Masallı rayonu Hüseynhacılı kənd Şəhidi Elçin Qismət oğlu Novruzovun anım mərasimi keçirilib
Şəhid əsgər Elçin Novruzovun anım mərasimi təşkil olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 16 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Hüseynhacılı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Elçin Qismət oğlu Novruzovun anım mərasimi keçirilib.
Belə ki, İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.
İcra başçısı Ş.Məmmədov “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Elçin və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, heç kim şəhidlərin ruhunu incidə bilməz. Ona görə ki, Elçinlər bizə əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Təsəllimiz budur ki, Elçin , təkcə Qismətin yox, hamının övladıdır. Onun kədəri hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq… Allah Elçin balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm.”
Cənab Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışaraq belə deyib: “30 ilə yaxın iztiraba son qoyulmuşdur. Torpaqlarımız erməni tapdağı altından azad edilmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Dahi Heydər Əliyev Məktəbini keçmiş bir şəxsdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik...” Şübhəsiz ki, bu fikirlərin təsdiqini bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında gördük. Ermənilərin quraşdırdığı səngərlər darmadağın edildi. Düzdür, bu işdə bizə kömək olan qardaş Türkiyə, Pakistan və başqa dövlətlər də var.
Masallıda böyük-kiçiklik var. Şəhidlərin adına xələl gətirilmədi. Bu yaxşı haldır. İnsanlarda dövlətə, dövlətçiliyə bağlılıq daha çoxdur. Həqiqətin bir üzü var. Şəhidlər bizim itən qürurumuzu qaytardılar. Mən bu torpağın hər qarışını sevən adamam. İndi daha çox sevirəm. Ona görə ki, bu torpaqlara şəhidlərin qanı səpilib.. Bütün məktəblərdə şagirdlərlə Vətən döyüşçülərinin, qazilərin görüşləri keçirilməlidir. Qoy onlar döyüşçü yoldaşları haqqında danışsınlar. Nə qədər qonaq gəlir onları yeni salınan şəhidlər Parkına ziyarətə aparıram. Qəhrəmanlar haqqqında kitablar yazılır və yazılacaq.
Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Allah rəhmət eləsin. Qazilərə Allahdan şəfa diləyirəm.”
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin əməkdaşı məlumat üçün bildirib ki, Elçin Qismət oğlu Novruzov 9 avqust 1989-cu ildə Rusiya Federasiyasının Voronej şəhərində anadan olmuşdur.
1996-cı ildə Hüseynhacılı kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olmuşdur.
2005-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir.
2005-ci ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin onuncu sinfinə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir.
Orta təhsilini başa vurduqdan sonra, çağırışçı kimi 2007-ci ilin oktyabr ayında Bakının Qaradağ rayonunun Şıxov qəsəbəsində, “N” saylı Hava Hücumundan Müdafiə hissəsinə hərbi xidmətə yollanmış və həmin hərbi hissədən tərxis olunmuşdur.
Azərbaycan Ordusunun könüllü əsgəri Elçin Qismət oğlu Novruzov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidinin nəşi 16 noyabr 2020-ci il tarixdə Hüseynhacılı kənd qəbiristanında izdihamla torpağa tapşırılmışdır.
Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 18 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən Vətən müharibəsinin şəhid əsgəri Elçin Qismət oğlu Novruzov ölümündən sonra “Vətən uğrunda» və «Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ülkər Piriyeva