Deputatın oğlu xalq şairinin bacısı oğlunu niyə həbs etdirdi? - təfsilat
Sabir Rüstəmxanlı: “O saytda gedən yazılara görə Elçin həbs olunubsa...”
Xəbər verildiyi kimi, “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu saxlanılıb. Bu barədə ilk məlumat yayan xəbər verir ki, onu iyunun 1-i səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları məşhur bir şəxsdən rüşvət alarkən yaxalayıblar.
Həbsinin səhəri gün E.Zahiroğlunun Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında həbs olunduğu üzə çıxıb. Bu barədə Həbib Axundov özü açıqlamasında bildirib. Onun sözlərinə görə, jurnalist onu şəxsi həyatına aid olan çirkin məqalələrlə şantaj edirmiş.
“O, mənə zəng vururdu, yazırdı, şantaj edirdi. Və pul istəyirdi. Mən polisə müraciət etməyə məcbur oldum. Bu jurnalist mənə başqa seçim imkanı qoymadı” - deputatın oğlu bildirib. H.Axundov məsələnin obyektiv araşdırılacağına və hüquq-mühafizə orqanlarının cinayətkarı cəzalandıracağına ümid etdiyini bildirib.
Qeyd edək ki, E.Zahiroğlu VHP sədri, xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlının bacısı oğludur.
Partiya sədri “Yeni Müsavat”a açıqlamasında qohumunun həbsi ilə bağlı bunları dedi: “Hazırda onun həbsinin motivləri ilə maraqlanıram. Dəqiq bilgilər üzə çıxandan sonra məlumat verəcəyəm. Onun saytında ciddi narahatlıq doğuran nəsə yox idi. O saytda gedən yazılar digər saytlarda da gedirdi. Əgər o saytda gedən yazılara görə Elçin həbs olunubsa, o zaman gərək Azərbaycanda azadlıqda jurnalist qalmasın. Bacım oğlu nəfsini idarə edən, təmiz, hər şeyin yerini bilən bir insandır. Həftənin ilk günü yəqin hər şey tam təfsilatı ilə üzə çıxacaq”. (virtualaz.org)