AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - Azərbaycan-İsrail dostluq əlaqələri İran və Ermənistanın qısqanclığı fonunda

  • + A
  • - A
  • 21-10-2021, 08:00

    Politoloq Ülkər Piriyeva - Azərbaycan-İsrail dostluq əlaqələri İran və Ermənistanın qısqanclığı fonunda

    "II Qarabağ müharibəsi, Azərbaycan ilə İsrail arasında açıq şəkildə belə adlandırılmayan bir ittifaqa işıq saldı."
    "Lakin müxtəlif səbəblərdən qonşu ölkələrdən reaksiyalar olsa da, Bakı və Tel-Əviv bu gün, münasibətlərin inkişafından məmnundur və yaxınlaşmalarını davam etdirmək əzmindədirlər."
    Bu sözləri Azadmedia.az-a açıqlamasında Politoloq Ülkər Piriyeva deyib.


    Bu gün, İranı qıcıq edən amillər sırasında, İsrail ilə Azərbaycan arasında olan münasibətlərin dövlətlərarası qarşılıqlı maraq əsasında, heç bir neqativ təsir qarşısında sarsılmadan öz dinamikasında artan xətlə davam etməsidir.

    2020-ci ildə II Qarabağ müharibəsi, açıq şəkildə belə adlandırılmayan bir ittifaqa işıq saldı: İsrail ilə Azərbaycan arasında. İsrail də Bakının münaqişədə qələbəsinə həlledici töhfə verdi.

    Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. İki xalq daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə biliblər. Çünki Azərbaycan hər daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı Multikultural bir dövlət modelini sərgiləmişdir.
    Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bugün Azərbaycan-İsrail münasibətləri uzun müddət əvvəl formalaşmış yaxınlıq mərhələsini keçib və yaxın dostluq, hətta qardaşlıq səviyyəsinə qədər yüksəlib.

    Azərbaycan öz müstəqilliyini əldə etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur. Həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri daha da genişlənmişdir.

    2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin II Qarabağ müharibəsi bir daha göstərdi ki, İsrail, siyasi-diplomatik və mənəvi dəstəklə yanaşı, Azərbaycana çox mühüm hərbi-texnoloji kömək göstərdi.
    İkinci Qarabağ müharibəsi ərəfəsində İsrail Azərbaycanı açıq şəkildə dəstəklədi və İsraildə yaşayan 70 mindən çox Azərbaycan yəhudiləri Qarabağı dəstəkləmək üçün mütəmadi olaraq mitinqlər keçirtdi.

    Azərbaycan dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam yaşadığı yeganə ölkədir. Bunlardan biri, Qubadakı Qırmızı Qəsəbədir. Azərbaycan torpağında yəhudi icmasının çoxillik mövcudluğu, yəhudilərə qarşı qardaşlıq münasibəti, Azərbaycanda antisemitizmin olmaması İsrail xalqına yaxşı məlumdur. Azərbaycanlılar və yəhudilər arasında möhkəm dostluq münasibətləri qədimdən mövcuddur.

    Hətda Azərbaycan Jurnalistlər Şəbəkəsi İB tərəfindən çəkilən "Həmvətən" filmində Azərbaycanda yəhudilərin məskunlaşması tarixindən söhbət açılır. Film ölkəmizdə məskunlaşan etnik qrupların birgə yaşayış mədəniyyətini nümayiş etdirir. Multikulturalizmə alternativin olmadığının vurğulandığı filmdə azərbaycanlıların İsraildə yığcam yaşadıqları yerdən bir neçə il əvvəl çəkilən kadrlardan da istifadə olunub. Filmdə yəhudi icmasının, ziyalılarının, alimlərinin, din xadimlərinin, habelə Qırmızı Qəsəbədə sülh və harmoniya şəraitində yaşayan dağ yəhudilərinin nümayəndələrini də görmək olar.
    İsrail, öz növbəsində, Azərbaycanın haqq işini, ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsini daim bəyan edib. Azərbaycanda Holokost qurbanlarının, İsraildə isə Xocalı soyqırımı qurbanlarının xatirəsinin anma günləri keçirilir.

    İsrailin siyasi hakim dairələri sağ və sol düşərgədən asılı olmayaraq, Azərbaycana və onun qonaqpərvər xalqına hörmətlə yanaşır.
    Bu möhkəm bağlantının fonunda, Azərbaycan-İsrail münasibətləri, düşmən Ermənistanın yaratdığı böhrana da səbəb oldu. Uzun müddət, erməni rəsmiləri və lobbiçi aktivistləri Azərbaycan-İsrail əlaqələrini pozmağa cəhd göstərdilər.

