Bu gün Masallı rayon Sübhan Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbinin açılış mərasimi keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, açılışda Təhsil Nazirinin müavini Muxtar Məmmədov, Masallı RİH başçısı Şahin Məmmədov, Masallı Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, Millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Təhsil nazirinin müavini Muxtar Məmmədov, Sübhan Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsinin sevindirici hal olduğunu deyib. Nazir müavini diqqətə çatdırıb ki, ölkə başçısı tərəfindən qarşımızda qoyulan əsas vəzifə yüksək istedad və qabiliyyətə, eləcə də milli-mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsidir.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü deyib.
Millət vəkili Məşhur Məmmədov çıxışında yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir etdiyini vurğulayıb.
Sonra Qızılağac kənd 1 saylı tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilib. Nazir müavini Muxtar Məmmədov, RİH başçısı Şahin Məmmədov, Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov, Millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov məktəb kollektivi ilə səmimi söhbət aparıb və mərasim iştirakçıları ilə birlikdə məktəbdə şagirdlər üçün yaradılan şəraitlə tanış olub, siniflərə, idman zalına, laboratoriyaya baxıblar.
Məktəbin müəllim heyətinə və şagird kollektivinə yeni təhsil ilində uğurlar arzulayıblar.