Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasından 26 il ötür.
Azadmedia.az xəbər verir ki, bu müddət ərzində Milli Paralimpiya Komitəsi minlərlə əlilliyi olan şəxsləri öz ətrafında toplayaraq idman vasitəsilə və digər sosial layihələr həyata keçirərək onların cəmiyyətə inteqrasiyasına dəstək olmuşdur.
Ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra yaranan sosial-siyasi sabitlik dövründə Azərbaycan da beynəlxalq Paralimpiya hərəkatına qoşulub. 1996-cı il fevralın 9-da keçirilən təsis konfransında Azərbaycan Milli Paralimpiya Komitəsi yaradılıb, elə həmin il ölkəmiz ilk dəfə Atlantada X Yay Paralimpiya Oyunlarında iki idman növündə ümumilikdə iki idmançı ilə təmsil olunub.
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Azərbaycan idmanının, o cümlədən Paralimpiya hərəkatının inkişafında misli görülməmiş nailiyyətlərin əsası qoyuldu. Hər zaman dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunan paralimpiyaçılarımız ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edərək üçrəngli bayrağımızı zirvələrə ucaldıblar.
Azərbaycan Milli Paralimpiya Komitəsinin idmançıları 7 Yay Paralimpiya Oyunlarında iştirak edib, 23 qızıl, 19 gümüş və 15 bürünc olmaqla ümumilikdə 57 medal qazanıblar. Sonuncu Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan ilk onluğa daxil olaraq tarixi nəticəyə imza atmışdır.
Bizə dəstək olan dövlətimizə, tərəfdaşlarımıza, mətbuat nümayəndələri və dostlarımıza təşəkkür edirik! Əminik ki, paralimpiyaçılarımız bundan sonra da daima ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edib, xalqımızı möhtəşəm qələbələri ilə sevindirəcəklər!