Məşhur Məmmədov
Milli Məclisin deputatı"Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir". Bu sözləri Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral aprelin 10-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Hörmətli səfir cənab Prezident İlham Əliyevin şəxsində dövlətimizə minnətdarlığını çatdırıb, hər zaman qardaşlığımızı hiss etdiyini, getdiyi hər yerdə ona şahid olduğunu bildirib. İnşallah, Türkiyə ilə Azərbaycan bundan sonra daha da bir-birinə yaxın olacaq.
Vətən müharibəsində əldə edilən zəfərdən sonra Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin bir qədər də genişlənməsi müşahidə edilir. İşğaldan azad edilən ərazilərdə əsas podratçı şirkətlər arasında Türkiyə şirkətləri də var və ilk müqavilələr türk şirkətləri ilə bağlanıb. Bütün infrastruktur layihələrində türk şirkətlərini ilə əməkdaşlıq mövcuddur. Ötən ildən tikintisinə başlanılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisində böyük təcrübəyə malik 2 türk şirkəti işitrak edir. Füzuli rayonunun ərazisində inşaa ediləcək beynəlxalq hava limanının layihələndirilməsi və tikinti işlərinin görülməsinə Türkiyə şirkətləri də cəlb edilib.
Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq xarici ticarət əlaqələrində də özünü biruzə verir. 2021-ci ilin yanvarında Azərbaycanın qeyri-neft mallarının əsas alıcısı Türkiyə olub. Türkiyə sıralamada Rusiyanı qabaqlayıb. Gömrük məlumatlarına əsasən 146 milyon dollarlıq qeyri-neft məhsulu satılıb və bunun 52,7 milyonu və ya 36,1 faizi Türkiyəyə ixrac edilib. Rusiyaya ixrac 43 milyon dollar olmaqla ümumi ixracın 29 faizini təşkil edib.
Xatlırladaq ki, əvvəlki dövrlərdə Azərbaycandan ən çox qeyri-neft mallarını Rusiya alırdı. Türkiyə daim ikinci yerdə qərarlaşırdı. 2020-ci ilin yanvarında 141 milyon dollar dəyərində qeyri-neft məhsulu satılmışdı ki, bunun da 48,2 milyon dolları (34,2 faiz) Rusiyaya, 33,1 milyon dolları (23,5 faiz) Türkiyəyə ixrac edilmişdi.
2021-ci ilin yanvarında Türkiyənin ilk sıraya yüksəlməsi qardaş ölkəyə ixracın kəskin artması hesabına baş verib. Ötən ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında Türkiyəyə ixrac 20 milyon dollara (60 faiz) yaxın artıb.
Türkiyə ilə xarici ticarətin genişlənməsi davam edəcək. Türkiyə ilə Azərbaycan arasında ötən il imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Saziş”i bu ilin martın 1-dən tətbiq edilməyə başlanılıb. Preferensial “güzəştli” mənasını verir və o, razılaşmalar əsasında mallara mövcud gömrük tarifləri ilə müqayisədə daha aşağı tariflərin tətbiq edilməsini nəzərdə tutur. Qarşılıqlı şəkildə tariflərin aşağı salınması iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə kömək edəcək.
Bu sənədin qəbul edilməsində məqsəd güzəştlər hesabına Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ticarət dövriyyəsinin 2023-cü ilin sonuna qədər 15 milyard dollara çatdırılmasını təklif edib. Azərbaycan Prezidenti İlham Əliyev bunun mümkün olduğunu bildirib və ötən il Preferensial Ticarət Saziş imzalanıb.
Xarici ticarət əlaqələrinin genişlənməsinə “Cənub Qaz Dəhlizi”nin tamamlanması böyük töhfə olacaq. Bu dəhliz vasitəsilə hər il Türkiyə Azərbaycandan 16 milyard kub metrə qədər qaz alacaq.
Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir.