30 ilə yaxındır ki, işğalçı Ermənistan danışıqlarda yalnız imitasiya ilə məşğul olub. Bu, bir həqiqətdir. ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi - Rusiya, ABŞ və Fransa kimi dünyanı idarə edən vasitəçilər Ermənistan kimi kiçik bir ölkəni BMT-nin məlum dörd qətnaməsinə əməl etməyə, haqqa, hüquqa hörmət göstərməyə məcbur edə bilməyiblər. Hələ də buna inanırsınız? Bu sual elə-belə yaranmayıb. Son aylarda görüb-eşitdiklərimiz yaratdı bu sualı.
Ordumuz döyüş meydanında işğalçı üzərində hərbi uğurlar qazandığı bir vaxtda Fransadan gələn rəsmi bəyanat bu oldu ki, Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik.
ABŞ-da hazırda prezident seçkilərinin qızğın mərhələsidir, hər iki namizəd etnik erməni olan vətəndaşlarının səsləri uğrunda mübarizə aparır. Erməni lobbisinin çox güclü olduğu bu ölkədə namizədlər dediyim səbəbdən ehtiyatlı ritorikadan istifadə edirlər. Ermənilərin edəcəyi seçim onların hər ikisi üçün eyni dərəcədə önəmlidir. Hər dörd ildən bir belə olub və indi də belədir.
Keçid alaq üçüncü vasitəçiyə. Əslində Rusiya üçüncü yox, həlledici həmsədrdir. Onun Cənubi Qafqazda öz maraqları var, regionda ən ciddi nüfuz sahibidir və son illər ərzində yenidən dünyanın əsas siyasi oyunçularından birinə çevrilib. Yerləşdiyimiz region tarixən eynidir, son 27 il, ələxsus 20 ildə səmimi və etibarlı dövlətlərarası müttəfiq münasibətlərimiz olduğuna inanmışıq. Amma Ermənistanın iyul ayında Tovuz rayonundakı təxribatından sonra məlum oldu ki, iyulun 17-dən sentyabrın 2-ə qədər Rusiyadan ışğalçı ölkəyə min tona qədər hərbi-texniki təyinatlı yük daxil olub. Ermənistanın keçmiş prezidenti Sarqsyanın özünün etirafına görə, təkçə onun səkkiz illik rəhbərliyi dövründə Rusiya ölkəsinə pulsuz-parasız 50 min tondan çox hərbi yük, sursat verib. Rusiyanın ən azı beş minlik kontingenti olan hərbi bazası bu gün də Ermənistanın ərazisində yerləşir, işğalçının dövlət sərhədlərini iki istiqamətdə o qoruyur, hər iki ölkə eyni hərbi blokda - KTMT-də təmsil olunurlar. Oktyabrın 10-da məhz Moskvada əldə olunan humanitar atəşkəs razılığından heç bir gün keçməmiş, Gəncə və onun mülki əhalisi Ermənistanın “SCUD” sistemindən atdığı raket zərbəsinə məruz qaldı. Aralarında azyaşlı və qadın olmaqla 10 vətəndaşımız həlak oldu, 30-dan çox mülki şəxs yaralandı, üç uşaq hər iki valideynini itirdi.
Paşinyan hakimiyyətinin bu vəhşiliyini əks etdirən Gəncədən çəkilən fotoşəkillər “Komsomolskaya Pravda” nəşri tərəfindən qərəzli şəkildə dünyaya Xankəndinin səhnələri kimi təqdim edildi. Rusiyanın Xarici işlər naziri bir-iki gün əvvəl geniş müsahibə verdi. Ona humanitar atəşkəsə, Qarabağa və münaqişəyə dair suallar verildi. Müsahibəni götürən üç media nümayəndəsindən ikisi etnik erməni Marqarita Simonyan və Roman Babayan, üçüncüsü isə elə həmin “Komsomolskaya Pravda”nın nümayəndəsi idi.
Bu gün aktual beynəlxalq terminlərdən biri olan bu format nazirin Ermənistan ictimaiyyətinə mesajımı idi, yoxsa bizim cəmiyyətə, yaxud eyni vaxtda hər ikisinə, bunun cavabını diplomatlar bilər.
Nəhayət, son günlər yayılan məlumatlardan belə aydın olur ki, humanitar atəşkəs dövründə Marsel və Lion şəhərlərindən, eləcə də Rusiyadan Ermənistana hərbi təyinatlı yüklər bu gün də daxil olmaqdadır. Müxtəlif yollarla,o cümlədən mülki aviasiya ilə...
Sülh danışıqlarında ən vacib şərtlərdən biri vasitəçilərin tərəf tutmamasıdır.Bütün bu faktlardan sonra, tərəfsizliyin cüzi də olsa əlamətini görə bilirsinizmi? Onlar yalnız üzdə olanlarıdır, ictimailəşdirilən, yaxud rəsmi şəkildə etiraf edilənlərdir. Açıqlanmayanlar isə səlahiyyətli dairələrimizə məlumdur...
Qardaş Türkiyənin ölkəmizə göstərdiyi qəti və açıq siyasi-mənəvi dəstəyindən, xüsusən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın son günlərdəki “Azərbaycanı Türkiyə olaraq bütün varlığımızla müdafiə edib, yanında olacağıq” bəyanatından sonra beynəlxalq media orqanlarında, ilk növbədə, vasitəçi ölkələrin informasiya məkanında baş verən rəzalət və hədyanlar, bəzilərində isə suverenliyimizə açıq hədələr, acı təəssüf doğurur. Qəzəb və hiddət sözlərini bilə-bilə işlətmədim. Axı 30 ildir ki, onlara səmimi şəkildə inanan, güvənən özümüz olmuşuq. Amma onların ədaləti də, rəsmi siyasəti də, əslində bu imiş, bu gün də budur...
İlk növbədə, xalqımızın adət-ənənəsinə görə siyasi etikanı pozmazdım. Yaşda böyük olduğu üçün, indi deyəcəyimi deməzdim. Amma dilinə ağalıq edə bilməyən birisi, xüsusən rəsmi statusu olan şəxs çirkin ritorikasını daha eybəcər şəkildə davam etdirirsə, bunu yaşına-başına baxmayaraq, özü haqq etdi. Bir vaxtlar Azərbaycan xalqını səkkiz milyon qoyun adlandırmış deputat Vladimir Volfoviç Jirinovskiyə deyirəm: donuz da özünsən, soxulcan da. İstəyənlər, dediklərimə qoşula bilərlər...
Milli Məclisin deputatı
Ülvi Qiliyev