AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənilərin ekologiyamıza və təbii sərvətlərimizə vurduğu milyardlarla dollar ziyan

  • + A
  • - A
  • 21-05-2021, 17:15

    Ermənilərin ekologiyamıza və təbii sərvətlərimizə vurduğu milyardlarla dollar ziyan

    Əliabbas Salahzadə,
    Millət vəkili


    Bu gün Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesini, yəni, dövlət sərhədinin dəqiqləşdirilməsi ilə bağlı həyata keçirilən prosesləri Ermənistan tərəfi münaqişə müstəvisinə çəkmək, dünyaya, eyni zamanda regionda maraqları olan dövlətlərin rəsmi şəxslərinə münaqişə ocağı, münaqişə mənbəyi kimi təqdim etməyə çalışır.

    Ermənistan üzərindən regionda maraqlarını həyata keçirmək istəyən bir sıra dövlətlər üçün Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə yaratdığı yeni reallıq, yeni mühit, yeni cəmiyyətlərarası münasibətlər müstəvisi həmin dövlətlərin maraqlarına xidmət etmir və ona görə də mümkün variantlarla 10 noyabr bəyanatının qüvvədən salınmasına çalışılır. Xüsusilə, başda Fransa olmaqla digər Qərbi Avropa dövlətləri tarixin müəyyən dövrlərində fərqli-fərqli regionlarda dövlətlər arasında imzalanmış müqavilələri qüvvədən salmaqla öz maraqlarına uyğun yeni müqavilələr imzalanmasına nail olublar. Məhz həmin o tarixi proseslərdən, tarixi xronologiyadan çıxış etmək istəyən həmin o dövlətlər Qafqazda da, regionda da, Azərbaycanda da 10 noyabr bəyanatını qüvvədən salmaq, Ermənistan-Azərbaycan arasında münaqişənin davamlı xarakter almasına çalışırlar. Təəssüf ki, Ermənistanın hazırki siyasi rəhbərliyi də həmin qüvvələrin, həmin beynəlxalq güclərin əlində alət olduğunu öz addımları ilə bir daha təsdiqləmiş olur.

    10 noyabr üçtərəfli bəyanatı, iki münaqişə edən və bir arbitraj rolunda çıxış edən Rusiyanın imzası ilə münaqişənin aktiv fazasını yekunlaşdırmaqla yanaşı, həm də regiona sülh gətirəcəyini, kommunikasiya, iqtisadi əlaqələrin açılması ilə bağlı müxtəlif bəndləri özündə əks etdirir. Azərbaycan dövləti, Rusiya dövləti və Ermənistan bu sənədə imza atmaqla, bu prosesləri artıq yekunlaşdırmaq və qarşılıqlı əlaqələrin, qarşılıqlı kommunikasiya xətlərinin açılması istiqamətində növbəti mərhələyə qədəm qoyduqlarını bildirdilər. Amma Ermənistan tərəfinin son dövrlər atdığı addımlar onu deməyə əsas verir ki, bu proseslərdə bir neçə istiqamətli maraqlar, mənafelər Azərbaycanla Ermənistan arasında və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına imkan vermir.

    Qərbi Avropa dövlətlərinin regionda Rusiya və Türkiyənin möhkəmlənməsini, müttəfiq kimi regiona daxil olmasını qəbul etmədikləri kimi, Azərbaycanın da regionun söz sahibinə çevrilməsini, regionun lider dövlətinə çevrilməsini və demək olar ki, bütün proseslərin, siyasi, iqtisadi layihələrin avanqardı, aparıcısı rolunda çıxış etməsini qəbul etmək istəmirlər. Ona görə də müəyyən vasitələrdən, xüsusilə də Ermənistan amilindən istifadə etməklə, Azərbaycana təzyiq göstərmək istəyirlər. Amma, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, bunu Ermənistan cəmiyyəti istəsə daha yaxşı, istəməsə, Azərbaycan öz gücü ilə Ermənistanı beynəlxalq hüququn tələblərinə əməl etməyə, eyni zamanda imzalanmış 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməsinə məcbur edəcəkdir. Həm ordu baxımından, həm iqtisadi qüdrəti baxımından, eyni zamanda, yaratdığı son reallıqlar baxımından ölkəmizin siyasi qüdrəti, siyasi gücü, siyasi çəkisi buna imkan verir.

    Ermənistanın sülh prosesinin sürətli məcraya yönəlməsinə qarşı cəhdləri, “hərbi əsirlər” məsələsini qaldırması, mina xəritəsini Azərbaycana təqdim etməməsi həm də ona xidmət edir ki, Azərbaycanın işğal altındakı bölgələrinə qarşı Ermənistan tərəfindən uzun illər boyu həyata keçirilmiş ekoloji terror faktlarının dəqiqləşdirilməsi işi ləngisin. Mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistan tərəfindən illərdir törədilən ekoloji cinayətlər nəticəsində ətraf mühitə və təbii sərvətlərə dəyən zərər təxminən 265,3 milyard dollar dəyərindədir. Qısaca desək, işğal nəticəsində Qarabağ bölgəsi “ekosid” kimi xarakterizə oluna bilən ekosistemin kütləvi məhvinə uğrayıb və bu, cinayət məsuliyyəti tələb edir.

    Torpaqların işğaldan azad edilməsi nəticəsində Azərbaycan 30 ilə yaxındır ki, bu torpaqlarda ermənilərin həyata keçirdiyi yeni ekoloji terror faktlarını aşkar edib. Azad edilmiş ərazilərin flora və faunasının həqiqi vəziyyətini öyrənmək üçün yerində müvafiq araşdırma və obyektiv elmi qiymətləndirmələr aparıldıqdan sonra ekosid cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi və təzminat tələb edilməsinin hüquqi mexanizmlərini müəyyənləşdirmək mümkün olacaq.

    Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik bölgələrindəki təbiətə qarşı düşmən münasibət və eko-terror yalnız Azərbaycanın ekoloji tarazlığı, flora və faunası üçün ciddi təhlükə yaratmır, eyni zamanda bölgədə sülh və təhlükəsizlik üçün ciddi bir təhdiddir.

    Ermənistanı zəhərli “milli üstünlük və ərazilərin genişləndirilməsi” fikirlərindən imtina etməyə təşviq etmək lazımdır. Ermənistan, nəhayət beynəlxalq hüquqa riayət etməyə və beynəlxalq hüququn başlıca prinsiplərini, qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün əsas kimi istifadə etməyə başlamalıdır. Yalnız bundan sonra Ermənistan yaxşı qonşuluqdan və regional əməkdaşlıqdan faydalanmağa başlayacaq.

    Azərbaycan öz növbəsində suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik, regional inkişaf və əməkdaşlığa sadiq olaraq qalmaqdadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR