Azərbaycan Ordusunun inamlı qələbəsi..
Dəmirçi kənd ümumi orta məktəbinin direktoru - Şükürova Aytən Nadir qızı
“Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb.”Ötən ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi.
Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.
Hər bir Azərbaycan vətəndaşının ordumuzla fəxr etməyə haqqı var. Çünki 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
Şanlı qələbədən bir neçə ay ötməsinə baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun şanlı döyüş yolunun, zəfər yürüşünün parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq.
Ordumuzun keçirdiyi hərbi əməliyyatlar həmişə müzakirə mövzusu olacaq.
Axı, məhz bu ordu Vətən müharibəsində tarix yazdı, tarixə yazıldı..
Prezident İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı, ordunun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksək olması hər zaman prioritetidi. Əgər belə olmasaydı, ilbəil orduya ayrılan vəsaitin həcmi artırılmazdı, maddi-texnik bazası gücləndirilməzdi, yeni-yeni silah-sursat və hərbi texnika alınmazdı.
Məhz bütün bu proseslər sayəsində, həmçinin ölkədə hərbi sənayenin inkişafı ilə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi.
Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Bu uğurlu addımlar isə bizi Qarabağa apardı!
Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.
Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir.
Azərbaycan xalqı humanist, sülhsevər xalqdır. Biz hər zaman torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olmuşuq. Lakin xain düşmənin təxribatları və iftiraları buna imkan vermədi. Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda, bu müqəddəs savaşda böyük zəfərlə bizləri sevindirdi.
Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub.
Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən şanlı Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Azərbaycan!
Ülkər Piriyeva