Şəhid gizir Aqil Qismət oğlu Məlikovun anım mərasimi təşkil olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 16 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Böyük Xocavar kəndində, 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olan giziri Aqil Qismət oğlu Məlikovun anım mərasimi keçirilib.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov və RİHB aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin əməkdaşı Böyük Xocavar kəndində keçirilən hüzr mərasimindən xəbər verir ki, Aqil Məlikov 1990-cı ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur.
1977-ci ildə Təzə Alvadı kənd orta məktəbini bitirmişdir.
2008-ci ildə Masallı Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır.
2010-cu ildə həqiqi hərbi xidmətini Naxçıvanda, «N» saylı hərbi hissədə başa vurmuşdur.
Gizirlik məktəbini bitirdikdən sonra 2011-ci il martın 12-dən Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
Şəhid gizir Aqil Məlikov 2016-cı ildə, noyabrın 15-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur.
Noyabrın 16-sı isə Aqil Məlikov doğulduğu Masallı rayonunun Böyük Xocavar kənd qəbiristanında izdihamla torpağa tapşırılmışdır.
Şəhid gizir Aqil Məlikov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilmişdir.
Hörmətli və istedadlı jurnalist, uzun illər Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin Baş redaktor müavini işləmiş şair-publisist, "Qızıl qələm" media mükafatçısı Rəsul Rzayev “Oğul arxalı vətən” adlı kitab (redaktoru “Tərəqqi” medallı Vidadi Nəzərov) yazmış və əsəri Masallı Rayon Mədəniyyət evində tamaşaya qoyulub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ülkər Piriyeva