    Yaxın Şərq regionunda təcrid olunma qorxusu, bu hərəkətlərin arxasında duran əsas aparıcı amil sayıla bilər. Bu siyasət, İsraildə bu il erməni lobbisinin son dərəcə fəal təzyiqləri nəticəsində, İsrail və Azərbaycan arasında hərbi əməkdaşlıqda problemlərin olması ilə bağlı İsrailin bəzi media mərkəzləri tərəfindən yalan məlumatların yayılması ilə, öz pik səviyyəsinə çatdı. Lakin, bu saxtakarlıq dalğasının qarşısı tezliklə yatırıldı.

    Bu gün, əlaqələrimiz ticarət üzərinə də uğurla inkişaf edir. Azərbaycanın ən çox ixracat etdiyi üçüncü ölkə İsraildir (1.33 milyard ABŞ dolları), bunun əsas səbəbi İsrailin neftə olan tələbatının 40 faizini buradan qarşılamasıdır.

    Bundan əlavə, Azərbaycanla İsrailin yaxınlaşması ABŞ kimi üçüncü bir aktyorla münasibətləri tənzimləsə də, Ermənistanın həddindən artıq reaksiyalarına səbəb olur və həssas ritorikaya səbəb olur. Ancaq xatırlayaq ki, Ermənistanın özünü İranın müttəfiqi kimi göstərməsi də heç kimə sirr deyil.

    Tarixdə müxtəlif səbəblərdən erməni icmalarına dəstək verən İrana qarşı İsrail və Azərbaycan dostluq əlaqələrinin ortaya çıxması da Ermənistanı və İranı təşvişə salır. Elə, İranın rəsmi xəbər agentliklərinin Qüds və Qəzzadakı son hadisələrdən sonra “İsrail ilə Azərbaycan arasında su sızmır” başlıqlı xəbərləri də bu çərçivədə dəyərləndirilməlidir.

    Ermənistanı narahat edən vacib amillərdən biri də yəhudi lobbisinin rəğbətinin Azərbaycan tərəfə olması ilə bağlıdır. Bu isə təbii ki, Ermənistan üçün arzuolunan hal deyil.

    Azərbaycan rəhbərliyi də, İsrailə Azərbaycandan gedən yəhudiləri təsadüfən Azərbaycan diaspor nümayəndələri adlandırmır.

    Kaliforniyadakı “Jewish Journal” jurnalında Qarabağ mövzusu və multikulturalizm mövzusunda məqalələr yazan Bakı Dağ Yəhudi Dini Cəmiyyətinin rəhbəri Yevdayev, “Bizi Azərbaycandan ayırmaq mümkün deyil. Çünki dünyanın harasında olsaq da biz azərbaycanlıyıq. Biz yəhudilər Azərbaycanda əsrlər boyu yaşadıq və yaşayırıq hətda övladlarımız və nəvələrimiz də yaşayacaq.
    Hətda o, II Qarabağ müharibəsi ərəfəsində dəqiq tarixlə - 18 sentyabr 2020-ci ildə verdiyi müsahibədə - “Azərbaycan-İsrail dostluq münasibətlərinin qarşısını heç bir qüvvə ala bilməz," - demişdi..

    Azərbaycan-İsrail iqtisadi əlaqələri günü-gündən daha da genişlənir.
    İsrail rəsmiləri ölkələrində Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndirir, tərəfdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və birgə layihələrin icrasına, ticarət, tikinti, kiber təhlükəsizlik, turizm kimi sahələrin inkişafına töhfə verəcəyi şübhəsizdir.

    İranın qısqanclıq mövzusuna təkrar qayıdsaq, İranın son bir ilə yaxındır açıq şəkildə özünü göstərən Azərbaycan qorxusunu yalnız İsraillə bağlamaq doğru sayılmaz. İran sadəcə kütləni nəzərə alaraq İsrail amilini əlində bayraq kimi saxlayır. Əslində isə İranı narahat edən amillər daha ciddidir. İran regionda Azərbaycan dövləti kimi geostrateji gücün mövcudluğu ilə hələ də barışa bilmir.

    Müxtəlif səbəblərdən qonşu ölkələrdən reaksiyalar olsa da, Bakı və Tel-Əviv bu gün, münasibətlərin inkişafından məmnundur və yaxınlaşmalarını davam etdirmək əzmindədirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR