AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə islahatlarına və innovasiyalara dair “açıq qapı” günü keçirilib

  • + A
  • - A
  • 10-12-2021, 08:11


    Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə sistemi mütərəqqi islahatlar aparılmaqla təkmilləşir və müasirləşir, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə əhaliyə daha keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.
    Ədliyyə Nazirliyində vətəndaş cəmiyyəti institutları və KİV nümayəndələrinin iştirakı ilə “Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnunluğuna xidmət edən ədliyyə islahatları və innovasiyalar” mövzusunda media-tur təşkil olunmaqla “açıq qapı” günü keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə nazirlik tərəfindən aparılan müxtəlif reyestrlər və elektron informasiya sistemləri, onların funksiyaları, notariat, vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı sahəsində innovasiyalar, elektron və mobil xidmətlərlə bağlı yeniliklərlə tanış olublar.
    Sonra nazirliyin aidiyyəti rəhbər şəxslərinin iştirakı ilə media nümayəndələri üçün brifinq keçirilərək vətəndaşların daha çox müraciət etdiyi ədliyyə orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin səmərəliliyinin və keyfiyyətinin artırılması ilə bağlı görülən tədbirlər barədə məlumat verilib.

    Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək ölkə Prezidenti tərəfindən dövlət orqanlarının fəaliyyətində açıq hökumət prinsiplərinin, ictimai iştirakçılığın geniş tətbiqi ilə bağlı tapşırıqlarına uyğun olaraq nazirlik tərəfindən şəffaflığa, ictimaiyyətlə əlaqələrə, media və vətəndaş cəmiyyəti ilə vahid kommunikasiya siyasəti əsasında qarşılıqlı fəaliyyətə xüsusi önəm verildiyini, davamlı olaraq brifinq, mətbuat konfransı, ictimai müzakirə və təqdimatlar, media-turlar təşkil edilməklə dövlət başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi islahatlar və tətbiq olunan yeniliklər barədə ictimaiyyətin mütəmadi məlumatlandırıldığını bildirib, əhalinin hüquqi biliklərinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edən bu tədbirlərin əhəmiyyətini qeyd edib.
    Çıxış edən İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə ədliyyə xidmətlərinin rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən mobil tətbiqlər barədə məlumat verib.
    Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı iqtisadi islahatlar, sosial əhəmiyyətli layihələr, biznes mühitinin əlverişliyinin artırılmasına, habelə cəmiyyətin rəqəmsal transformasiyasına yönələn tədbirlər xidmət institutunun müasir çağırışlara uyğun təkmilləşdirilməsini şərtləndirir.
    Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ədliyyə sahəsində innovasiyaların tətbiqi geniş vüsət alıb. Hazırda nazirlik tərəfindən aparılan 10 dövlət əhəmiyyətli informasiya resursunun fəaliyyəti nəticəsində əhaliyə 35-dək elektron xidmət göstərilir, istifadəçilərin sayı son 5 ildə 15 milyon nəfəri ötüb.
    Həmçinin, elektron informasiya sistemlərinin inteqrasiyası hesabına məlumat mübadiləsinin aparılması xidmətlər göstərilərkən hər hansı sənədin təqdim olunması zərurətini aradan qaldırıb. Əhalinin birdəfəlik maddi yardım, ünvanlı sosial yardım, övladlığa götürmə, lisenziyaların, icazələrin alınması ilə bağlı aidiyyəti qurumlara müraciət imkanları sadələşdirilib.
    Eyni zamanda, böyük ictimai maraq doğuran elektron notariat xidmətlərinin genişləndirilməsi barədə məlumat verilərək ölkədə aparılan bütün notariat hərəkətlərinin “Elektron notariat” informasiya sistemi üzərindən rəsmiləşdirildiyi qeyd olunub. 2008-ci ildən istifadəyə verilmiş və məsafədən xidmət göstərilməsinə imkan verən bu sistem müxtəlif qurumlarda, o cümlədən əhalinin sosial həssas təbəqələrinin müdafiəsində vacib rol oynayan, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzlərində elektron notariat kabinələri vasitəsilə vətəndaşlara daha asan və əlçatan xidmət göstərməyə imkan verir.
    Qeyd olunub ki, notariusun vergi agenti qismində fəaliyyəti nəticəsində dövlət büdcəsinə hər il orta hesabla 40 milyon manat məbləğində vəsaitin köçürülməsi təmin edilir.
    Vurğulanıb ki, ölkə başçısının və respublikamızın Birinci vitse-prezidentinin şəhid ailələrinə xüsusi qayğılı və həssas münasibət göstərilməsi ilə bağlı çağırışına dəstək olaraq notariuslar şəhid ailə üzvlərinə öz hesablarına xidmət göstərirlər.
    Brifinqdə həmçinin, elektron xidmətlərin yeni inkişaf mərhələsi olan mobil tətbiqlər barədə məlumat verilib. Bildirilib ki, etibarnamələrin verilməsi, onların ləğv edilməsi, sənədlərin həqiqiliyinin yoxlanılması, yetkinlik yaşına çatmamış şəxslərin ölkədən getmək üçün valideynlərin razılıq ərizələrinin təsdiqi kimi xidmətlər göstərən və hazırda 200 minə yaxın istifadəçisi olan “Mobil notariat” xidmətlərinin dairəsi daim genişləndirilir.
    Son ayda mobil tətbiqə yetkinlik yaşına çatmamış şəxslərin ümumvətəndaş pasportu almasına dair valideynlərin, yaşayış yeri üzrə qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıqlarının rəsmiləşdirilməsi, açılmış vərəsəlik işlərinə dair məlumat əldə olunması, əks-əlaqə kimi yeni xidmətlər əlavə olunub. Həmçinin orada xidmətlərdən istifadə prosedurlarına dair videotəlimatlar yerləşdirilib.
    Tədbirdə insan həyatında ən əlamətdar hadisələrin – vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi sahəsində tətbiq olunan yeniliklərdən danışılıb.

    Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinin, əhalinin rifahının xeyli yüksəlməsinin demoqrafik inkişafa təsir etməklə, doğumun, nikahın və digər vətəndaşlıq vəziyyəti aktlarının operativ, müasir innovasiyalar tətbiq olunmaqla dövlət qeydiyyatının həyata keçirilməsini şərtləndirdiyini bildirib. Bununla əlaqədar 20 milyona qədər sənədin elektronlaşdırılması əsasında yaradılmış “Vətəndaşlıq vəziyyəti aktları” informasiya sisteminin fəaliyyəti nəticəsində əhali barədə məlumatların rəqəmsal idarəedilməsinin mümkün olduğunu vurğulayıb.
    Qeyd edib ki, elektron xidmətlərin göstərilməsi və qlobal pandemiya şəraitində dövlət dəstək proqramlarının operativliyinin təmin edilməsində məlumatların elektronlaşdırılması xüsusi rol oynayıb.
    Dövlət başçısının “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” Fərmanına əsasən yerli icra nümayəndəliklərinin nazirliyin informasiya sistemlərinə qoşulması, həmçinin bu qurumlarla birgə əhali arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində doğumun qeydiyyatında yüksək əhatəliyin, o cümlədən 9 minə yaxın uşağın doğum haqqında şəhadətnamə ilə təmin edilməsinə nail olunub.
    Bu sahədə tətbiq olunan daha bir yenilik doğum və vəfat etmə faktlarının müraciət gözlənilmədən elektron qaydada qeydə alınması prosedurudur. Səhiyyə Nazirliyinin informasiya sistemi ilə inteqrasiya sayəsində əldə olunan elektron tibbi sənədlər əsasında artıq doğum və ölüm haqqında elektron şəhadətnamələrin verilməsi xidmətinin istifadəsinə başlanılıb.
    Bundan əlavə, ailə münasibətlərinin qorunması istiqamətində Ədliyyə Nazirliyinin təşəbbüsü ilə nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət etmiş şəxslər üçün psixoloqların mediasiya xidmətləri təşkil edilir. Görülən tədbirlər nəticəsində söhbətlərə cəlb edilmiş həmin şəxslərin təxminən 40%-i boşanma fikrindən daşınıblar.
    Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, çoxpartiyalı siyasi sistemin möhkəmləndirilməsi istiqamətində aparılan genişmiqyaslı hərtərəfli islahatlardan söz açan Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəhbəri Aslan Hacıyev isə qeyri-kommersiya qurumlarının fəaliyyətinə dəstək sahəsində görülən işlər, tətbiq olunan elektron xidmətlər barədə məlumat verib.
    Bildirilib ki, son 5 ildə vətəndaş cəmiyyəti institutlarına dəstək məqsədi ilə 900 milyon manatdan çox vəsaitin ayrılmasına dair on min layihə qeydiyyata alınıb.
    Dövlət başçısının təşəbbüsü ilə qeyri-hökumət təşkilatlarının fəaliyyətini, habelə onların maliyyələşdirilməsi qaydasını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində təsis sənədlərində edilmiş, habelə reyestrdə qeydə alınmış faktlarla bağlı sonrakı dəyişikliklərin, eləcə də layihələrin maliyyələşdirilməsi üzrə müqavilə və ya qərarların qeydiyyata alınması üçün artıq Ədliyyə Nazirliyinə bilavasitə müraciət edilməsi zərurəti aradan qaldırılıb. Bunun üçün “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə sənədləri elektron qaydada təqdim etmək kifayətdir.
    Qeyd olunub ki, dövlət başçının rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır, çoxpartiyalı parlament formalaşıb, partiyalararası geniş dialoq aparılır. Bu prosesin davamı olaraq son dövrdə 8 yeni siyasiya partiyanın qeydiyyata alınması da siyasi plüralizmin və çoxpartiyalı sistemin inkişafının əyani təzahürü olub. Bununla qeydiyyata alınmış partiyaların ümumi sayı 58-ə çatıb.
    Nazirlik tərəfindən göstərilən xidmətlərdən biri də sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılmasıdır. Bu barədə danışan Dövlət reyestrləri idarəsinin rəhbəri Seymur İsmayılov ölkə başçısının təşəbbüsü ilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən yaradılmış məlumat reyestrinin sahibkarların hüquqlarının qorunmasında, o cümlədən əsassız yoxlamaların qarşısının alınmasında, bu sahədə şəfafflığın təmin edilməsində əhəmiyyətini vurğulayıb, yoxlamaların tam avtomatlaşdırılmış şəkildə sahibkar-məmur təması olmadan qeydiyyatının təşkil edildiyini diqqətə çatdırıb. Dövlət başçısının ölkəzmidə sahibkarlığın inkişafına yaradılmş əlverişli şəraitdən yararlanan və daim dövlət qayğısı ilə əhatə olunan sahibkarlar üçün, eləcə də yoxlayıcı orqanlar üçün reyestrin səmərəsi qeyd olunaraq ötən dövrdə yoxlamaların sayının 80%-dək azaldığı bildirilib.
    Sonda sual-cavab sessiyası keçirilərək brifinq iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR