AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni hiyləsinə tuş gələn rus şairi

  • + A
  • - A
  • 7-09-2020, 20:40

    Aleksandr Sergeyeviç Fomenkov böyük rus yazıçısı Anton Çexovun vətəni Taqonroqda yaşayır. Bu şəhəri İkinci Dünya müharibəsində alman faşizmindən azad edən azərbaycanlılardan ibarət 130-cu və 416 –cı “Taqonroq” dviziyalarına, həmçinin 20 Yanvar şəhidlərinə, Xocalı faciəsinə şeirlər həsr edib. “Qara paltarlı qadın” hekayəsində igid azərbaycanlı döyüşçü Zülfiqardan bəhs edir. Şeirlərinin bir qismini şair-tərcüməçi Əlizaman Baxış dilimizə çevirib...

    Aleksandrın Azərbaycana olan sevgisinin haradan qaynaqlandığı məni çox maraqlandırırdı. Çalışırdım ki, bu sevginin əsl səbəbini öyrənəm. Söz yox ki, internetdə şeirləri ilə tanış olanda bilirdim ki, ilk dəfə Bakıda Şəhidlər xiyabanını ziyarət edəndə Saşanın şair kimi ruhu, insan kimi qəlbi sızıldayıb. Axı bu xiyabanda uyuyanlar onun doğma şəhəri Taqanroqu alman faşistlərindən azad edən igid Azərbaycan döyüşçülərinin nəvə-nəticələri idi... “Zəminxarə” muğamının qəmli sədaları altında gözü yaşlı Azərbaycan analarının yaslı çöhrələrinə baxa-baxa “Bizi bağışlayın!” pıçıldayıb huşunu itirmişdi. Ertəsi gün Respublika xəstəxanasında özünə gələndə “Bundan belə nə qədər yaşayacağımı bilmirəm, bircə onu bilirəm ki, cismən rus, qəlbən son nəfəsimədək bakılı olacağam, vəssalam!”-demişdi.

    Muqam! Sozvuçen tı Koranu!

    Tı pesnya plamennıx serdets!

    İz slov lyubvi k Azerbaydjanu

    Poeziya pletyot venets.


    Azərbaycan musiqisinə – muğamına sevgisini dilə gətirən Aleksandr Fomenkovun “Qəlbin yaddaşı” kitabının birinci nəşri Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin dəstəyi ilə reallaşıb. Elə kitabın ilk səhifəsindən bu sətrlər diqqətimi cəlb etdi: “Qəlbin yaddaşı” kitabı... Serj Sarkisyanın başçılıq etdiyi erməni millətçiləri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş kütləvi qətllər zamanı qurban

    getmiş dinc insanların əziz xatirəsinə həsr olunur.” Saşanın kitabı zülmətə qarşı yazılan alov kimidir. 6 çap vərəqi həcmində olan kitabın təkrar nəşrindən müəllifin mənə verdiyi 3-4 nüsxəni M.F Axundzadə adına Azərbaycan Milli Kitabxanasına təqdim etdim. Saşa ürəyinin başı qovrula-qovrula vicdanı susmuş dünyanın siyasət əhlinə, bütün bəşəriyyətə sual edir: “Məgər Sarkisyanın bu hadisə ilə bağlı açıqlamaları bunu birbaşa sübut etmir ki, onun özü bu qanlı qırğında şəxsən iştirak etməsə də, Dağlıq Qarabağın azərbaycanlılardan ibarət mülki əhalisinin fiziki cəhətdən məhv edilməsinə dair qərarın qəbul olunmasında birbaşa iştirak edib? Məgər Sarkisyanın ifadələri onun Haaqada Beynəlxalq cinayət tribunalına cəlb olunması üçün lazımı qədər əsas vermirmi?”

    Taqonroqda, Moskvada, Bakıda keçirdiyi saysız-hesabsız mətbuat konfranslarında “Qarabağ Azərbaycan torpağıdır” dediyinə görə Saşa internetdə ermənilər tərəfindən ən çox “təcavüzü”ə məruz qalan və təhqir olunan rus ziyalısıdır. Aleksandr Fomenkov öz müsahibələrində müharibə başlasa qələmi silahla əvəz edəcəyini, ermənilərə qarşı döyüşəcəyini, Azərbaycan oğullarının Taqonroqun azadlığı uğrunda əsirgəmədiyi canı o da Qarabağ uğrunda qurban verməyə hazır olduğunu açıqlamışdı. Aprel döyüşlərindən sonra uzun müddət saqqal saxladı. Həmin ilin sentyabrında Bakıda Rus Kitab Evində yaradıcılıq gecəsi keçiriləndə “mən Azərbaycanı sevən sadə rus insanıyam. Mənim gücüm və mənliyim bundadır” deyən A. Fomenkov öz ölkəsinin birinci şəxslərinə nasist Ermənistanı ilə eyni hərbi-siyası blokda olmasına etirazını yüksək kürsülərdən söyləmişdir: “Bu əməkdaşlıq mənə – 1943-cü ildə 416-cı Azərbaycan atıcı diviziyası tərəfindən vətəni alman faşistlərinin zülmündən azad edilmiş təpədən dırnağa Rusiya vətəndaşına təhqirdir. Rusiyanın rəhbərləri koçaryanlara, sarkisyanlara əl uzatmamalıdır... Rusiya rəhbərliyi çox gözəl bilir ki, onlar cinayətkardır, amma Azərbaycan NATO- ya daxıl olmasın deyə, onların zəncirini əllərində saxlayır.”

    ...Həmişə Xocalı soyqırımı abidəsini ziyarət etməyə gələn qələm dostumuz iki-üç il Bakıya gələ bilmədi. Səbəbini soruşanda Saşa dedi ki, çox ağır xəstələnmişdim, vəziyyətim o qədər ağır idi ki, aptekdən

    dərman almağa belə maddi imkanım tükənmişdi. Bu barədə necə oldusa, özümün “Facebook” səhifəmdə yazdım. Sosial şəbəkədə virtual dostluq etdiyim Elşad adlı bir azərbaycanlı gənc mənə yardım təklif etdi. Uzaq Norilsk şəhərində yaşayan bu gənc mənə yazdı ki, dərmanları almaq üçün pulu hansı ünvana göndərim? Əvvəl mən etiraz etdim, amma səhhətim çox ağırlaşanda mən ona bank hesabımı yollamalı oldum. O, mənə pul yolladı...

    Beləcə Aleksandr Fomenkov şəfa tapıb, yataqdan ayağa qalxır. Amma Elşad Məmmədli adlı soydaşımız rus şairinə yenə yardım etməli olur. Bir dəfə Elşad internet portallarında xəbər tutur ki, Aleksandr Fomenkovu böhtan xarakterli şikayətə görə mühakimə edirlər. Əslində onun bəyanatlarında, müsahibələrində dəfələrlə “Qarabağ Azərbaycana məxsusdur” deməsi, erməni işğalçılarını faşist adlandırması Rusiyada, eləcə də yaşadığı Taqonroq şəhərində daşnak lobbisini çoxdan narahat edirdi. Dəfələrlə ermənilər onu ölümlə hədələmişdilər. Bu dəfə məhkəmə qərar çıxarmayınca Aleksandra şəhəri tərk etmək qadağan olunmuşdu. Bu barədə o mənə də yazmışdı, əgər qadağa olmasaydı, 26 fevralda Bakıya - Xocalı qurbanlarının xatirəsinə qoyulmuş abidəni ziyərət etməyə gələcəkdi...

    Bəli, Elşad Məmmədli “Azərbaycan mənim sevgim, Şuşa ürəyimin ağrısıdır” deyən rus şairinin bankdakı hesabına məhkəmədə vəkil tutmaq üçün yenə pul göndərir. Məhkəmə istintaqı zamanı Aleksandra bədxahların böhtan atdığı öz təsdiqini tapır.

    Elşada təşəkkürünü bildirən Aleksandr Novruz bayramı günləri Bakıda olacağını bildirir: “Xahiş edirəm, atanızın telefon nömrəsini yazın. Mən Bakıda ona zəng edib mütləq görüşəcəyəm.” Elşad cavab yazır ki, atam Bakıda yox, Masallıda yaşayır. Saşa çox sevinir və yazır ki, mənim Masallıda dostlarım var, dəfələrlə orada olmuşam. Bu dəfə

    rus şairinin məqsədi onu ağır xəstəliyin “əlindən” və erməni şərindən qurtardığına görə Elşadın atası İmanqulu Məmmədovun əlini sıxmaq, ona səmimi təşəkkür etmək idi. Azərbaycana növbəti səfər öncəsi rus şairi Elşadın anasına “Dior” firmasının istehsalı olan ağ kəlağayı, atası İmanqulu müəllimə isə köynəyin qol manjetinə taxmaq üçün bir dəst yaraşıqlı italyan düyməsi hədiyyə almışdı. Elşadın atası rus qonağını

    Masallının girişində qarşıladı. Həmin gün mən də Masallıda idim. Aleksandır Elşadın alicənablığını bütün Azərbaycan xalqına xas olan xeyirxahlıq adlandırıb atasına minnətdarlıq etdi. Birlikdə şəkil çəkdirdik. Elşadın atası Kərbəlayi İmanqulu Məmmədovu çoxdan tanıyırdım. Bacarıqlı kənd təsərrüfatı mütəxəssisi olmaqla bərabər, həm də şeir-sənət vurğunu idi.

    Bakıya dönəndə Saşa yolboyu üzünü görmədiyi Elşaddan bəhs edib bu, çox maraqlı hekayə sujetidir, -dedi, - əgər istəsən qələmə al, mənim adımdan Elşadın ailəsinə, bütün masallılılara, Azərbaycan xalqına minnətdarlığımı izhar elə...

    Axşamüstü Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılovla görüşdük. İlham müəllimin təsisçisi olduğu “Birlik” jurnalında A. Fomenkovun məqaləsi dərc olunmuşdu. ATXƏM-in Salyandakı iqamətgahında bayramsayağı açılan süfrə arxasında maraqlı söhbətlər etdik. İlham müəllim vaxtilə ona orta məktəbdə dərs deyən müəllimlərini də rus qonaqla görüşə dəvət etmişdi.

    Ötən il Bakıda bir neçə gün qonaq olan Saşa mənə tezliklə Azərbaycan dilində kitabının nəşr olunacağını bildirdi. Amma mənim üçün son görüşümüzdən ondan yadigar qalan Elşad İmanqulu oğlu Məmmədlinin xeyirxah əməlləri barədə bir kitaba sığmayan maraqlı söhbətləri oldu...

    Bəli, bu gün hamı öz yaddaşını qınayır, bəzən yaxşılıqları belə unudur. Ancaq Aleksandr Fomenkov nə özünün, nə də qəlbinin yaddaşından gileylənir. “Xocalı faciəsi” – “Qarabağ unutqanlığı” bəşəri xəcalətdir, deyə haray çəkir. Kaş dünyada Saşanın harayına hay verən insaflı qələm sahibləri çox olaydı...

    Nurəddin Muğanlı, “İki sahil”

    Şəkilaltı. Aleksandr Fomenkovun Bakıda Rus Kitab Evində yaradıcılıq gecəsi, 2016-cı il.

    Rus şairini ermənilərin şərindən qurtaran Elşad Məmmədli

    Erməni hiyləsinə tuş gələn rus şairi
    Erməni hiyləsinə tuş gələn rus şairi
    Erməni hiyləsinə tuş gələn rus şairi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR