İran və Oman Hörmüz boğazından daimi dəniz dəhlizi yaratmağı planlaşdırır

İran və Oman Hörmüz boğazından daimi dəniz dəhlizi yaratmağı planlaşdırır
İran və Oman Hörmüz boğazından gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün mərhələli plan hazırlamaq barədə razılığa gəliblər. Bu barədə İranın IRIB telekanalı məlumat yayıb.
Birgə bəyanata əsasən, planın ilk mərhələsində Hörmüz boğazından keçən müvəqqəti birgə dəniz dəhlizinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, boğazın akvatoriyasının minalardan təmizlənməsi üzrə birgə layihənin həyata keçirilməsi planlaşdırılır.
Tərəflər arasında texniki danışıqlar davam etdiriləcək. Danışıqların əsas məqsədi daimi dəniz dəhlizinin yaradılması, boğazın gələcək idarə olunması, məlumat mübadiləsi mexanizminin müəyyənləşdirilməsi, gəmi hərəkətinin tənzimlənməsi, eləcə də naviqasiya və təhlükəsizlik xidmətlərinin göstərilməsi ilə bağlı razılaşmaların əldə edilməsidir.
İran və Oman həmçinin Fars körfəzinə çıxışı olan digər regional dövlətlərlə birgə məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulayıblar.
İki ölkə beynəlxalq hüquq normalarına riayət edilməsinin və sahilyanı dövlətlərin suveren hüquqlarına hörmət göstərilməsinin zəruriliyini qeyd edib.
Hörmüz boğazı dünya enerji və dəniz ticarəti üçün strateji əhəmiyyət daşıyan əsas su yollarından biridir. Buna görə də burada gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi regionun iqtisadi və enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.