Məşhur Məmmədov: Tarixə nəzər salsaq görərik ki, “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanda yeni bir dövr başladı
Bu gün Azərbaycan iqtisadiyyatının dirçəlməsində, çiçəklənməsində mühüm rolu olan “Əsrin Müqaviləsi”nin imzalanmasından 26 il ötür. "Əsrin müqaviləsi" müasir Azərbaycan tarixində ölkənin gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir. O dövrlər ölkə müharibə şəraitində olsa da, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə dünyanın aparıcı neft istehsalçısı olan şirkətlərin rəhbərlərini ölkəyə cəlb edəcək bir mühitin formalaşmasına nail oldu. Müqavilə nəticəsində ölkəmizə 100 milyard dollarla sərmayə axını baş verdi. Bu sərmayələr həm neft sektorunu əhatə etdi, həm də qeyri-neft sektoruna yatırıldı və müasir Azərbaycanın inkişafının təməlləri formalaşmağa başladı.
Bu sözləri Azadmedia.az saytına Milli Məclisin deputatı Məşhur Məmmədov bu günkü günün tarixi və iqtisadi əhəmiyyətini şərh edərkən bildirib.
Bu əsas ixrac neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa, müqavilənin siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu. Ona görə də neft kontraktının əhəmiyyətindən danışanda ölkənin iqtisadi-sosial inkişafına, siyasi təhlükəsizliyin təminatına, beynəlxalq siyasətdə mövqelərimizin möhkəmlənməsinə verilən töhfələrdən danışmamaq qeyri-mümkündür deyən deputat qeyd edib ki, biz "Əsrin müqaviləsi"nin imzalandığı dövrün mənzərəsinə diqqət yetirsək, görərik ki, dünyanın 11 aparıcı şirkətini Azərbaycana dəvət etmək, onları neft sənayemizin yeniləşməsinə sərmayə qoyulmasına inandırmaq heç də asan məsələ deyildi.
Məşhur Məmmədovun sözlərinə görə tarixə nəzər salsaq görərik ki, “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanda yeni bir dövr başlandı. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. Neft amilinin bu formada istifadəsi və müxtəlif ölkələrin şirkətləri ilə iş qurmaq Azərbaycan üçün olduqca önəmli idi. Gələcəkdə də ölkəmizdə neft amili çox vacib olacaq. Çünki neft faktoru iqtisadiyyatda ən böyük lokomativdir.
3 il əvvəl Prezident İlham Əliyevin imzası ilə yenidən təsdiq olunmuş 2-ci "Əsrin müqaviləsi" 2050-ci ilə qədər pay bölgüsü əsasında Azəri-Çıraq-Günəşli yataqlarının yenidən işlənməsinə və karbohidrogen resusrsların xalqımızın rifahına xidmət etməsinə imkan verəcəkdir. Bu gün valyutada milyardlarla dollar qızıl ehtiyatımız var. İnfrastrukturlar tamamlanıb, yeni yollar, idman mərkəzləri, səhiyyə ocaqları, fabriklər tikilib. Bu kontraktdan sonra Azərbaycanda əməlli-başlı və köklü dəyişikliklər oldu. Həmçinin Azərbaycan dünya miqyasında tanınmış ölkələr sırasında yer aldı.
Bu proses bu gün də davam edir. Hazırda ölkəmiz kifayət qədər inkişaf etmiş və güclü iqtisadiyyata malik bir dövlətdir. Bu gün ölkəmizin nüfuzu, Azərbaycana göstərilən diqqətin əsası “Əsrin müqaviləsi”ndən başlanır.