AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə: “Tarixi həqiqətlər axtarışı”nda olan Co Bayden ölkəsinin tarixini öyrənsin

  • + A
  • - A
  • 26-04-2021, 17:50

    Əliabbas Salahzadə: “Tarixi həqiqətlər axtarışı”nda olan Co Bayden ölkəsinin tarixini öyrənsin

    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    ABŞ Prezidenti Co Baydenin 24 aprel bəyanatına münasibət bildirərək qeyd edib ki, əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli, bu iş tarixçilərə həvalə olunaraq dünya arxivlərinin açılması əsasında həqiqətlər üzə çıxmalı, dünya dövlətləri ədalət meyarını öndə saxlayaraq erməni yalanlarına haqq qazandırmaqdan əl çəkməlidirlər: “Qondarma “erməni soyqırımı” məsələsi ikili standartlar siyasətinin təzahürüdür. Sual olunur- “tarixi həqiqətlər axtarışı”nda olan dairələr niyə erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəmirlər? Reallıq budur ki, ermənilər havadarlarının dəstəyi ilə illərdir tarixdə heç zaman olmayan uydurma “erməni soyqırımı” məsələsini gündəmə gətirərək ondan siyasi məqsədlər üçün istifadə edirlər. 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyaraq ermənilərlə həmrəylik nümayiş etdirən ölkələr sırasında Uruqvay, Cənubi Kipr, Argentina, Rusiya, Yunanıstan, Kanada, Livan, Belçika, Vatikan, İtaliya, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, Boliviya, Braziliya, Lüksemburq, Bolqarıstan, Avstriya və Suriya yer alır. Bu dövlətlərin heç bir araşdırma aparmadan öz maraqlarına uyğun olaraq ermənilərə dəstək missiyasını yerinə yetirmələri çoxsaylı sualların yaranmasına səbəb olur. Bu addım yalnız məsuliyyətsizlik deyil, tarixə, beynəlxalq hüquqa hörmətsizlik, tarixin inkarıdır. Belə olan təqdirdə dünyanın aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlarından ədalətli yanaşma gözləmək nə dərəcədə real görünə bilər? Baydenə qədər ABŞ-ın heç bir prezidentinin “erməni soyqırımı” ifadəsini işlətməməsi, məhz indi dilə gətirilməsi sual doğurmaya bilməz. Niyə indi?”

    Ə.Salahzadə vurğulayıb ki, Türkiyənin nüfuzunun artması, həmçinin yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması, Azərbaycanın yaratdığı yeni reallıqlar əsasında bölgədə və dünyada ölkəmizin diktə edən tərəf kimi çıxış etməsi qürurvericidir: “İki dost, qardaş ölkənin uğurlarını həzm edə bilməyən, bu səbəbdən də onların ünvanına əsassız iddialarla çıxış edən dövlətlər 44 günlük Vətən müharibəsində ədalət deyilən meyarın mövcudlunun şahidi oldular. Azərbaycan arxada qalan illərdə gücləndi, bütün sahələrdə güclü potensiala malik oldu. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Türkiyə-Azərbaycan birliyi, həmrəyliyi dünyaya nümunədir. Hər iki dövlətin siyasi iradəsi əsasında reaallaşan layihələr dövlətlər, xalqlar arasında dostluq körpüsünə yeni əlavələr edir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, böyük öndər Mustafa Kamal Atatürkün qeyd etdiyi kimi, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. Vətən müharibəsində Azərbaycanın yanında olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” bəyanatını səsləndirdi. Bu birlik, həmrəylik sayəsində nəinki Azərbaycanda, qardaş ölkədə də tarixi Zəfərimizin sevinci yüksək əhval-ruhiyyə ilə qeyd edildi, küçə və meydanlarımız bayraqlarımızla bəzədildi. Bu gün bu fikri də böyük inamla qeyd edirik ki, tezliklə qondarma “erməni soyqırımı” məsələsi də bu birliyimiz sayəsində tarixə qovuşacaq.”

    "Erməni soyqırımı" iddialarını tanıyan ölkələrin coğrafiyasının da maraqlı olduğunu xüsusi vurğulayan Ə.Salahzadə bildirib ki, Avropa qitəsində bu qərarı qəbul edən ölkələrin əksəriyyəti Avropa Birliyinin üzvüdür: “Onlar Türkiyənin bu quruma üzv qəbul olunmasının tərəfdarı olmadıqları üçün qondarma “erməni soyqırımı” məsələsindən siyasi məqsədləri üçün istifadə edirlər.”

    Millət vəkili qeyd edib ki, zaman gələcək həqiqət öz yerini tutacaq: “Bu gün maraqları naminə ədaləti, beynəlxalq hüququ tapdalayan dövlətlər zamanı çatanda tarixi səhvlərini etiraf edəcəklər. Təsadüfi deyildir ki, dövlətimizin başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ABŞ Prezidenti Co Baydenin qondarma "erməni soyqırımı” ilə əlaqədar bəyanatına münasibət bildirərkən bu qərarı tarixi səhv adlandıraraq onun qəbuledilməz olduğunu vurğulamışdır. Ölkə Prezidenti, eyni zamanda, bu qərarın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu diqqətə çatdırmışdır.”

    Ə.Salahzadə bildirib ki, 30 ilə yaxın dövrdə Azərbaycanı dəstəkləyən dövlətlər reallıqda onun əksinə addım atıblar: “Amma Azərbaycan öz gücünü, tarixi həqiqətlərə əsaslanan təbliğatını ortaya qoydu. Ermənistanı və ona havadarlıq edən dövlətləri yaratdığı yeni reallıqlarla barışmağa məcbur etdi. Əminik ki, “erməni soyqırımı” məsələsi ilə bağlı da apardığımız informasiya mübarizəsindən qalib çıxacağıq. Dövlətimizin başçısı İlham Əliyevin “Bir millətin iki diasporu ola bilməz” tezisi Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinin əsasını təşkil edir. Bu gün bu birlik özünü Baydenin məlum saxta bəyanatına münasibətdə də özünü nümayiş etdirir. Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bütün çətinliklərdən uğurla çıxmaq, həqiqətin qələbəsinə nail olmaq gücündədir.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR