Ordunun gücü erməniləri təşvişə saldı - Ziyalılarımız
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə mübarizədə bu gün diasporumuz hər zamankından daha fərqli və fəal şəkildə milli birlik, həmrəylik nümayiş etdirməklə mücadilənin ön cərgəsindədir. Artıq erməni siyasətçiləri də Bakının Ermənistanla mübarizəsində yeni bir cəbhə - Azərbaycan diasporu cəbhəsini açdığını təşvişlə etiraf etməkdədir. Bu cəbhənin lokomotivi olan ziyalılarımız, elm adamları hesab edir ki, gec-tez zəfər haqq uğrunda mübarizə aparan Azərbaycanın olacaq. Terrorçu və yalançı erməniyə sivil dünyada yer yoxdur.
Bu barədə AzadMedia.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Tovuz döyüşləri Azərbaycanın işğal altındakı torpaqlarından əsla vaz keçməyəcəyini bütün dünyaya göstərdi. Son döyüşlər Azərbaycanda əhval-ruhiyyəni yüksəltdi və beynəlxalq aləmdə müxtəlif uğurlara səbəb oldu”, - deyən azərbaycanlı alim, ABŞ-ın Şimali Karolina Universitetinin dosenti Əli Əskərov qeyd edib ki, ordusunun və diasporunun gücü ilə Azərbaycan Ermənistanda ciddi təşviş yaradıb. Həm işğalçı Ermənistanı, həm də onu dəstəkləyən xarici qüvvələri məğlub etmək hər bir azərbaycanlının əsas məqsədi olmalıdır.
Ermənistanın Tovuz təxribatından dərhal sonra dünyadakı dostlarına və həmkarlarına müraciət edən, Fransada yaşayan tanınmış azərbaycanlı pianoçu, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva onları Ermənistanın təcavüzü barədə məlumatlandırıb: “Mənim ölkəm – hər zaman özünün çoxmillətli mədəniyyəti, bütün xalqlara və dinlərə qarşı tolerantlığı, sülhsevər siyasəti ilə fərqlənən Azərbaycan yenidən Ermənistanın təxribatlarına məruz qalıb. Biz öz torpaqlarımızda sülh istəyirik. Təcili olaraq öz torpaqlarımızın, mədəni abidələrimizin qaytarılmasını tələb edirik. Biz tarixən dünyaya sabitlik, inkişaf arzulayan sülhpərvər xalqıq. Biz öz Vətənini qürurla müdafiə edən gənclərin öldürülməsinə qarşıyıq. Biz erməni təbliğat maşınının təsirinə uymadan dünya ictimaiyyətindən bu ədalətsizliyə obyektiv qiymət verilməsini istəyir və gözəl gələcək uğrunda ədalətin və insanlığın qalib gələcəyinə ümid edirik”.
Yaponiyada Tokio Universitetinin doktoru, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər də milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün ölkələrin həmrəy şəkildə COVID-19 virusuna qarşı mübarizə apardığı çətin şəraitdə Ermənistanın məkrli niyyətini, əməllərini pisləyir: “Mən və mənim kimi dünyanın dörd bir tərəfində yaşayan 55 milyon azərbaycanlı Ermənistanın hərbi təcavüzünü və təxribatını qətiyyətlə pisləyir, dünya ictimaiyyətini Azərbaycanın haqq səsinə dəstək verməyə çağırırıq. Azərbaycanı qorumaq üçün hər şeydən qiymətli sayılan həyatlarını qurban vermiş insanların qarşısında baş əyirəm, Allahdan onlara rəhmət, ailələrinə səbir diləyirəm!”.
Əslən Dağlıq Qarabağın Şuşa şəhərindən olan Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasının bədii rəhbəri Ülviyyə Aslanova - Güler 30 ildir Qarabağ həsrəti ilə yaşayan ziyalılarımızdandır: “Mənim babam Şuşada anadan olub və ömrünün son günlərinə kimi öz doğma yurduna, doğma torpağına və evinə geri dönmək ümidi ilə yaşadı. Mən uzun müddətdir. Türkiyədə yaşasam da, doğma yurdumu, doğma Qarabağımı görmək ümidi məni əsla tərk etmədi və etməyəcək. Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyinə inanıram. Ümid edirəm ki, dünya birliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalına son qoyulmasını Ermənistandan tələb edəcək, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, haqq-ədalət öz yerini tapacaq. Artıq erməni işğalına, erməni təcavüzünə, erməni terroruna, erməni vandalizminə son qoymağın vaxtıdır”.