Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyənin paytaxtı Ankarada Türk Dünyası Metrologiya Forumunda çıxış edib.
Bu barədə “TRT Avaz” məlumat yayıb.
Forumda iki qardaş ölkənin hökumət nümayəndələri, iş adamları, şirkət rəhbərləri, biznes və ticarət sahələrini təmsil edən tanınmış şəxslər, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan nümayəndələr iştirak ediblər.
Əsədov çıxışında Türkiyənin iqlim dəyişikliyi ilə mübarizə səylərini yüksək qiymətləndirib:
“Türkiyənin qlobal istiləşməyə fayda verəcəyinə inanırıq. Türkdilli ölkələrin birliyi və qardaşlığı həm ölkələrimiz, həm xalqlarımız, həm də bölgə üçün əhəmiyyətli faktordur”.
Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, köməkçisi Fuad Oktaya və Türkiyə xalqına Dağlıq Qarabağda Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən 44 günlük müharibədə ölkəmizə göstərdikləri mənəvi dəstəyə görə təşəkkür ünvanlayıb:
“Müharibənin ilk saatlarından etibarən Türkiyənin dəstəyini hiss etdik. Türkiyə bütün səviyyələrdə Ermənistanın təxribatlarını qınadı və Azərbaycanın tək olmadığını elan etdi”.
Əsədov Ermənistanın 30 illik işğal dövründə ətraf mühitə vurduğu ziyandan da danışıb:
“Xain düşmən 30 illik işğal dövründə Azərbaycan ərazilərində ekoloji terror həyata keçirib. Təəssüf ki, qədim tarixə, orijinal maddi və mədəni irsə, misilsiz bitki və heyvanlara, zəngin mədənlərə sahib olan Qarabağ vəhşicəsinə istismar olunub. Bölgənin meşə ərazisi qəsdən yox edilib, məhsuldar torpaqlar və su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qalıb. Torpaqlarımızda uzun illər qanunsuz məskunlaşan düşmən bu əraziləri tərk edəndə ağaclarımızı kəsib və meşələrimizi məhv edib”.
İşğaldan azad edilmiş bölgələrin ekoloji bərpası üçün hərtərəfli tədbirlərin görüləcəyinə diqqət çəkən Əsədov bildirib ki, bu torpaqlar “yaşıl enerji” bölgəsinə çevriləcək:
“Köçkünlər “Böyük qayıdış” planı çərçivəsində öz ata yurdlarına qayıdacaqlar”.
Əsədov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramına təmiz ətraf mühit və “yaşıl inkişaf” prinsiplərinin daxil edilməsi təsadüf deyil.
O deyib ki, pandemiyaya görə sərhədlərin bağlı olduğu bir zamanda türkdilli dövlətlərin belə bir toplantı keçirməsi simvolik əhəmiyyət kəsb edir.
Nazir forumda iştirak edən dövlətlərlə fərqli sahələrdə faydalı əməkdaşlığın həyata keçirilməsindən və bu əlaqələrin bölgənin geosiyasi mənzərəsində müsbət dəyişikliyin yaranmasına təsir edəcəyindən bəhs edib:
“Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərinə töhfə olaraq 2030-cu ilədək istilik effektinə səbəb olan qazların emissiyasını 35 faiz azaltmağı hədəfləyib”.
Baş nazir bildirib ki, hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan biznesmenlər arasında liderdir.
Türkiyənin “Gələcəyə Nəfəs” kampaniyası çərçivəsində Azərbaycanda ağacəkmə fəaliyyətini xoş təəssüratlarla xatırladığını qeyd edən Əsədov deyib ki, bu hadisənin iqlim dəyişikliyi ilə mübarizədə böyük rol oynayacağına inanır.