Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “40 hədis” yarışması keçirilib. Müsabiqə "ZOOM" platforması üzərindən təşkil olunub.
Yarışmanın münsiflər heyətində İnstitutun İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, müəllimlərdən – ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Namiq Abuzərov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov təmsil olunublar.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların yetişdirilməsi İnstitutun qarşıya qoyduğu vəzifələrdəndir.
A.Şirinov vurğulayıb ki, belə yarışmalar gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, onlara öz biliklərini sərbəst ifadə etmək təcrübəsi qazanmağa imkan verir.
Rektor daha sonra qeyd edib ki, fiqh, hədis, əqaid elmləri üzrə tələbələr arasında mütəmadi olaraq müsabiqələr təşkil ediləcək.
Müsabiqədə iştirak edən tələbələrə uğurlar arzulayan A.Şirinov vurğulayıb ki, hədislərin Qurani-Kərimdən sonra İslam dinində mənbə rolu oynayır. O, hədislərin öyrənilməsi, hifz olunması, gələcək nəsillərə çatdırılmasının dini baxımdan vacibliyini nəzərə çatdırıb.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov söz alaraq, gənclərə müsabiqənin şərtləri haqqında ətraflı məlumat verib, yarışmanın Aİİ yaradıldığı gündən etibarən ənənəvi formada təşkil olunduğunu qeyd edib.
Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Beləliklə, “40 hədis” yarışmasında birinci yerə Fərid Qasımzadə, ikinci yerə Peyman Xəlilov, üçüncü yerə isə Bəhruz Orucov layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.
Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.