Sabunçu sakinləri ifunət içində: SOCAR-dan cavab - Video
Sabunçu qəsəbəsi Qamboy Vəzirov küçəsi döngə 4-də yaşayan sakinlər üstü açıq kanalın antisanitariya şəraiti yaratmasından şikayət edirlər. Onlar bildirirlər ki, sözügedən kanaldan ətrafa üfunət yayılır və yağış yağarkən kanal daşır, çirkab sular küçələrə axır. Bu isə koronavirusun tüğyan etdiyi bir zamanda ərazinin virus mənbəyinə çevrilməsinə səbəb olur.
Sakinlərin sözlərinə görə, ətrafdakı evlərin kanalizasiya və tullantı suları buraya axıdılır, lakin kanal kanalizasiya üçün nəzərdə tutulmayıb. Həmçinin o da bildirilib ki, illər öncə kanalın üstü nazik betonlarla örtülüb, lakin kimlərsə betonu oğurlayıb.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Osmanov bildirib ki, sözügedən kanal SOCAR-a məxsusdur və məsələnin həlli üçün SOCAR-a müraciət edilib:
“Kanalın üstünün bağlanması üçün SOCAR-a müraciət edilib. Bununla bağlı tədbir görüləcək. Biz həmin kanalı bu yaxınlarda təmizlətdik. Üstünün bağlanmasını isə SOCAR edəcək”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov isə bildirib ki, sözügedən yer Balaxanı Əməliyyat Şirkətinin fəaliyyət göstərdiyi mədən ərazisidir.
Balaxanı Əməliyyat Şirkətindən saytımıza bildirilib ki, həmin ərazidə vətəndaşların məskunlaşması qanunla qadağandır:
“Azərbaycan Respublikasının qanunvericiliyində neft mədənlərinin ərazisində əhalinin məskunlaşması qadağandır. Xüsusilə də intensiv neftçıxarma aparılan ərazilərdə radiasiya fonu, lay suları və s. kimi təzahürlər insanlar üçün ziyan olduğuna görə neft şirkətlərinin mühafizə xidmətləri bu ərazilərdə vətəndaşların qanunsuz “gecəqondu” şəklində məskunlaşmasını qarşısını almağa çalışsa da, onilliklər ərzində minlərlə insan bəzən müxtəlif dəllalların köməyi ilə, bəzən məlumatsızlıq, bəzən imkansızlıq ucbatından bu ərazilərdə məskunlaşmışlar. Balaxanı mədənində neftçıxarma prosesində neftdən ayrılan lay suları əvvəlki dövrdə bu açıq kanal vasitəsilə utilizasiya qurğusuna nəql olunurdu. Lakin sonradan həmin mədənin ərazisində qanunsuz olaraq insanlar məskunlaşdı və bunun nəticəsində bu gün onların evləri həmin kanalı əhatə edir. İnsanların burada qanunsuz məskunlaşdığına baxmayaraq, müvafiq qurumlar onları müxtəlif kommunal xidmətlərlə təchiz etdilər. Ancaq bildiyimiz qədər, həmin əraziyə kanalizasiya xətti hələ çəkilməyib. Buna görə insanlar Balaxanı Əməliyyat Şirkətinə məxsus olan bu kanaldan həm də kanalizasiya kimi istifadə etməyə başladılar. Bu hadisələrin nəticəsində kanal artıq faktiki insanların yaşadığı ərazidən keçdiyinə görə Balaxanı Əməliyyat Şirkəti bu kanal vasitəsilə lay sularını nəql etməmək qərarına gəldi və bunun üçün tam ayrı olan, yəni həyətlərin arasından keçməyən və qapalı olan bir kanal xəttini inşa etdirdi. Bununla da şirkət öz mənəvi öhdəliyini yerinə yetirməyə çalışaraq, faktiki insanların yaşadığı ərazidə lay sularının keçməsinin qarşısını aldı”.
Şirkətdən o da bildirilib ki, qəsəbə sakinlərinin istəyi ilə lay suları o kanaldan axıdılır:
“Lakin həm sakinlərin özləri, həm də icra hakimiyyəti orqanlarının bəzi əməkdaşları da şirkətə müraciət edərək, lay sularının bir hissəsinin köhnə açıq kanal vasitəsilə axıdılmasının davam etdirilməsində inad etdilər. Çünki əks halda insanların həmin kanala axıtdığı kanalizasiya suları hərəkət etmir, nəticədə qanunsuz tikilən bu qəsəbədə ifrat dərəcədə üfunət yayılır. Hazırda lay sularının əsas hissəsi ayrı xətt üzrə nəql olunsa da, kiçik bir hissəsi sırf insanların bu xahişlərinə görə qanunsuz tikililər arasından keçən kanal xətti üzərindən nəql olunmaqdadır. Şirkət hər an bütün lay sularını təhlükəsiz qapalı xəttə yönləndirməyə hazırdır, lakin sakinlər özləri buna qarşı çıxır. Bu əraziyə kanalizasiya xətti çəkilməyincə hazırkı açıq xəttin üstünün bağlanması haqqında icra hakimiyyətinin nümayəndələri ilə danışıqlar olmuşdu. Danışıqlar SOCAR-la deyil, Balaxanı Əməliyyat Şirkətinin nümayəndələri ilə aparıldı. Şirkətin sərəncamında gələcəkdə izafi qalan tikinti materialları olacağı təqdirdə sözügedən kanal xəttinin örtülməsinə istifadə olunması haqqında ilkin şifahi razılıq əldə olundu. Təbii ki, Balaxanı Əməliyyat Şirkəti neftçıxarma şirkətidir, kanalizasiya xidməti deyil və buna görə burada onun hər hansı öhdəliyindən söhbət gedə bilməz. Ancaq gələcəkdə belə bir imkan olarsa, sosial yardım məqsədi ilə şirkətdə bu məsələyə baxıla bilər. Problemin real həlli buraya normal kanalizasiya xəttinin çəkilməsidir. Problemin köklü həlli isə ümumilikdə neft mədənləri ərazilərində insanların qanunsuz məskunlaşmamasıdır. Çünki bütün kommunal xidmətlər təmin olunsa belə, mədən ərazisi istehsalat sahəsidir, burada yanğından tutmuş yüksək radiasiya fonuna qədər insan həyatı üçün müxtəlif təhlükələr mövcuddur və məhz bu səbəbdən neft şirkətlərinin mühafizə xidmətləri insanları bundan daim çəkindirməyə çalışırlar”.