Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin tələbələri üçün “Rəhbərlik proqramı” çərçivəsində “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinar keçirilib.
Aİİ İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov məruzəsində ictimai mühitdə baş verən aqressiv hallar və bu aqresiyanın doğurduğu intihara münasibət, özünəqəsdin niyə və hansı səbəblərdən baş verdiyindən bəhs edib. Məruzəçi, həmçinin intiharı aradan qaldırmaq olarmı, yoxsa özünəqəsd bütün dönəmlərdə aktual problem olaraq qalacaq, din bu məsələyə necə yanaşır və digər mövzularla əlaqəli məsələlərə aydınlıq gətirib.
A.Qənbərov dinin insan həyatına xüsusi məna qazandırması, onun dünyagörüşünü formalaşdırması, eləcə də insanın yaşamında meydana gələn çətinliklər, faciəvi hallar və digər amillərə qarşı təsəlliedici amil kimi çıxış etməsindən bəhs edib. O, dinin mənəvi məhrumiyyətləri kompensasiya etməsi, insanı mənəvi böhranlara, depressiv hallara qarşı qoruyaraq həyata bağlamasına müsbət təsir göstərdiyini vurğulayıb.
Məruzəçi daha sonra bildirib ki, intiharın sosial səbəblərindən biri də anomiya halıdır. Yəni intihar həyatın mənası, məqsədilə bağlı dəyərlər sisteminin tənəzzül etməsi ilə əlaqəlidir: “Bu mənada, xüsusilə qeyd edilməlidir ki, dinin dünyagörüşü, təsəlliedici və kompensasiya funksiyaları intihara səbəb olan mənəvi böhranların aradan qaldırılmasında müstəsna rola malikdir”.
Qeyd edək ki, Aİİ tələbələri üçün “Rəhbərlik proqramı” çərçivəsində müxtəlif mövzularda aylıq vebinarlar təşkil olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.