AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Heydər Əliyev mərkəzində “Şəhidlik Manifesti” adlı kitabın təqdimatı keçirilib - Fotolar

  • + A
  • - A
  • 28-10-2021, 20:35


    Yazıçı - Jurnalist Nurəddin Ədiloğlunun hazırladığı Vətən müharibəsində şəhid olmuş masallılıların döyüş yolundan bəhs edən “Şəhidlik Manifesti” adlı xatirə kitabının təqdimat mərasimi təşkil edilib.
    Masallı rayonu Heydər Əliyev mərkəzində “Şəhidlik Manifesti” adlı kitabın təqdimatı keçirilib - Fotolar
    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 27 Oktyabr 2021-ci il tarixində Masallı rayonu Heydər Əliyev Mərkəzində keçirilən təqdimatda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları - Məşhur Məmmədov və Professor Anar İsgəndərov, təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri və rayon ictimaiyyəti, Azadmedia.az xəbər portalı və digər media nümayəndələri iştirak ediblər.

    Belə ki, tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə güllər qoyulub.



    Tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.



    Tədbirdə ilk olaraq çıxış edən İcra başçısı Ş. Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində bizim dərdimizə şərik olan dost və düşmən ölkələri qeyd edərək Şəhidlər bizə Ana torpağımızı, əyilən vüqarımızı, qürurumuzu qaytarmışdır deyib. Masallıda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən, eləcə də, Zəfər tariximizin simvolu olan “Dəmir Yumruq” abidəsindən danışan rayon rəhbəri Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.

    Rayon rəhbəri “Şəhidlik manifesti”nin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək belə kitabların şəhidlərimizin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətindən bəhs edib, bu cür qəhrəmanlıq salnamələrinin tədris ocaqlarında təbliğinin vacibliyini diqqətə çatdırıb.

    Millət vəkili M. Məmmədov vurğulayıb ki, Prezidentlik fəaliyyəti dövründə Azərbaycan Prezidenti İlham Əliyev hər görüşdə sözünü qətiyyətlə deyir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır", - deyən dövlət başçımızın dediyi kimi, biz Qələbə qazanmışıq, biz qalib xalqıq. Bununla yanaşı, 44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bir daha vurğulayıb.

    O eyni zamanda qeyd edib ki, kitaba tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş Masallı rayonunun mərd oğulları – 61 şəhid əsgər və zabiti haqqında bədii-publisistik məqalə və esselər, o cümlədən ümumilikdə Qarabağ uğrunda savaşda həlak olan 246 döyüşçü haqqında xronoloji məlumat daxil edilib. Bildirilib ki, “Şəhidlik manifesti” kitabı bütün tədris mərkəzlərinə və lazımi yerlərə paylanmalı və bu kitab yeni nəslin stolüstü kitabına çevrilməlidir. Kitabın önəmini vurğulayan Millət vəkili eyni zamanda, müəllifə kitabın dram əsərinə çevrilməsi istiqamətində təkliflərini irəli sürüb.

    Millət vəkili Anar İsgəndərov, Regional hüquqi və iqtisadi maarifləndirmə İB-nin sədri Arzu Bağırova, iki şəhid anası Ziba Əsgərova bildiriblər ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinə həsr olunan abidə və bulaqların açılması, şəhid məzarlarının müqəddəs ziyarətgaha çevrilməsi, onların şərəfli həyat və döyüş yolunun yaddaşa köçürülməsi hər birimizin vətəndaşlıq borcudur.

    Ərazi bütövlüyümüz uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək naminə yazılan “Şəhidlik manifesti” kitabı yeni nəslə parlaq bir töhfədir.

    İki Şəhid anası Ziba xanım həmçinin onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə, Millət vəkili Məşhur Məmmədova öz dərin minnətdarlığını bildirib.

    Kitabın müəllifi, yazıçı-jurnalist Nurəddin Ədiloğlu yazı prosesi zamanı, şəhid ailələri ilə görüşdə yaşadığı həyacanlı anlardan, şəhidlərimizin taleyindəki maraqlı nüanslardan danışaraq kitabı şəhidlərin ruhu qarşısında özünün hesabatı kimi xarakterizə edib.

    Kitabın ərsəyə gəlməsində müəllifə, Milli Məclisin deputatı Məşhur Məmmədova, Masallı Təhsil Fondunun əməkdaşlarına, RİHM İB-nin sədri Arzu Bağırovaya, zəhməti olan hər kəsə minnətdarlıq ifadə edilib.

    Sonda şəhid ailələrinə və təqdimat mərasimi iştirakçılarına kitabın nüsxələri hədiyyə edilib, müəllif N.Ədiloğuna və RİHM İB-nin sədri A.Bağırovaya Masallı rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları təqdim olunub.

    Qeyd edək ki, kitabın Məsləhətçisi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədov, Rəyçi tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, Redaktor Nüşabə Səməndər, Texniki redaktor Cəsarət Qasımov, Korrektor Gülmirə Ramazanqızı, Dizayner İbrahim Qasımovdur. Kitab “CBS Polygraphic Production” mətbəəsində çap olunub.

    Bu gün Masallıda və eləcə də, ölkəmizin hər bir bölgəsində Vətən oğullarımız adına ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün görülən işlər və bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar və əbədi yaşayacaqlar.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR