Şəhid əsgər Məhəmməd Əliyevin anım mərasimi
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayonunun Böyük Xocavar kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Məhəmməd İlham oğlu Əliyevin il mərasimi təşkil olunub.
Mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və s. iştirak etmişlər.
Rayon rəsmiləri əvvəlcə Böyük Xocavar kəndinin mərkəzində şəhidlərin şərəfinə ucaldılmış abidə-bulaq kompleksini ziyarət ediblər.
İcra başçısı cənab Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Məhəmməd Əliyev və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, Məhəmməd kimi oğullar bizə şərəfimizi, əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Həqiqətin bir üzü var. Şəhidlər nümunəvi, yaxşı vətəndaş oldular Azərbaycanımıza. Təsəllimiz budur ki, Məhəmməd Əliyev, təkcə İlhamın yox, hamının övladıdır. Onun kədəri bu kəndin, bu obanın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah Məhəmməd balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…
RİH başçısı həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışıb.
Məlumat üçün bildirək ki, Məhəmməd İlham oğlu Əliyev 9 yanvar 1999-cu ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur.
2004-cü ildə Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin hazırlıq sinfinə, 2005-ci ildə həmin məktəbin birinci sinfinə daxil olmuşdur.
2016-cı ildə Böyük Xocavar kənd məktəbini bitirmişdir.
2017-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanmışdır.
Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Vilayətinin Şahbuz rayonunda, “N” saylı hərbi hissədə davam etdirmişdir. Burada Vətənə, torpağa halal sevgisi, mərdliyi, dosta sədaqəti ona əsgərlərin, komandirlərin sevgisini qazandırır. Daimi nümunəvi xidməti ilə fərqlənir. Bir sözlə, can dediyi Vətən qarşısında borcunu şərəflə verir…
2018-ci ilin iyul ayında ordu sıralarından tərxis olunmuşdur.
Bir müddət Məhəmməd Əliyev çalışdığı sahədə el-obanın tərəqqisinə mühüm töhfələr verir. Yaxşılıq edə-edə özü də yaxşılıq gözündə ucalır. Nə qədər günləri məhəbbətli olsa da, Qarabağ dərdi onu rahat buraxmır. “Ölərəm, əldən əgər getsə Vətən” misrası dilinin əzbəri olur. Nifrət hissi ilə özünü əclaf dığalardan qisas gününə hazırlayır.
Azərbaycan Ordusunun əsgəri Məhəmməd İlham oğlu Əliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidin nəşi 11 noyabr 2020-ci il tarixdə doğulduğu Böyük Xocavar kənd qəbiristanlığında izdihamla torpağa tapşırılmışdır.
Subay idi.
27 sentyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyev dığalara qarşı əks-hücum əmri verəndə, sanki Məhəmmədin üstündən böyük bir dağ götürülür. Əlində silah, ürəyində qələbəyə ümid igid Vətən oğulllarının sırasında düşmənin üzərinə yeriyir. Ağır müharibə meydanlarında sinəsini yanar od edib ermənilərin bağrını çatladır. Vətən oğullarının hünərini görəndə isə qələbəyə heç şübhəsi qalmır. Bütün bunlara görə hər döyüşə Qarabağın azadlığı eşqi ilə atılır. Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşur. Zəfərimizin bir adlığında Məhəmməd Vətən müharibəsinin qalib şəhiditək adını tarixə yazır. 21 yaşında nəsibi dünya var olduqca möhtəşəm şəhidlik zirvəsindən boylanmaq səadəti olur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Məhəmməd İlham oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şəhid Məhəmməd Əliyevin ailəsi, şəxsən atası İlham hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı hüzr mərasimindən xəbər verir ki, il mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, ölkə başçımız, Ali Baş Komandan möhtərəm İlham Əliyevə və onun ailəsinə, bütün şəhidlərimizin ruhuna, qazilərimizə, ölkəmizə, millətimizə, bütün Masallılara dualar edilib.
Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid Məhəmməd Əliyevin məzarını ziyarət ediblər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə qərənfillər düzülüb.
Çıxışlarda şəhid barədə xatirələr söylənilib, onun vətənsevər, cəsarətli bir insan olduğunu vurğulayıblar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ülkər Piriyeva