Milli Məclisin Sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Göşeh ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Spiker Azərbaycanın onun dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib.
“Siyasi müstəvidəki müsbət dialoq digər sahələrdə də intensiv əlaqələrin qurulmasına şərait yaradır. Heç də təsadüfi deyil ki, ölkələrimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. İqtisadi sahədə əlaqələrimizi daha da dərinləşdirmək üçün geniş imkanlar var”,-deyə S.Qafarova bildirib.
Milli Məclisin sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb.
Səfir Sami Abdullah Göşeh isə deyib: “Azərbaycanı sevməmək mümkün deyil”. Qeyd edilib ki, İordaniya onunla ortaq dini, mədəni və mənəvi dəyərləri bölüşən Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır.
“Hər iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq münasibətləri əməkdaşlığımızın daha da inkişafı üçün möhkəm zəmin yaradır. Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir”.
Söhbətdə parlamentlərarası əlaqələrin bu günü, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.