Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun sadəcə ölkəmizin deyil, dünya hərb tarixində özünəməxsus yer tutduğu məlumdur. Yalnız keçmiş SSRİ ölkələri deyil, həm də Bolqarıstan, Macarıstan, Çexoslavakiya kimi dövlətlərin Sərhəd Qoşularının komandanlığı tərəfindən təltif edilən Mustafa Nəsirov, hələ sağlığında ikən canlı əfsanə hesab olunur, onun hər bir addımı böyük maraq və təqdirlə qarşılanırdı.
Bəs Mustafa Nəsirova bu şöhrəti qazandıran, onu onlarla dövlətin sərhəd qoşunlarının idealına çevirən nə idi? Niyə bu gün - anadan olmasından 100 il sonra da Mustafa Nəsirovu adı gəlmiş-keçmiş ən nümunəvi sərhədçi kimi çəkilməkdə, sonsuz ehtiramla anılmaqdadır? Bütün bu suallara aydınlıq gətirmək üçün Mustafa Nəsirovla bağlı bəzi məqamlara nəzər salmaq kifayətdir.
Müəllim masasından soyuq səngərlərə uzanan həyat yolu...
Nə qədər qəribə də olsa, Mustafa Nəsirovun hərb peşəsinə yolu müəllim masasından başlayıb. Belə ki, 1921-ci ilin 25 oktyabr tarixində Dərbənd şəhərində anadan olan Mustafa Nəsirov 1938-ci ildə Dərbənd pedaqoji məktəbini, iki il sonra – 1940-cı ildə isə Dağıstan Dövlət Müəllimlik İnstitutunu bitirir. 1940-cı ildə Sabnova kəndində müəllim və təhsil hissəsinin müdiri vəzifəsində çalışan Mustafa Nəsirov 1942-ci ilin yanvarında çağırışçı kimi ordu sırasına qəbul edilir. Mustafa Nəsirovun orduya gəlişi faşist işğalının geniş vüsət aldığı dövrə təsadüf edirdi. Faşist ordusunun sürətli hücum əməliyyatları qarşısında çaş-baş qalan, böyük ərazilər itirən sovet komandanlığı bu hücumu nəyin bahasına olursa-olsun dayandırmağa, buna qarşı müqavimət formalaşdırmağa çalışırdı. Odur ki, Moskva ətrafında davam edən müdafiə döyüşləri SSRİ üçün ölüm-dirim xarakteri daşıyır, müharibənin taleyi baxımından ikiqat əhəmiyyət kəsb edirdi. Məhz belə bir dönəmdə döyüşlərə atılan Mustafa Nəsirov, Moskva ətrafında döyüşən 194-cü atıcı alayının tərkibində özünü cəsur və bacarıqlı döyüşçü kimi göstərir.
Mustafa Nəsirovun hərbi əməliyaytlarda göstərdiyi səriştə qısa zamanda komandanlığın da diqqətini cəlb edir. Əsgər Mustafa Nəsirovun simasında zabit Mustafa Nəsirovu görən komandalıq, onu hərbi təhsil alması üçün 1942-ci ilin avqustunda Saratov sərhəd qoşunlarının hərbi məktəbinə göndərir. Bundan sonra Nəsirovun ömür yolunda yeni bir səhifə açılır. Mustafa Nəsirov 1943-cü ilin aprelində leytenant kimi DİXK-nin sərhəd qoşunlarının Qırğızıstan dairəsində komandir kimi xidmətə başlayır. 1947-ci ilin fevral ayında Frunze şəhərində DİN qoşunları üzrə qarnizon komandiri olur.
Generalları heyrətləndirən leytenant, “yeriyən məktəb”...
Mustafa Nəsirovun hərbçi kimi ən böyük özəlliklərindən biri onun ilk növbədə özünə qarşı son dərəcə tələbkar olması idi. Sərhədçi peşəsinin vurğunu olan, öz peşəsini bütün qəlbi ilə sevən Mustafa Nəsirov ən xırda tapşırıqları, xidməti əmrləri belə nümunəvi şəkildə, ən xırda təfərrüatına vararaq ideal şəkildə yerinə yetirir, geriyə heç bir boşluq, qeyri-müəyyənlik buraxmırdı.
Mustafa Nəsirovun sərhədçi kimi fəaliyyətində diqqət çəkən mühüm amillərdən biri də onun hər bir tapşırığa yaradıcı müstəvidən yanaşması idi. Qarşıya qoyulan tapşırığı formal deyil, onun həqiqi mahiyyətinə vararaq, bu mahiyyəti əsas tutaraq yerinə yetirən Mustafa Nəsirov, bu zaman yeni, daha yaradıcı, optimal üsullardan istifadə edirdi. O, bununla həm özündən vəzifəcə böyük zabitlərə, həm də öz tabeliyindəki hərbçilərə göstərirdi ki, əsl hərbçi istənilən tapşırığın icrasına şüurlu yanaşmalı, novatorluq ruhunda çıxış etməli, bu tapşırığı ən mükəmməl şəkildə yerinə yetirməlidir.
Çox keçmir ki, Çustafa Nəsirovun xarakterindəki bu və digər xüsusiyyətlər digər zabit və əsgərlərin diqqətini cəlb etməyə başladı. Artıq bəlli bir müddətdən sorna Mustafa Nəsirovun hadisə və proseslərə yanaşma tərzi generalları belə heyrətləndirir, onlarda “adi leytenanta”, “gənc ideoloqa” qarşı qeyri-adi rəğbət yaradırdı. Artıq onun xidmət etdiyi hissələrdə Nəsirova “yeriyən məktəb” kimi yanaşır, ən çətin, mübahisəli və qarışıq məsələlərin həllində onun bilik və bacarığından istifadə edilirdi. Təsadüfi deyil ki, Mustafa Nəsirovun sərhədçi peşəsinə gətirdiyi bir çox yeniliklər keçmiş SSRİ-nin bütün dövlətlərində tətbqi edilmiş, Nəsirov məktəbinə məxsus bu yeniliklərdən bu gün də dünyanın bir çox dövlətlərində uğurla istifadə edilməkdədir.
Təbii ki, bunlar Mustafa Nəsirovun nüfuzunun bütün sovet sərhədçilər arasında artması ilə paralel müşahidə edilir, ona böyük şöhrət qazandırırdı. Hansı ki, Mustafa Nəsirov hələ sovet dönəmində öz nüfuz və əlaqələrindən azərbaycanlı hərbi kadrların hazırlanmasında, onların xidmət piramidasında yüksəlməsində, o cümlədən erməni təxribatlarından müdafiə olunmasında istifadə etmişdi.
Sovet ordusundakı erməni təxribatına qarşı təkbaşına mübarizə və xilas edilən onlarla azərbaycanlı həyat...
Mustafa Nəsirovun Azərbaycan xalqı qarşısındakı ən mühüm xidmətlərindən biri onun sovet ordusunda azərbaycanlı hərbi kadrları hədəf alan erməni təxribatlarının qarşısını almaq, bu təxribatın hədəfinə çevrilən azərbaycanlı hərbçiləri xilas etməsi ilə bağlıdır.
Əsasən ruslardan ibarət olan sovet hərbi-siyasi komandanlığının dəstəyi ilə orduda öz mövqeyini möhkəmləndirən, müxtəlif vəzifələr tutan erməni zabitləri hər fürsətdə azərbaycanlı hərbçilərə süni problemlər yaradır, bir çox hallarda onların xidməti fəaliyyətinə maneçilik törədirdi. Bu azmış kimi həmin hərbçiləri qanunu pozmaqda ittiham edən erməni zabitləri onların məsuliyyətə cəlb edilməsinə çalışır, bu yolla sovet ordusunda, sərhəd qarnizonlarında onların kariyera sahibi olmaq, yüksək postlar tutmaq potensialının qarşısını almağa cəhd edirdi. Sovet ordusunda xidmət etdiyi dönəmdə də milli maraqları rəhbər tutan, hər bir problemə ilk növbədə ədalət prizmasından yanaşan Mustafa Nəsirov, erməni təxribatının qurbanına çevrilən hərbçilərə yardım edir, onların erməni haqsızlığının qurbanı olduğuna hərbi komandanlığı və hərbi istintaqı inandırır, soydaşlarımızı labüd həbsdən xilas edirdi. Bir sözlə, Mustafa Nəsirov ermənilərin sovet çətiri altında Azərbaycan xalqına qarşı apardığı gizli düşmənçiliyi ifşa edən, hərbçilərimizi erməni məkrindən qoruyan himayədar idi və məhz onun xidmətləri sayəsində onlarla azərbaycanlı erməni torundan xilas ola bilmişdir.
Mustafa Nəsirov Heydər Əliyevin sevgi və ehtiramını necə qazanmışdı?
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanından Dövlət Təhlükəsizlik Komitəsinin sədri seçilməsi bir çox insan kimi Mustafa Nəsirovun həyatında da silinməz iz qoydu. 1968-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Mustafa Nəsirov Bakıda SSRİ DTK-nın Zaqafqaziya sərhəd dairəsinin hərbi-əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin olunur. Bu təyinat sovet sərhədçiləri arasında azərbaycanlı kadrların sayını artırmaq, onların rəhbər vəzifələrə təyinatı prosesini sürətləndirməyə imkan verir. Heydər Əliyevin tapşırıq və tövsiyyələri əsasında daha çox azərbaycanlını sərhədçi peşəsinə cəlb edən Mustafa Nəsirov, sərhədçi kadrların hazırlanması, onların sovet hərbi məktəblərində təhsil alması prosesində də yaxından iştirak edir. Heydər Əliyevin rəhbərliyi altında milli hərbi kadrların hazırlanması prosesinin tərkib hissəsi olaraq həyata keçirilən bu prosesin milli maraqlarımız baxımından nə qədər faydalı olduğu ötən əsrin 90-cı illərinin əvvəllərində - Azərbaycanın növbəti dəfə müstəqillik əldə etdiyi dönəmdə bir daha üzə çıxdı. Məhz 60-cı illərin sonundan etibarən formalaşan milli hərbi kadrlar müstəqil Azərbaycanın sərhədlərinin qprunması, bu sərhədlərin möhkəmlənməsi prosesinə böyük töhfə verir.
Bəs Mustafa Nəsirovu Heydər Əliyevə bunca sevdirən nə idi? Bunun səbəbi ilk növbədə Mustafa Nəsirovun də Heydər Əliyev kimi milli maraqların keşiyində dayanması, Azərbayacn xalqının mənafeyini hər şeyin fövqündə tutması idi. Mustafa Nəsirovun peşəkar hərbçi kimi malik olduğu bilik və bacarıq, bütün sovet məkanında qazandığı nüfuz, kadrların hazırlanması və seçilməsi kimi həssas məsələdəki təcrübəsi və s. kimi amillər də onu Heydər Əliyevin sərhədçi generala olan rəğbətinin əsasını təşkil edirdi.
Müstəqil Azərbaycanın sərhədlərinin keşiyində: Mustafa Nəsirovun böyürtkən kollarından yaratdığı “möcüzə”
90-cı illərin əvvəllərində Azərbaycanın yenidən müstəqillik əldə etməsi xalqımızın həyatında yeni bir dönəmin başlanğıcını qoydu. Uzun sürən fasilədən sonra müstəqilliyin əldə edilməsi nə qədər böyük tarixi nailiyyət olsa da, bu müstəqilliyin özü ilə gətirdiyi çətinliklər də az deyildi. Bu çətinliklərdən biri də müstəqil respublikanın sərhədlərinin mühafizə və müdafiə edilməsi ilə bağlı idi. Çünki 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması nəticəsində bölgəni tərk edən rus-sovet hərbçiləri sərhədlərin mühafizəsi üçün gərəkli olan bütün müşahidə və müdafiə qurğularını da özləri ilə aparmış, aparılması mümükn olmayan zəruri avadanlıqları yararsız vəziyyətə salmışdılar. Məhz belə bir ağır dönəmdə - 1993-cü ilin avqustunda Mustafa Nəsirov Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin edildi.
Mustafa Nəsirov müstəqilliyin ilk illərindən etibarən sərhədlərin möhkəmləndirilməsinə, onun etibarlı mühafizəsinə böyük diqqət yetirməyə başladı. Yenicə müstəqillik əldə edən, maliyyə-iqtisadi baxımdan ağır günlərini yaşayan, digər tərəfdən, erməni işğalına qarşı mübarizə aparan Azərbaycanda sərhədlərin mühafizəsinin təmini üçün maliyyə vəsaiti məhdud idi. Bu zaman öz novatorluq bacrığından və xidməti təcrübəsindən çıxış edən Mustafa Nəsirov maraqlı yeniliyə imza atır. Belə ki, bir sıra istiqamətlərdə sərhəd boyu böyürtkən kollarından ibarət təbii maneə və sədlərin yaradılmasına göstəriş verir. Bu metoddan dərmir-beton maneələrin yaradılmasının çətin və ya mümkünsüz olduğu dağ və yüksək dağlıq ərazilərdə xüsusilə geniş istifadə edilir. Şəxsi əlaqələrindən və vəzifə səlahiyyətlərindən istifadə edən Mustafa Nəsirov bəzi tikinti şirkətlərini bu prosesə cəlb edərək dövlət sərhədləri boyu bir neçə istqiamətdə beton mühafizə zolaqlarının yaradılmasına nail olur. Zamanla müasir müşahidə qurğularının alınması, sərhədçilərin etibarlı rabitə vasitələri ilə təmin edilməsi, silah-sursat təchizatının yüksəldilməsi də general Mustafa Nəsirov tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.
Çobanı medalla təltif edən general...
Mustafa Nəsirovun təcrübəli general kimi mühüm xüsusiyyətlərindən biri də onun sərhədçilərlə mülki sakinlər arasında əsl dostluq, qarşılıqlı inam və etimad formalaşdırmaq bacarığı idi. Sərhəd pozucularına qarşı uğurlu mübarizə yolunun sərhədçilərlə mülki vətəndaşlar arasında sıx əməkdaşlıqdan keçdiyini yaxşı anlayan Mustafa Nəsirov, yerlərdəki komandirlərə bu amili hər zaman diqqətdə saxlamağı tövsiyyə edirdi.
Mustafa Nəsirov Azərbaycanın sərhəd rayonlarını bir-bir gəzərək bu rayonlarda sərhədçilərlə sakinlər arasında münasibəti müşahidə edir, habelə mülki insanların ayıq-sayıqlığını yoxlayırdı. Şahidlərin sözlərinə görə, bir gün mülki paltarda sərhəd rayonlarının birini gəzən Mustafa Nəsirov çobanlardan birini sorğu-suala tutaraq ondan digər ölkəyə gedən yol haqqında məlumat almağa çalışır. Özü haqqında sərhəd pozucusu təəssüratını yaratmağa çalışan Mustafa Nəsirovdan şübhələnən çoban nəvəsini sərhədçilərin yanına göndərərək “bir nəfər şübhəli adamı” söhbətə tutduğunu bildirir və onlardan tez köməyə gəlmələrini xahiş edir. Yalnız sərhədçilərin işə müdaxiləsindən sonra həmin “şübhəli adam”ın general Mustafa Nəsirov olduğu məlum olur. Çobanın məlum davranışından məmnunluq duyan Mustafa Nəsirov onu medalla təltif edir və rayona hər gəlişində həmin çobana baş çəkir. Mustafa Nəsirov bu əməli ilə də kimliyindən, peşə və vəzifəsindən aıslı olmayaraq hər kəsin sərhədlərin qorunmasıdna iştirakının vacib olduğunu bildirir, bu məsələdə hər kəsin həssas və duyarlı olmasının mesajını verir.
Sadəlik və alicənablıq nümunəsi...
Mustafa Nəsirovu sərhədçilərə sevdirən xüsusiyyətlərdən biri də onun hədsiz sadəliyi və alicənablığı idi. Vaxtiylə Mustafa Nəsirovla birlikdə xidmət edən sərhədçilər qeyd edir ki, o, hər zaman rütbə və vəzifəcə özündən aşağı olan zabitlərlə hörmətlə davranır, onlara insani münasibət bəsləyirdi. Tabeliyindəki hərbçilərlə kobud davranmaq, hərbçi peşəsinə xas sərt tabeçilik sistemindən sui-istifadə edərək onları nəyəsə vadar etmək Mustafa Nəsirovun təbiətinə yad idi. Mustafa Nəsirovun tabeliyindəki hərbçiyə yanaşma üsuli qeyri-iradi qarşıdakı insanda sərhədçi generala rəğbət və etimad yaradırdı. O, hər bir davranışında tabeliyindəki sərhədçilərə ilk növbədə insan olduğunu hiss etdirir, onlara doğma atalıq qayğısı ilə yanaşırdı.
Mustafa Nəsirovun hədsiz sadəliyi onun yaşam tərzində də öz əksini tapırdı. Daşıdığı yüksək vəzifəyə və general rütbəsinə baxmayaraq işə piyada gəlib-gedən Mustafa Nəsirov, ciddi ehtiyac olmadığı təqdirdə xidməti avtomobildən belə istifadə etmir, sağlam yaşamın əsas şərtlərindən birinin piyada gəzmək, idmanla məşğul olmaq olduğunu bildirirdi.
Mustafa Nəsirov istər vətəndaş, istər general kimi hər kəs üçün əlçatan idi. Hansısa çətinlik və problemlə üzləşən hər kəs asanlıqla Mustafa Nəsirovla əlaqə saxlaya, ondan dəstək ala bilirdi.
Mustafa Nəsirov bir sərhədçi kimi nə qədər nümunəvi idisə, bir insan kimi bir o qədər sadə və xeyirxah idi. Əslində onu hər kəsə sevdirən həm də bu iki keyfiyyəti heyrətamiz şəkildə özündə birəşdirməsi idi.
Bu gün Mustafa Nəsirov fiziki olaraq aramızda yoxdur. Amma onun qoyub getdiyi “Nəsirov məktəbi” əsrlər sonra da yaşayacaq, xalqımız və sərhədçilərimiz üçün əbədi işıq və aydınlıq mənbəyi olaraq qalacaqdır.