Nəhayət Şirinova - "Etibar, inam və güvən dolu ailəm mənim uğur hekayəmin açarıdır" - Reportaj
Bu gün, ölkəmizdə kifayət qədər iş həyatında nailiyyət qazanan və bu yolda müvəffəqiyyətlə irəliləyən iş həyatında olduqca uğurlu xanımlarımız var!
Keçən günlərdə Azadmedia.az-ın redaktoru Ülkər Piriyeva yeni layihəyə - "İşgüzar Azərbaycan xanımı" layihəsinə start verdi..
Layihəmizin növbəti qonağı - YAP Quba Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini Nəhayət xanım Şirinovadır.
Layihəmizə xoş gəldiniz!
Çox hörmətli Ülkər xanım xoş gördük!
İlk öncə sizi salamlayıram. "İşgüzar Azərbaycan xanımı" layihəsinə dəvətiniz və etimadınız üçün təşəkkür edirəm. Bu layihədə olmağımı özümə qarşı böyük dəyər hesab edirəm. Layihənin uğurlu və uzunömürlü olmasını arzu edirəm!
1. Özünüz barədə qısaca danışa bilərsinizmi, Nəhayət Şirinova kimdir?
- Şirinova Nəhayət Məhəmməd qızı. YAP Quba Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini, ADPU Quba filialının əməkdaşı, ictimaiyyətçi, yazar, sadə Azərbaycan xanımı!
2. Uğura gedən yolda üç qızıl qayda var deyirlər:
Nə olursa olsun imtina etməyin, lazım olduğunda kömək alın və ən çətin zamanda belə gülümsəməyi unutmayın...
- Çox doğru vurğuladınız. Uğura gedən yol ən çətin, maneələrlə zəngin, eyni zamanda da şərəfli bir yoldur. Kulminasiya nöqtəsində yalnız mübariz insanlar, çətinliyə sinə gərənlər, problemlərdən qorxmayanlar və sizin də qeyd etdiyiniz kimi gülümsəməyi bacaranlar qalib gəlir. Uğurun ən böyük sirri də, hər üzləşdiyinə sinə gərib galib gəlmək, sınmamaq və yalnız irəli baxmaqdır!
- Əslində məni tanıyan insanlara bu sual verilsə idi, bəlkə də onlar daha çox bunu təsdiq edərlərdi ki, mən də çətinliyin üzərinə gülərək gedən insanlardanam. Təbəssüm isə mənim həyatımın ana qaydasıdır. Sevdiklərimə ən böyük mükafatım, mənə mane olanlara isə ən güclü silahım və ən ağır cəzamdır!
3. Bizə iş həyatınızın mərhələlərini anlada bilərsinizmi?
- İş həyatımın və ümumilikdə kariyeramın təməlində könüllülük prinsipləri dayanır. Cəmiyyətə ilk addımlarımı Yeni Azərbaycan Partiyası sıralarında könüllü olaraq başladım, az sonra üzv, daha sonra isə YAP Quba Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini oldum. Bu xətt məni ADPU Quba filialına gətirdi və fəaliyyətimi Pedaqoji fakültə dekanlığının əməkdaşı olaraq davam etdirdim. Eyni zamanda, pedaqoji fəaliyyət ilə məşqul olmuşam. Ruhən ictimai sferaya daha çox yaxın olmağım mənə bir çox nüfuzlu təşkilatların üzvü olma şansı bəxş edib. Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin üzvü, Beynəlxalq Sülh Federasiyasının sülh səfiri, Azərbaycan Almaniya Dostluq cəmiyyətinin üzvü, PTİYİB-nin zona rəhbəri və s.
- Növbəti hədəfim təlimçilik fəaliyyəti oldu və AİTG-nin Beynəlxalq sertifikatlı təlimçisi oldum. Bir çox müxtəlif səpkidə məqalələrin və şeirlərin müəllifiyəm, "Qızıl Qələm" Media mükafatı laureatı, "Ay işığı" və "Gülüstan" ədəbi məclislərinin üzvüyəm.
4. İş həyatında uğurlu olmaq üçün qarşınıza qoyduğunuz əsas hədəflər hansılardır?
- Əsas hədəfim qarşıma qoyduğum məqsədimə çatmaq üçün bütün maneələri gözə almaq olub. Geriyə dönüşün mümkünsüz olduğunu hər zaman düşüncələrimdə canlandırmışam. Onu da qeyd edim ki, hələdə bu mübarizəm davam edir. İnsan yaşadıqca arzular boy atır və bu arzuların çin olması yolunda uğur pilləkənlərinin çətinliklərini dəf edirik.
5. Azərbaycanda qadın sahibkarların potensialı barədə nə deyə bilərsiniz?
- Bəli, bu gün ölkəmizdə qadın sahibkarların fəaliyyəti üçün yetərincə şərait və imkanlar mövcuddur. Onu da qeyd edim ki, çox uğurlu, fəaliyyəti ilə örnək ola biləcək qadın sahibkarlarımız var. Bütün bu uğurlu fəaliyyət yolu bir Azərbaycan xanımı kimi məni də çox qürurlandırır.
6. YAP Quba Rayon Təşkilatı Qadınlar Şurası olaraq - Qadınlar üçün sosial məsuliyyət barədə layihələriniz varmı və bu günə qədər həyata keçirilənlər barədə qısaca ..
- YAP Quba Rayon Təşkilatı Qadınlar Şurası olaraq, sədrimiz A. Şeydayeva başda olmaqla, bir çox uğurlu layihələrimiz baş tutub. YAP ailəsi elə bir uğurlu və böyük məktəbdir ki, burada hər kəs ilk öncə sosial məsuliyyətin ağırlığını və eyni zamanda gözəlliyini hiss edir. Şuramızda Qubamızın ictimai, siyasi, sosial həyatında uğur qazanmış ziyalı xanımlar vardır, eləcə də, onların hər birinin həyat yolu bir örnəkdir. Bizim hələ, həyata keçməmiş yeni layihələrimiz və bu yaxınlarda, həyata keçirəcəyimiz bir çox layihələrimiz olacaq.
7. İş dünyasında qadın olmağın üstünlükləri və mənfi cəhətləri nələrdir? Uğurunuzun sirrini izah edə bilərsinizmi?
- İş dünyasında qadın olmağın müsbət və mənfi tərəfləri çoxdur. Bu mənfi və müsbət hallar uğur hekayələrində görə dəyişir. Qeyd edim ki, uğurun konkret formulu yoxdur, bu hər kəs üçün individual və fərqlidir. Mən isə, bu gün öz subyektiv fikirlərimi sizə bildirəcəyəm.
- Mənim uğurumun sirri mənim ailəmdir, ailəmdən mənə gələn dəstəkdir, onların mənə bəxş etdiyi stimuldur. Xoşbəxtəm ki, ailəli bir xanımam, həyat yoldaşım və üç gözəl, ağıllı övladım var.
- Sevə-sevə qeyd edim ki, mənim həyatımın ən böyük uğuru, nəaliyyəti də elə mənim ailəmdir, övladlarımdır. Ən böyük dəstəkçim isə, həyat yoldaşımdır. Əslində "həyat yoldaşım" deyə iki sözlə ifadə etdiyim cümləyə o qədər söz yerləşdirmək olar ki.. Bəli o, insan mənim mənəvi dəstəkçim, dostum, sirdaşım və ən əsası yaxşı ailə başçısı və övladlarıma yaxşı atadır. Uğurlarımı ona borcluyam. Etibar, inam və güvən dolu bir ailəmiz var. Bütün bu amillər isə mənim uğur hekayəmin açarıdır.
- Mənfi tərəfləri də olur. Bu da cəmiyyətimizdə olan gender disbalansı və hələdə bir çox insanların düşüncəsində tolerant yanaşmanın zəif olmasıdır.
8. Azadmedia.az-da yeni layihəmiz vasitəsilə bu yolda irəliləyən gənc xanımlara mesajınız nə olardı?
- Azad, bütöv, tam Azərbaycanın bacarıqlı və özünə güvənən gənc xanım ordusu!
- Unutmayın ki, siz dünyanın ən mükəmməl və uğurlu xanımlarısınız. Üzərinizə düşən ən böyük məsuliyyət isə, bacarığınızı vaxtında və yerində səfərbər etməyinizdir.
- Məhz, Azadmedia.az saytının vasitəsi ilə sizlərə bəyan etməyi bir daha borc bilirəm ki, bu gün ölkəmizdə özümüzü sübut etmək üçün daha gözəl şərait var, gəlin bunu dəyərləndirək ki, gec qalmayaq. Elə "İşgüzar Azərbaycan xanımı" Layihəsi də bu silsilədəndir.
Əziz Ülkər xanım sonda sizə bir daha qiymətli zamanınızı sərf etdiyiniz və layihənizdə mənə yer ayırdığınız üçün ürək dolusu təşəkkürlərimi ifadə edirəm. Sağ olun..
- Layihəmizdə yer aldığıınız və reportaj üçün biz təşəkkür edirik!
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR