Oğul atanı qətlə yetirdi
center]
Abşeron rayon prokurorluğunun məlumatı
Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadıqları evdə oğlu tərəfindən bıçaqlanan 1981–ci il təvəllüdlü atanın müalicə aldığı xəstəxanada ölməsi barədə 29 yanvar 2021-ci il tarixdə, saat 22 radələrində rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Cinayət prosessual normalara uyğun olaraq rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Aparılmış ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü İlkin Quliyevin (ad şərti olaraq qeyd olunmuşdur) həmin gün saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atasına bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin Quliyev tutularaq istintaqa cəlb edilmişdir.
Müdafiəçi və qanuni nümayəndəsinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən İ.Quliyev törətdiyi əməli tam etiraf etmişdir.
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.