayış nəticəsində yaralıların çoxu ağır yanıq xəsarətləri alıb, onlardan dördü xəstəxanada ölüb.
Polis 51 şübhəlini saxlayıb. Onların hamısı ASALA ilə əlaqəli şəxslər olub. Saxlanılanlardan altı nəfər terror aktı törətməkdə ittiham olunub. Teraktın əsas icraçısı Varucan Karapetyan tanınıb. O, bombanın ASALA-nın başqa bir üzvü – Türkiyədə yaşayan erməni Ovannes Semerçinin mənzilində yığıldığını söyləyib.
Minalanmış çamadanla hava limanına gələn Karapetyan onu Paris-İstanbul reysinin sərnişinlərdən birinə verib və 65 dollar müqabilində çamadanı sərnişinin özününkü kimi təhvil verməsini təklif edib. Erməni sövdələşməni özünün həddən artıq yükü olması ilə izah edib.
Araşdırma zamanı bir sıra kütləvi informasiya vasitələri iddia ediblər ki, Fransa hakimiyyəti (sosialistlər) 1982-ci ildə ASALA ilə gizli saziş bağlayıb. Bu sazişə əsasən, terror qruplaşmasına Fransada terakt təşkil etməməyə söz verməsi qarşılığında “erməni soyqırımı”nın rəsmi şəkildə tanınması və terrorçuların ölkənin hava limanlarından maneəsiz şəkildə istifadə etməsinə icazə verilməsi vəd olunub.
Versiyalardan birinə görə, ASALA rəsmi Parisin “soyqırımı” tanımaq vədinə əməl etmədiyi üçün razılaşmanı bilərəkdən pozub. Digər bir versiyaya əsasən isə, səhv baş verib, əslində, bomba təyyarədə, Fransa sərhədlərindən kənarda partladılmalı olub.
Karapetyan ömürlük, bombanı hazırlayan Ovannes Semerçi isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Elə Ermənistanın baş naziri Nikol Paşinyan Bakını növbəti dəfə “ermənilərə qarşı irqi siyasətdə” ittiham edərkən Azərbaycan Prezidenti İlham Əliyev ona məhz ASALA-nı xatırladıb.
“Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları bütün dünyada məşhurdur. Parisin Orli hava limanında terror aktı törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya olunub və Ermənistan prezidenti tərəfindən əfv edilib”, - deyə, İlham Əliyev xatırladıb.
Həqiqətən, Karapetyan ömürlük cəza əvəzinə 17 il dəmir barmaqlıqlar arxasında qaldı, bundan sonra - 2001-ci ildə Ermənistana ekstradisiya edildi və sərbəst buraxıldı. Ölkənin o zamankı baş naziri həmyerlisinin geri qayıtmasından məmnun olduğunu bildirdi, Yerevan meri Robert Nazaryan isə Karapetyanı iş və mənzillə təmin edəcəyinə söz verdi. Nəticədə, Karapetyan Dilicanda özünə ev tikib və burada yaşamağa başlayıb.
Hüquq müdafiəçiləri məhkum olunmuş terrorçunun vətəninə qayıtmasından sonra göstərilən ehtirama görə Ermənistan hakimiyyətini sərt şəkildə tənqid ediblər. Karapetyanın hücumun Türkiyəyə qarşı yönəldildiyini və ASALA üzvü Levon Ekmekçiyan (Esenboğa hava limanına hücumda iştirak edib) edamının qisası olduğunu iddia etsə də, Orlidəki partlayışın qurbanları dörd fransız, bir isveçli və bir amerikalı olub. Həmçinin partlayış zamanı iki türkiyəli də ölüb, ancaq bu, Karapetyanın öldürdüyü insanların böyük əksəriyyətinin Türkiyə vətəndaşı olduğunu açıq şəkildə bildirməsinə mane olmayıb.
Ermənilərin Haaqadakı aksiyası heç də “dinc” xarakter daşımır
Ermənilər tərəfindən Haaqada Azərbaycan səfirliyi yaxınlığında təşkil olunmuş aksiyada ən azı bir ASALA rəmzi daşıyan geyimdə şəxsin olması faktı Niderland hakimiyyəti üçün siqnaldır. Hakimiyyəti erməni terrorçularına səhlənkaralıqla yanaşan Fransa artıq tarixi səhv edib və bu təşkilat heç yerə yoxa çıxmayıb.
Azərbaycan KİV-i Haaqa rəhbərliyinə Azərbaycan səfirliyinin bununla bağlı rəsmi etirazını bildirməsinə baxmayaraq, erməni diasporunun “mitinqi” üçün yeddi saat vaxt ayırmaq qərarını narahatlıq doğuran adlandırır.
Doğrudur, nəticədə, aksiya cəmi iki saat davam edib: hadisəyə Azərbaycan diasporunun nümayəndələri müdaxilə edib və həmin yerdəcə cavab tədbiri təşkil olunub. Onlar əllərində bayraqlar və plakatlarla həmin yerə gəlib, səsgücləndirici ilə erməni qoşunlarının zərbə endirdiyi Tovuz rayonunun yaşayış məntəqələrinin adlarını qışqırıblar. Azərbaycan Silahlı Qüvvələrinin iki ölkənin sərhədindəki hərbi əməliyyatlar zamanı həlak olan hərbçilərinin adları da eyni şəkildə çəkilib.
Nəticədə, erməni aksiya iştirakçıları zor tətbiq etməyə və rəqiblərinə daş və şüşə atmağa başlayıblar. Hadisəyə atlı polislər və xidməti itləri birlikdə hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə etməli olub. Ermənilər dağılaraq evlərinə getməyə məcbur qalıblar.
Ermənilərin getməsindən sonra Azərbaycan diasporunun nümayəndələri doğma ölkələrini dəstəkləmək üçün öz aksiyalarını keçiriblər və Ermənistan qoşunlarının sərhəd bölgəsinə təcavüzünə və yaşayış ərazilərinin işğalına etirazlarını bildiriblər.
Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov rəsmi Bakı adından doğma ölkələrinin maraqlarını müdafiə etməyə və düşmən təxribatlarına qarşı çıxmağa hazır olduqlarına görə toplananlara minnətdarlığını bildirib