Dövlət Xidmətinin rəisi UNESCO-nun iclaslarında iştirak edib
Azadmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdədir. Səfərin məqsədi 29 noyabr - 3 dekabr tarixlərində baş tutan UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına tərəf dövlətlərin 14-cü iclasında, Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclasında, eyni zamanda Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında iştirak etməkdir.
Tədbirlər çərçivəsində “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının implementasiya ilə bağlı məsələlər, əməkdaşlıq istiqamətləri, Konvensiyasının icrası barədə milli hesabatların təqdim edilməsi, həmçinin İkinci Protokolun implementasiyası, yeni dövlətlərin ratifikasiyası və qoşulması, İkinci Protokolun icrası üzrə hesabatların təqdim edilməsi və eləcə də Büro üzvlərinin müəyyən edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
29 noyabr tarixində keçirilən Konvensiyaya tərəf dövlətlərin 14-cü iclası zamanı Konvensiyanın icrası ilə bağlı hesabatın müzakirəsi zamanı Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxış edib. Konvensiyanın vacibliyindən danışaraq, işğaldan azad olunmuş ərazilərimizdəki abidələrin vəziyyəti ilə bağlı məlumat verib, bu istiqamətdə UNESCO Texniki Missiyasının önəmini qeyd edib.
İclas zamanı Ermənistan tərəfinin təxribat xarakterli çıxışlarına müvafiq olaraq, adekvat cavablar verilib və Ermənistan nümayəndə heyətinin iclası siyasiləşdirməsinin yolverilməzliyi diqqətə çatdırılıb.
Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin həmçinin ikinci Protokola tərəf dövlətlərin 9-cu iclası, eləcə də ikinci Protokolun Komitə iclasında iştirakı nəzərdə tutulur.