Şəhid gizir Raqib Əzizovun anım mərasimi təşkil olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 09 dekabr 2021-ci il tarixdə Masallı rayonunun Yolağac kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Raqib Əzizovun anım mərasimi təşkil edilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
İcra başçısı cənab Şahin Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. «Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Raqiblər bizə Zəfər Bayramını yaşatdılar. Masallıda bütün şəhid ailələri bir məğrurluq nümayiş etdirdilər. Mən şəhid ailələrinə təşəkkür edirəm. Onlar özlərini əsl vətənpərvər kimi aparırlar. Mən qazilərimizə təşəkkür edirəm. Allah möhtərəm Prezidentimizi, ailəsini, millətimizi, Masallımızı, masallıları qorusun.
Əgər erməniyə dəstək verən dövlətlər olmasaydı torpaqlarımız 30 il düşmən tapdağı altında qalmazdı. Biz mehriban qonşuluq, mehribançılıq tərəfdarıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Raqib balamızı, bütün şəhidləri rəhmət eləsin»,— deyə Masallı RİH başçısı Şahin Məmmədov nitqində bir daha qeyd edib.
Masallının icra başçısı ən vacib məsələni diqqətə çatdıraraq bildirmişdir ki, özümüzü pandemiyadan qorumalıyıq. Əgər kimin 3-cü doza vurdurmaq vaxtı çatıbsa, xahiş edirəm qaydalara əməl etsin. Peyvənd olmaq ölüm ehtimalını 90 faiz azaldır.
Raqib Vidadi oğlu Əzizov 29 avqust 1991-ci ildə Masallı rayonunun Yolağac kəndində dünyaya göz açmışdır.
1997-2008-ci illərdə Yolağac kənd tam orta məktəbində təhsil almışdır.
2009-cu ilin oktyabr ayının 4-də həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirmişdir.
2011-ci ilin aprelin 4-nə kimi Hərbi Dəniz Qüvvələrinin «N» saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur.
2012-ci ilin noyabrın 21-dən 2013-cü il aprel ayının 26-na kimi Silahlı Qüvvələrin Təlim-Tədris məktəbində təhsil almışdır.
2013-cü il aprel ayının 29-da Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini müxtəlif «N» saylı hərbi hissələrdə davam etdirib, bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində çalışmışdır.
Azərbaycan Ordusunun giziri Raqib Əzizov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli rayonu uğrunda döyüşlərdə düşmənə qarşı vuruşmuşdur.
Gizir Raqib Əzizov Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhid gizir Raqib Vidadi oğlu Əzizov 9 dekabr 2020-ci il tarixdə doğulduğu Yolağac kənd qəbiristanında izdihamla torpağa tapşırılmışdır.
Ailəli idi. İki övladı yadigar qaldı...
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı hüzr mərasimi keçirilən Yolağac kəndindən xəbər verir ki, həmin kənddən olan Vətən müharibəsinin şəhid giziri Raqib Əzizov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", «Cəsur döyüşçü» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar ediblər.
Sonra mərasim iştirakçıları Yolağac kənd qəbiristanında şəhid gizir Raqib Əzizovun məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülüb.
Çıxışlarda şəhid barədə xatirələr danışılmış, şəhid gizir Raqibin heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ülkər Piriyeva