Avropa İttifaqı Azərbaycana regionun lider dövləti kimi yanaşır və respublikamızda həyata keçirilən islahatları yüksək qiymətləndirir. Cənubi Qafqaz və Orta Asiya regionunun iqtisadi yüksəlişi bilavasitə Azərbaycanla bağlı olduğundan təşkilata üzv dövlətlər ölkənin geosiyasi əhəmiyyətini və rolunu düzgün dəyərləndirməyə çalışırlar.
Bunu Azadmedia.az-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.
Deputat vurğulayıb ki, iyunun 2-də iki qlobal güc mərkəzinin - ÇXR və Avropa İttifaqının rəhbərlərinin Azərbaycan Prezidentinə telefonla zəngi ölkəmizin regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiyməti göstərir. Azərbaycanın 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi təbii ki, ölkəmiz və bu iki qlobal güc arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir.
Onun sözlərinə görə, Avropa İttifaqının 2004-cü ildən həyata keçirdiyi “Yeni qonşuluq siyasəti” proqramı çərçivəsində Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi, siyasi, hüquqi və inzibati islahatları həyata keçirmək imkanı əldə edib. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanlarını genişləndirib. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi mühüm nəticələr verib.
Deputat deyib: “Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr yeni mərhələdə uğurla inkişaf edir. “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində münasibətlərin daha da möhkəmlənməsi nüfuzlu Avropa qurumunun ölkəmizə verdiyi böyük önəmi bir daha təsdiqləyir. Qlobal güc mərkəzi olan Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir və ölkəmizin ticarət dövriyyəsinin yarısından çoxu Aİ-nin payına düşür. Avropa İttifaqı daim balanslı siyasət həyata keçirir və biz bunu Azərbaycanın öz ərazi bütövlüyün bərpa etmək uğrunda apardığı 44 günlük Vətən müharibəsi dövründə bir daha gördük. Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəng etməsi buna bariz nümunədir”.
İ.Məmmədovun sözlərinə görə, Avropa İttifaqı həmişə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir və ölkəmizlə əlaqələrin inkişafına dəstək verir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel dövlətimizin başçısı ilə telefon danışığında Avropa İttifaqının Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirib. Avropa İttifaqı münaqişələrin tənzimlənməsi və sülh yaradılmasında, xüsusilə minadan təmizləmə sahəsində böyük təcrübəyə malikdir. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə də bildirdi ki, “Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər.
Avropa İttifaqı ilə Azərbaycan arasında birgə iqtisadi layihələrin davam etdiyini, bunun tərəflər arasında münasibətlərin dərinləşməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayan deputat deyib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir və TAP layihəsinin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Cənubi Qafqaz Qaz Kəmərinin tərkib hissəsi olan TAP layihəsi vasitəsilə “Şahdəniz-2” yatağından çıxarılan qaz Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna çatdırılıb. Layihəyə əsasən, Azərbaycan qazının oradan Qərbi Avropaya nəqli nəzərdə tutulur. Təsadüfi deyil ki, Aİ Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu bu layihəni Avropanın birgə uğuru və İttifaqın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsi kimi qiymətləndirib”.
Deputat vurğulayıb ki, Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli aktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Milli maraqlar əsasında qurulan enerji strategiyası bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında həyata keçirilməsi Azərbaycanın iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib.